İqtisadi yüksəlişin strateji hədəfləri

post-img

Milli gəlir artır, yeniləşmə genişlənir, rifah yaxşılaşır

Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də hazırda bu müstəqil dövlətin dünyada sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin edən ölkə kimi tanındığı bildirilir. 

Strategiyada daha sonra respublikamızın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığı, cəmiyyətdə dövlətçilik ənənələrinin gücləndiyi, müasir sosial-iq­tisadi infrastruktur quruculuğunun uğurla həyata keçirildiyi vurğulanır. Sənəddə iq­tisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanlarının uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə verdiyi, təhlükəsizliyin təmini üçün güclü potensial yaratdığı da qeyd edilir.

Bütün bu sosial-iqtisadi və siyasi uğurlar qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azər­baycanın qüdrətinin daha da arta­cağına əminlik yaradır. Bu imkan­lar 2030-cu ilə qədərki mərhələdə ölkəmizin iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilmə­sinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosial­yönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolu ilə inamla irəliləyir. 

“Azərbaycan 2030: sosial-iq­tisadi inkişafa dair Milli Prioritet­lər”də diqqətçəkən bir məqamı da xatırlatmaq istərdik. Bu da milli iqtisadiyyatımızın qlobal iqtisadiy­yatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə biləcəyi məsələsi ilə bağlıdır. Elə buna görə də uzunmüddətli dövrdə iqti­sadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi üçün Mil­li Prioritetlərdə qarşıya bir sıra mühüm vəzifələr qoyulur. Həmin məqsədlər sırasında yeni real­lıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə forma­laşdırılması xüsusi yer tutur. 

Milli Prioritetlərdə, eyni za­manda, şaxələnmiş iqtisadiyyatın dayanıqlılığı üçün qeyri-neft sek­torunun payının, dövlətin valyuta ehtiyatlarının artırılması, intizam­lı borclanma təşkil edilməsi də böyük əhəmiyyətli vəzifələr kimi diqqətdə saxlanılır. Bunun üçün xarici valyuta ehtiyatlarının daya­nıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan transfer­tin dövlət büdcəsində payının tədricən azaldılmasına, məcmu borcun makroiqtisadi sabitliyə, o cümlədən dövlət büdcəsinin sa­bitliyinə xidmət etməsinə nail ol­maq qarşıya önəmli məqsəd kimi qoyulur. 

Sənəddə bildirilir ki, daxili bor­cun idarə edilməsi ölkədə maliy­yə bazarlarının inkişafını dəstək­ləməli, xarici dövlət borcunun dayanıqlı səviyyəsi qorunmalı, dövlət şirkətlərinin borclanmala­rına nəzarət gücləndirilməli və bu əsaslarda dövlət və kvazi–döv­lət borcunun idarəedilməsi təşkil olunmalıdır.

Yeri gəlmişkən, istər daxili, istərsə də xarici borcun qarşılan­ması makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin aşağı və sabit olmasının gerçəkləşdiril­məsi, idarəetmənin institusional çərçivəsinin təkmilləşdirilməsi və maliyyə bazarlarının səmərəli fəaliyyət göstərməsinin təşkilidir. Çünki belə bir sabitlik şəraiti iqti­sadiyyatda proqnozları doğruldur, əhalinin yığımlarını dəyərsizləş­mədən qoruyur və investisiya arı­mını reallaşdırır. 

Milli iqtisadiyyatın dərin və davamlı şaxələnməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması məqsədilə özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlıqda işgüzar mühitin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması diqqətdə saxla­nılmalıdır. Bunun üçün, ilk növbə­də, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqa­bətin qarşısı alınmalıdır. Yeni və şəffaf özəlləşmə strategiyası ger­çəkləşdirilməlidir. Biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərə­si artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclə­rinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sa­hibkarlıq fəaliyyətinin stimullaşdı­rılmasına xidmət etməlidir.

Bütün bu qeyd edilənlərlə bə­rabər, istər daxili, istərsə də xarici borcun qarşılanmasında Milli Pri­oritetlərdə vurğulanan aşağıdakı məsələlərə də önəmli istiqamətlər kimi yanaşılmalıdır:

–kapital və sığorta bazarının inkişafı sürətləndirilməlidir;

–milli bank sektorunun daya­nıqlığı təmin olunmalı, ona olan etimad yüksəlməli, real iqtisa­diyyatın maliyyələşdirilməsində bankların payı artırılmalı və sa­hibkarlıq fəaliyyətinin inkişafına təkan verməlidir;

–bank kreditlərinin sahibkarlıq fəaliyyəti üçün əlçatanlığını təmin edəcək real işlək mexanizmlər hərəkətə gətirilməli, bank kre­ditlərinin təminatı məsələlərində bürokratik əngəllər aradan qaldı­rılmalıdır; 

–ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması təmin edilməlidir; 

–dövlət investisiyalarının və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsi yüksəldilməli, bu sahədə şəffaflıq səviyyəsi ar­tırılmalıdır.

Sadalananlardan əlavə, dövlət şirkətlərinin kommersi­ya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yara­dılmalı, qabaqcıl beynəlxalq təc­rübə nəzərə alınmaqla korpora­tiv idarəetmə standartları tətbiq edilməli və gəlirlilik səviyyələrinin artırılması təmin olunmalıdır. Nə­hayət, gölgə iqtisadiyyatı mini­muma endirilməli, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsi ən yüksək standartlara çatdırılmalı­dır. İqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyə­tinin tətbiqi genişləndirilməli və təşviq olunmalı, korrupsiya ilə mübarizə gücləndirilməli, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikası formalaşmalıdır.

Emin BAĞIROV,
ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi,
mexanika üzrə fəlsəfə doktoru

Son illər ölkəmizin daxili və xarici dövlət borcunun idarə edil­məsi istiqamətində ölkə başçısı­nın rəhbərliyi ilə davamlı tədbir­lər həyata keçirilib. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasında dövlət borcu­nun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qarşıya qoyulan vəzifələr uğurla reallaşdırılıb. 

Bundan sonra da həmin sənədlərdə dövlət borcalmaları üzrə müəyyənləşdirilən strateji hədəflərə çatmaq üçün bir sıra prioritet layihələrin gerçəkləş­dirilməsi nəzərdə tutulub. Pre­zident İlham Əliyevin 4 avqust 2023-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iq­tisadi inkişaf Strategiyası”nda bir sıra dəyişikliklər edilməsi də məhz bu məqsəddən irəli gə­lib. Xatırladım ki, sözügedən strategiyanın “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivə” bəndi üzrə 2026-cı ilin sonuna ümumi döv­lət borcunun ÜDM-də payının 30 faiz, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dolla­rını üstələməməsi qərara alınıb. 

Yeri gəlmişkən, dəyişiklik­dən əvvəl müvafiq göstəricilər ümumi dövlət borcunun ÜDM-də payının 20 faiz, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10 faiz ətrafında sax­lanması nəzərdə tutulub. Dövlə­timizin başçısının bu ilin ilk altı ayının sosial-iqtisadi yekunları ilə bağlı müşavirədə də vurğu­ladığı kimi, ötən dövr ərzində qarşıya qoyulan hədəfə nail olunub, xarici dövlət borcu 6,7 milyard dollar olmaqla ÜDM-in, təxminən, 10 faizini təşkil edib. 

Qeyd edim ki, müvafiq dəyi­şikliklərdən irəli gələrək cari ilin sonunadək strategiyada nəzər­də tutulan tədbirlərin nəticə indi­katorlarının illər üzrə bölgüsünü müəyyənləşdirən cədvəli yeni­dən nəzərdən keçirilməklə aralıq və yekun nəticə indikatorlarında da müvafiq dəyişikliklər öz əksini tapacaq.

Yeni dəyişikliyə əsasən, 2025-ci ilin sonuna xarici dövlət borcunun 7,1 milyard ABŞ dolla­rı məbləğində, yəni ÜDM-in 10,7 faizi həcmində olması gözlənir. Bununla belə, mövcud xarici dövlət borcunun qaytarılması, eləcə də ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə prioritet sahələrdə investisiya layihələri­nin maliyyələşdirilməsi səbəbin­dən bu göstəricilərin dəyişəcəyi də istisna edilmir. Bu məqamda onu da bildirmək istərdim ki, 2023-cü il iyulun 1-ə kimi, daxili dövlət borcu 4 milyard 970,3 mil­yon manat və ya bu il üzrə proq­nozlaşdırılan ÜDM-in 4,5 faizini təşkil edib.

Maliyyə Nazirliyinin bu barə­də yaydığı məlumata görə, Azər­baycanın 2023-cü il iyul ayının 1-dək xarici dövlət borcu 6 mil­yard 576,9 milyon ABŞ dolları və ya 2023-cü il üzrə proqnoz­laşdırılan ümumi daxili məhsu­lun (ÜDM) 10 faizini təşkil edib. Cari ilin ötən dövrü ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri, habelə xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla, bu ayın əvvəlinə kimi, xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 116,3 milyon ABŞ dolları və ya 1,7 faiz azalıb.

Yeri gəlmişkən, xarici dövlət borcunun 49,4 faizi 5 ilə qədər, 42,6 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 8 faizi isə 10 ildən yuxarı olan müddətdə kre­ditorlara qaytarılmalıdır. Xarici dövlət borcu beynəlxalq maliy­yə institutlarından infrastruk­tur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlər, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdiril­miş dövlət qiymətli kağızları üzrə hesabat tarixinə faktiki istifadə olunmuş vəsait üzrə ödənilmə­miş qalıq vəsaitdən ibarətdir.

Keçən ilin sonu ilə müqayisə­də daxili dövlət borcunun səviy­yəsi mütləq ifadədə 782,1 mil­yon manat məbləğində artıb. Bu artımın əsas səbəbləri isə dövlət borcunun idarə edilməsi strate­giyasına uyğun olaraq xarici bor­cun tədricən əvəzlənərək daxili dövlət borcalmasının həcminin artırılması məqsədilə cari ilin ötən dövrü ərzində xarici döv­lət borc üzrə vaxtı çatan əsas borc ödənişlərinin daxili maliyyə bazarında yerləşdirilən dövlət istiqrazları hesabına təkrar ma­liyyələşdirilməsi, habelə dövlət büdcəsinin xərclərinin bir hissə­sinin daxili borclanma hesabına maliyyələşdirilməsi olub.

Daxili dövlət borcunu daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə ödənilməmiş qalıq vəsait təş­kil edib. Hesabat tarixinə daxili dövlət borcunun 27,5 faizi 1 illik, 52,1 faizi 2 və 3 illik, 20,4 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payı­na düşür.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”





İqtisadiyyat