Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Yaponiya – Azərbaycan İqtisadi Komitəsinin sədri və “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada ilə görüşüb. Söhbət zamanı “ITOCHU” Korporasiyası ilə ötən illər səmərəli əlaqələrin qurulduğu vurğulanıb. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrində, neft-kimya sahəsində uğurlu tərəfdaşlıq da məmnunluqla qeyd olunub.
Söhbət zamanı Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib. Tərəflər enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi, o cümlədən neft yataqlarının kəşfiyyatı və işlənməsi, bərpa olunan enerji layihələri, qabaqcıl texnoloji yeniliklərin sənayedə tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Yaponiyanın ən böyük universal transmilli şirkətlərindən biri olan “ITOCHU” 1866-cı ildə yaradılıb. Baş ofisi Tokioda yerləşən və illik dövriyyəsi 160 milyard ABŞ dolları təşkil edən korporasiyada 8 mindən çox işçi çalışır. 816 yardımçı müəssisəsi olan qurumun 164 ölkədə nümayəndəliyi var. 1996-cı ildə Bakıda ofisini açan “ITOCHU” Azərbaycanda, əsasən, neft və qaz sahəsində investisiya layihələrini həyata keçirir. Korporasiya “Əsrin müqaviləsi” çərçivəsində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsi, eləcə də Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihələrində iştirak payları qazanıb. Bununla yanaşı, yapon nəhəngi Türkiyənin “Petkim” neft-kimya kompleksinin nəzdində layihə gücü ildə 10 milyon ton təşkil edən STAR neft emalı zavodunun inşasında SOCAR-la əməkdaşlıq edib.