Avtomobil nəqliyyatında yeniliklər

post-img

Prezident İlham Əliyev avqustun 18-də “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. “Avtomobil nəqliyyatı haqqında” Qanun ölkə ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Bununla yanaşı, sözügedən sənəd bu sahədə dövlət orqanları (qurumları), daşıyıcılar və avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə xidmətlərin istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir. 

Dəyişikliyə əsasən, ölkədaxili sifa­rişli daşımalara, taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları aid edilir. Xatırladaq ki, qüvvədə olan qanuna görə, indiyə qədər avtomobil nəqliy­yatı ilə müntəzəm beynəlxalq, şəhər­lərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının təmin olunması məqsədilə Azərbay­can Respublikasının müvafiq icra ha­kimiyyəti orqanı (qurum) tərəfindən marşrut şəbəkəsi müəyyənləşdirilib və dövlət sifarişi formalaşdırılıb. Dəyişik­liyə əsasən, bundan sonra avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhər­daxili (rayondaxili) sərnişin daşımaları­nın təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən et­diyi orqan tərəfindən marşrut şəbəkəsi müəyyənləşdiriləcək və dövlət sifarişi formalaşdırılacaq. 

Qanunun tətbiqi ilə bağlı fərmana əsasən, bu maddədə nəzərdə tutul­muş səlahiyyətləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşıma­ya münasibətdə isə, müvafiq olaraq, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyəti başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sər­nişindaşıma idarələri həyata keçirirdi. Qanuna edilən dəyişiklik bundan öncə Bakı Nəqliyyat Agentliyinin statusunun dəyişməsi, artıq “Nazirlər Kabineti ya­nında” bir orqan kimi fəaliyyət göstər­məməsi ilə əlaqədardır. Oktyabrın 1-dən qüvvəyə minəcək yeni qanuna əsasən, ölkə ərazisində sərnişin və yük daşımaları sahəsində bir sıra yeniliklər tətbiq olunacaq. 

Eyni zamanda, oktyabrın 1-dən etibarən taksi xidmətində də bir sıra yeniliklərin şahidi olacağıq. Bu baxım­dan taksi kimi istifadə edilən nəqliyyat vasitələrində taksometrlərin quraş­dırılması diqqəti daha çox cəlb edir. Xatırladaq ki, taksometr taksi minik avtomobilinin qət etdiyi məsafənin və boşdayanmanın müddətinin uçotunun aparılmasını, gediş haqqının məb­ləğinin hesablanmasını və bu barədə sərnişinin məlumatlandırılmasını tə­min edən, taksi minik avtomobili üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsu­si ölçü cihazı və ya proqram təminatı deməkdir. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, “Av­tomobil nəqliyyatı haqqında” qanunda edilən dəyişikliklər taksi şirkətlərinə və sürücülərə yeni imkanlar açır. Belə ki, dəyişikliklərə əsasən, minik avtomo­billərində taksometrin quraşdırılması tələbi daha da sadələşdirilib. Əvvəllər qanunvericilikdə taksi minik avtomobil­lərində xüsusi ölçü cihazı kimi yalnız taksometrlərin quraşdırılması tələb kimi əks olunub. Oktyabrın 1-dən qü­vvəyə minəcək dəyişiklik isə taksi sü­rücüləri üçün əlavə imkan yaradır. Belə ki, taksi minik avtomobillərində takso­metr və ya bu cihazın funksiyasını ye­rinə yetirən proqram təminatı anlayışı qanunvericiliyə daxil edilib. Yəni, mə­safəyə uyğun gedişhaqqını göstərən proqram təminatından istifadə edən taksi minik avtomobillərində taksomet­rin quraşdırılmasına ehtiyac yoxdur.

Eldəniz CƏFƏROV,
avtomobil nəqliyyatı üzrə ekspert

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanu­nuna edilən dəyişikliklərə nəzər yetir­dikdə məlum olur ki, burada qarşıya bir neçə əsas vəzifə qoyulub. Bun­lardan ən əsası ölkədə müntəzəm və qeyri-müntəzəm sərnişindaşımanın, o cümlədən taksi nəqliyyatı ilə sər­nişindaşımanın keyfiyyətinin yaxşı­laşdırılması və təhlükəsizliyin təmin olunmasından ibarətdir. Həmçinin qanuna edilən dəyişikliklərdə taksi fəaliyyəti sahəsində çalışan sürü­cülərin hüquqlarının qorunması da diqqəti cəlb edir. Belə ki, dəyişiklik­lərə əsasən, avtomobillərdə taxoq­rafların quraşdırılması da nəzərdə tutulub. Taxoqrafların quraşdırılması isə, əsasən, yük və sərnişindaşıma­da istifadə olunacaq avtomobillərdə həyata keçiriləcək. Bu da sürücülərin sutka ərzində qanunvericiliyə uyğun çalışması, onların nahar fasiləsinin təşkilinin həyata keçirilməsinə imkan yaradacaq. Bütün bunlar isə müvafiq qurumlar tərəfindən nəzarətdə sax­lanılacaq.

Onu da qeyd edək ki, bugünə qədər Azərbaycanda taksi operatoru şirkəti anlayışı yox idi. Sadəcə, ope­rator şirkətləri var idi. Onlar da taksi fəaliyyətini təşkil edirdilər. Yəni, taksi sürücüləri üçün müəyyən faiz müqa­bilində müştəri tapırdılar. İndən belə isə bu şirkətlər taksi operatoru şirkə­ti adlandırılacaq. Bu da onları taksi şirkəti kimi lazımi prosedurları həya­ta keçirməyə məcbur edəcək. 

Bundan əlavə, taksilərdə xüsusi taksometrlərin quraşdırılması nəzər­də tutulur. Məlum olduğu kimi, bu gün taksi operatoru şirkətlərinin öz­lərinin mobil tətbiqləri var. Müəyyən proqram vasitəsilə tariflərin, kilomet­rajın hesablanması həyata keçirilir. İndən belə taksi fəaliyyəti ilə fərdi qaydada məşğul olan taksi sürücülə­ri üçün də taksometrlərin quraşdırıl­ması məcburi olacaq. Hər hansı bir vətəndaş taksi fəaliyyəti ilə məşğul olmaq istəyirsə, vergisini ödəyib av­tomobilinə sayğac, yəni taksometr quraşdırmaqla bu xidməti həyata ke­çirə biləcək. 

Eyni zamanda, “Avtomobil nəq­liyyatı haqqında” Qanuna edilən dəyişikliklərlə sərnişindaşıma ilə məşğul olan şirkətlər və fərdi şəxslər qarşısında tələblər sərtləşdirilir. Yeni qanun taksi şirkətlərinin və sürücülə­rin məsuliyyətini artıracaq. Burada da əsas məqsəd bu sahədə vətən­daşların təhlükəsizliyini təmin etmək və keyfiyyətli xidmətə nail olmaqdır. Bu prosedurlar həm lazımi sənədlə­rin alınmasına, tapılmasına, xüsusən də taksi xidmətinin Azərbaycan Res­publikasında qanunauyğun təşkil edilməsinə imkan yaradacaq. 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”



İqtisadiyyat