Öz buğdamızın çörəyini yeyək

post-img

Yaxın illərdə bu göstərici 80 faizə çatacaq

Müstəqillik dövründə Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycana rəhəbərliyi ilə ərzaq təminatı milli təhlükəsizliyin tərkib hissəsi kimi daim diqqətdə saxlanılıb. Ötən illərdə ölkə əhalisinin zəruri həcmdə və keyfiyyətdə ərzaq məhsulları ilə təminatına xüsusi önəm verilib. 

Bu məsələ ilə bağlı çox sayda sənəd­lər imzalanıb və ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldil­məsi, respublikamızın regionda aparıcı kənd təsərrüfatı məhsulları istehsalçısı­na çevrilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Ölkəmizdə bu məsələnin aktu­allığı son illərdə daha da artıb. Şübhəsiz ki, bu, əsasən, dünyada nəzərə çarpan iqtisadi–siyasi təlatümlərlə, idxal-ixrac əməliyyatlarında yaranan problemlərlə bağlı olub. Azərbaycanda bu fakt nəzərə alınaraq ərzaq təhlükəsizliyi ilə əlaqədar üzləşilən çətinliklərin aradan qaldırılma­sı məqsədilə daxili potensialın hərəkətə gətirilməsinə xüsusi önəm verilib. Bunun üçün, ilk növbədə, ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün yerli istehsal resurs­larının və infrastruktur təminatının inkişa­fı məsələsi önə çəkilib. 

Vurğulanan sonuncu məqamla bağlı onu bildirim ki, ölkəmizin, necə deyərlər, torpaq, su və iqlim resursları baxımından bəxti gətirib. Bu amillər əsasında son illərdə müəyyən kənd təsərrüfatı məh­sullarının yerli istehsalı hesabına özü­nütəminetməsi gerçəkləşib. Başqa sözlə, torpağın münbitləşdirilməsi, su ehtiyatla­rının yaradılması və əlverişli iqlim şəra­itinin mövcudluğu–bütün bu yerli isteh­sal potensialının hərəkətə gətirilməsi ilə bərabər, ərzaq məhsulları ehtiyatlarının saxlanması üçün anbar infrastrukturu­nun və emal sənayesinin yaradılması istiqamətində də genişmiqyaslı layihələr reallaşdırılıb. 

Bununla bərabər, son illər əsas ər­zaq məhsullarının, o cümlədən ərzaqlıq buğdanın tədarükü və emalı ilə məşğul olan sahibkarlara güzəştli şərtlərlə kre­ditlər, faiz subsidiyaları və vergi-gömrük güzəştləri verilib. Məsələn, təkcə ötən il ərzində kənd təsərrüfatı məhsulları is­tehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin ma­liyyələşdirilməsi üçün 540 milyon manat vəsait sərf olunub. 

Burada ərzaqlıq buğdanın tədarükü və emalı ilə bağlı bir qədər ətraflı bəhs etmək istərdik. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanan müqaviləyə əsasən, müasir suvarma sistemlərinin tətbiq edil­diyi təsərrüfatlarda istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə, həmçinin un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilmə­si qərara alınıb. 

Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin sti­mullaşdırılması və onlara dövlət dəstə­yinin göstərilməsi ilə əlaqədar Dövlət Ehtiyatları Agentliyi Kənd Təsərrüfatı, İqtisadiyyat və Maliyyə nazirlikləri ilə ra­zılaşdırılan təklifi nəzərə alaraq “Ərzaq­lıq buğdanın dövlət tədarük qiymətinin müəyyənləşdirilməsi barədə” Sərəncam qəbul edib. Həmin sənəddə yerli ərzaq­lıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2023-ci il üçün 450 manat müəy­yənləşdirilib. 

Yeri gəlmişkən, Prezident İlham Əliyevin 2022-ci il 19 iyul tarixli “Ərzaq­lıq buğda ilə özünütəminetmə səviyyəsi­nin yüksəldilməsinə dair bir sıra tədbir­lər haqqında” Fərmanı da istehsalçılar tərəfindən ərzaqlıq buğda ilə özünütə­minetmə səviyyəsinin yüksəldilməsi is­tiqamətində atılan mühüm addım kimi dəyərləndirilib. 

Dövlətimizin başçısı tərəfindən bu is­tiqamətdə yeni hədəflər də müəyyənləş­dirilib və qarşıdakı 3-4 il ərzində ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin 80 faizə çatdırılması istiqamətində iş aparılacağı nəzərdə tutulub. Xatırladaq ki, adıçəkilən sənədin qəbulu ilə cari il ərzində ərzaqlıq buğda təminatının daha da yüksəldilməsi üçün 180 milyon manat vəsait xərclənəcəyi qərara alınıb. 

Bütün bunların məntiqi nəticəsi Sta­tistika Komitəsinin göstəricilərində də diqqət çəkir. Belə ki, cari il avqustun 1-nə kimi qarğıdalı da daxil olmaqla tar­lalardan 2 milyon 902 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,7 faiz çox dənli və dənli paxlalı bitkilər yığılıb. Məhsuldarlıq 32 sentnerə bərabər olub. Məhsulun 1 milyon 828,6 min tonunu və yaxud 62,7 faizini buğda (ötən il Azərbay­canda buğda istehsalı 1 milyon 736 min ton təşkil edib), 1 milyon 64 min tonunu (36,5 faizini) arpa, 22,6 min tonunu (0,8 faizini) isə digər dənli və dənli paxlalı bit­kiçilik məhsulları təşkil edib.

Kənd Təsərrüfatı Nazirliyindən aldığı­mız məlumata əsasən, hazırda ərzaqlıq buğdanın dövlət tədarükü prosesi hə­yata keçirilir. Məlumata görə, avqustun 25-dək tədarük məntəqələrinə 45,2 min ton tələblərə cavab verən ərzaqlıq buğda təhvil verilib. Hazırda ərzaqlıq buğdanın dövlət tədarükü prosesi davam edir.

Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsindən danı­şarkən bir məsələyə də diqqət yetirmək istərdik. Mütəxəssislərin fikrincə bu məhsul istehsalının artırılmasında qısa rotasiyalı əkin dövriyyələri, torpaq be­cərmələri, gübrə verilməsinin səmərəli üsulları, həmçinin optimal səpin müddəti və normalarının, yeni intensiv sortların təsərrüfatlara tətbiqi, keyfiyyətli toxum materialından istifadə edilməsi və əkin­lərin xəstəlik, ziyanverici, eyni zamanda, alaqlardan mühafizə olunması kimi amil­lər mühüm rol oynayır. 

Eyni zamanda, bildirilir ki, becərmə kompleksinə daxil olan əhəmiyyətli təd­birlərdən biri də taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Keyfiyyət­li səpin aparmaqla sağlam və kütləvi cücərtilərin alınması məhsulun yarısı deməkdir. Yüksək texnologiya əsasında fəaliyyət göstərən, müasir aqro tələblərə əməl edən təsərrüfatların əkin sahələ­rində yüksək göstəricilərə nail olunması məhz bunun bariz ifadəsidir.

Hazırda aqroparkların belə bir is­tiqamətdə fəaliyyəti müsbət nəticələrlə müşahidə olunur. İqtisadiyyat Nazirliyi­nin tabeliyində İqtisadi Zonaların İnkişa­fı Agentliyindən verilən məlumata görə, cari il aqroparkların pivotaltı sahələrində buğda əkini 52 faiz və yaxud 11,3 min hektar artırılmaqla 33 min hektara çatdı­rılıb. Növbəti 5 il ərzində pivotaltı sahələ­rin 100 min hektara çatdırılması proqnoz­laşdırılıb.

Yazını ərzaqlıq buğda ilə özünütə­minetmə səviyyəsinin yüksəldilməsi ilə bağlı bir informasiya ilə yekunlaşdırmaq istərdik. Belə ki, bir neçə gün bundan əvvəl mətbuatda Naxçıvan Muxtar Res­publikasında taxıl istehsalının həcminin artırılması hesabına unun qiymətinin kəs­kin aşağı düşməsi ilə bağlı xəbər yayıldı. Muxtar respublikanın aparıcı taxıl emalı müəssisəsinin icraçı direktoru Canməm­məd Canməmmədovun bildirdiyinə görə, hazırda Naxçıvanda 50 kiloqramlıq un kisəsi 27 manata satılır ki, bu da əvvəl­ki qiymətlə müqayisədə 10 manat və yaxud 27 faiz azdır. İcraçı direktor söz­lərinə əlavə edib ki, cari il müəssisə yer­li istehsalçılardan 5 min 266 ton buğda qəbul edib, halbuki son 3 ildə bu rəqəm 2 min 700 tona yaxın olub. Son 20 gün ərzində isə 270 tona yaxın un satılıb. Bu səbəbdən də, muxtar respublikada unun ucuzlaşmasının çörəyin qiymətinə də tə­sir edəcəyi gözlənilir.

Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert

Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təs­diqlənmiş “Naxçıvan Muxtar Respub­likasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proq­ramı”nda kənd təsərrüfatının inkişafı ən əhəmiyyətli hədəflərdən biri kimi dəyərləndirilib. 11 prioritet istiqamətə əsaslanan proqramda aqrar sahəyə aid 270-dən çox alt layihə müəyyən­ləşdirilib. 

Naxçıvanda yaradılan şəffaf mühi­tin muxtar respublikanın mərkəzi büd­cəsinin gəlirlərinin artmasına və xərc­lərinin azalmasına səbəb olub. Belə bir xüsusi iqtisadi rejimə keçid növbəti ildən gəlirləri daha da artıracaq. Bu müsbət tendensiya digər məsələlərlə yanaşı, dövlət proqramında nəzərdə tutulmuş aqrar layihələrin icrasına da daha geniş imkanlar yaradacaq. 

Dövlətimiz kənd təsərrüfatının, o cümlədən də strateji sahə olan taxıl­çılığın inkişafı məqsədilə mühüm islahatlar həyata keçirir. Əkinçilər subsidiyalar, texnika və gübrələrlə təmin olunur. Bununla belə təsərrüfat sahibləri bu layihələrdən səmərəli ya­rarlanmalı, innovativ yeniliklərə maraq göstərməlidirlər. 

2022-ci ilin payızında 20 min 762 hektar, cari ilin yazında isə 21 min 247 hektar sahədə taxıl əkini həyata keçi­rilib. Ümumilikdə, 19 min 797 hektara yaxın əkin sahəsində taxıl biçini hə­yata keçirilib, 49 min 267 tondan artıq məhsul toplanılıb. Həmin məhsulun 12 min 233 hektarını buğda, 9014 hekta­rını arpa təşkil edib. Orta məhsuldarlıq hər hektarda 24,9 sentner olub. Bu da istehsal olunan unun qiymətinin 27 faizdən çox ucuzlaşmasına səbəb olub. Belə ki, 50 kiloqramlıq unun qiy­məti 37 manatdan 27 manata düşüb. Qiymətlərin aşağı düşməsi yerli unun satışına da müsbət təsir göstərib.

Yerli müəssisələrdən verilən mə­lumata görə, son 20 gün ərzində 270 tona yaxın un məhsulu satılıb. Daxi­li bazarda çörək istehsalçılarına 50 kiloqram unun 33-34 manata təklif olunduğu nəzərə alınaraq iyulun 17-dən 300 qramlıq çörəyin topdansatış qiyməti 36 qəpiyə, pərakəndə satış qiyməti isə 40 qəpiyə endirilib. 

Sözsüz ki, bu hal iqtisadi baxım­dan çox uğurlu və sevindirici bir nə­ticədir. Çünki, ümumiyyətlə, tələbatın daxili istehsal hesabına ödənilməsi bu sahədə iqtisadi inkişafı təsdiq edən faktordur. Digər tərəfdən, bu, ölkəmiz­də ilk belə uğurlu iqtisadi nümunədir. Sözsüz ki, unun qiymətinin aşağı düş­məsi tək çörəyin ucuzlaşmasından əlavə, un məmulatlarının da ucuzlaş­masına öz müsbət təsirini göstərəcək. Bu da son zamanlar baş verən inflya­siyanın və qiymət artımının qarşısını alacaq bir amildir. Ümumilikdə, unun ucuzlaşması qida sektoruna müsbət təsir göstərəcək ki, bu da Naxçıvan əhalisinin ailə büdcəsinə və maddi ri­fahının artmasına əhəmiyyətli təsirləri olacaq.

Vaqif BAYRAMOV,
XQ



İqtisadiyyat