Qondarma “Dağlıq Qarabağ respublikası”nın “ombudsmanı” X (tviter) sosial şəbəkəsində, digər erməni media və sosial şəbəkə səhifələrində Xankəndi şəhər sakini, 1983-cü il təvəllüdlü K.Hovhannisyanın guya uzun müddət qida qəbul etməməsi səbəbindən ölməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayıb.
Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov ermənilərin bu iddialarının əsassız olduğunu tutarlı arqumentlərlə sübuta yetirir.
Bu yalan və uydurma məlumatlarla bağlı bildirmək istərdim ki, əvvəlcə şəklin hansı tarixdə, hansı ölkədə və şəhərdə çəkilməsi müəyyən deyil. Şəkildə autopsiya masasında uzadılmış kişi cinsli şəxsin gövdəsinin ön tərəfi görünür və meyit arxası üstə uzadıldığı üçün qarnı yaprıxmış vəziyyətdədir. Bu isə aclığın və ya acından ölmənin əlaməti deyil. Meyitdə təkcə gövdənin ön səthində aşkarlanan təzə xəsarətlər və müxtəlif müddətlərə malik köhnə xəsarət izləri (sıyrıqlar və qançırlar, çapıq toxumaları) şübhəli məqamlardandır.
Bundan başqa, döş qəfəsinin ön sol tərəfində ürək proyeksiyasında reanimasion tədbir nəticəsində iki ədəd ovalşəkilli defibrilyasiya izləri görünür. Bu da o deməkdir ki, həmin şəxs nə evdə, nə də küçədə ölməyib, o, xəstəxananın reanimasiya şöbəsində ölüb və xəstəyə reanimasiya şöbəsində reanimasion tədbirlər görülüb.
Fotoşəkildəki görünüş əslində heç kaxeksiya (üzülmə) da deyil. Sadəcə arıqlamış bir şəxsə məxsus bədən quruluşudur. Belə bədən quruluşuna nəinki meyitdə, hətta canlı və sağlam şəxslərdə də rast gəlmək mümkündür.
Xroniki qida aclığı ilə əlaqədar insanın üzv və toxumalarında dəyişikliklər baş verir və buna “Alimentar mənşəli kaxeksiya” deyilir. Alimentar kaxeksiya zamanı dərinin rəngi bozumtul-bürünc rəngə çalır, şəkildəki kimi belə ağ və təmiz olmur.
Bildiririk ki, yayılan məlumatlar heç bir tibbi biliklərə əsaslanmayan iddialardır.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”

