İqtisadi artım düzgün idarəetmənin məhsuludur

post-img

Qeyri-neft sektorunun payı ÜDM-də 50 faizdən yüksəkdir

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son 20 ildə sürətli inkişaf yolu keçib. Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr reallaşdırılıb. 

Bütün bu tədbirlərin uğurlu nəticəsi statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, cari il iyunun 30-na Azərbaycan Dövlət Neft Fondunun  aktivləri ilin əvvəlinə (49 milyard 33,6 milyon ABŞ dolları) nisbətən 12 faiz artaraq 54 milyard 915,1 milyon ABŞ dollarına çatıb. Bu ilin yanvar-iyun ayları ərzində isə Fondun büdcə gəlirləri 11 milyard 701,4 milyon manat, büdcə xərcləri isə 2 milyard 680,8 milyon manat təşkil edib.

Azərbaycanın strateji valyuta ehtiyatlarının artımının dinamik xarakter alması bir sıra amillərlə sıx bağlıdır. Bu, əsasən, dövlət başçısının uzaqgörən siyasətinin, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan uğurlu islahatların, investisiya mühitinin əlverişliliyinin nəticəsində mümkün olub. Prezident İlham Əliyev çıxışlarının birində bununla bağlı deyib: “Uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyat dayanıqlı surətdə inkişaf etsin, bir sektordan – neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi Azərbaycanın ümumi iqtisadi inkişafına təsir etməmişdir”.   

Bax, bu müdrik siyasətin məntiqi nəticəsidir ki, son illər ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilib. Dövlətimizin başçısı cari ilin iyul ayında Şuşada keçirilən Qlobal Media Forumunda bu sahənin prioritet olduğunu diqqətə çatdırıb: “Biz ümumi daxili məhsulda iqtisadiyyatımızın qeyri-neft sektorunun payını ildən-ilə artırırıq. O, artıq 50 faizdən yüksəkdir. Bu gün biz həm də qeyri-neft ixracını artırırıq… Hazırda kapital və sərmayə proqnozlaşdırıla bilən sabit məkanlara gedir, belə bir məkan məhz Azərbaycandır. Hətta işğal dövründə də Azərbaycan sabitlik məkanı idi…”.

Əlbəttə, bu, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir. Bu fikrin təsdiqi kimi, müəyyən faktlara əsaslanıb deyə bilərik ki, 2010-cu ildə respublikamızın qeyri–neft sektorunda 18,4 milyon manatlıq məhsul istehsal olunduğu halda, çoxsaylı mənfi şokların təsiri ilə mübarizə aparan qlobal iqtisadiyyatın həssas olduğu indiki dövrdə qeyri–neft–qaz sənayesində artım neft–qaz sənayesindəki artımı üstələyib. Mövcud sahədə əlavə dəyər 2023-cü ilin ilk 6 ayında 6,5 faiz artıb. Ümumi olaraq isə qeyri-neft sektorunda 3 faizdən çox artım müşahidə olunub.

Təbii ki, qeyri-neft sektorunun inkişafında şaxələndirmə siyasəti ilə yanaşı, ardıcıl və sistemli surətdə gerçəkləşdirilən sənayenin inkişafına dair Dövlət Proqramı da əhəmiyyətli rol oynayıb. Bu önəmli sənəd ənənəvi sənaye sahələri ilə yanaşı, iqtisadiyyatımız üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və digər sahələrin, həmçinin müasir istehsal infrastrukturuna malik sənaye zonalarının inkişafını da sürətləndirib. Nəticədə  respublikamızın   ixrac qabiliyyəti davamlı şəkildə güclənib, idxalı əvəz edən məhsulların istehsalının artırılması reallaşıb. Bu, statistik göstəricilərdə də öz aydın ifadəsini tapıb. Məsələn, indiyədək mövcud  sahədə 10,23 milyard manat dəyərində məhsul satışı həyata keçirilib və onun 3,35 milyard manatlıq hissəsi ixrac edilib. Cari ilin ilk yarısında isə 1,4 milyard manatlıq məhsul satılıb ki, bunun da 33,6 faizi ixracın payına düşüb. Bugünədək   sənaye zonalarında ümumi investisiya dəyəri 7,18 milyard manat olmaqla 131 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 68-i,  yaxud 51,9 faizi  istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarına 6,56 milyard manat investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri açılıb.  

Onu da qeyd edək ki, hazırda sənaye zonaları və aqroparklarda iş adamları üçün stimullaşdırıcı biznes və investisiya mühiti yaradılıb. Sənaye parklarında qeydə alınan hər bir rezident 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunub.  

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da bərpa prosesi indiyədək sənayeləşmə siyasəti ilə paralel aparılıb. “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 20-ə yaxın sənaye müəssisəsi qeydiyyata alınıb. Düşməndən təmizlənən ərazilərdə kənd təsərrüfatının inkişaf məqsədləri üçün 940 fermer təsərrüfatının yaradılması nəzərdə tutulub.

Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 3 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən bu zonaya 21 milyon manatdan çox investisiyanın yatırılması, 270-dən artıq iş yerinin yaradılması planlaşdırılıb.  

Bütün bu iqtisadi göstəricilərə əsaslanıb deyə bilərik ki,  Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıdışından sonra  bazar iqtisadiyyatının formalaşdırılması istiqamətində bir sıra önəmli islahatlar həyata keçirib. Ulu öndər qısa zaman ərzində uzunmüddətli dövr üzrə sosial-iqtisadi inkişaf strategiyasının müəllifi olaraq tarixi uğurlara imza atıb. Məhz dahi şəxsiyyətin gerçəkləşdirdiyi sosial-iqtisadi islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik bərpa olunub,  inflyasiya üçrəqəmli səviyyədən təkrəqəmli səviyyəyə düşüb, büdcə kəsiri dəfələrlə azalıb, manatın məzənnəsi sabitləşib və bank sistemi sağlamlaşdırılıb.

Ümummilli liderin uğurlu iqtisadi strategiyası son 20 il ərzində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Dövlətimizin başçısının qarşıya qoyduğu dayanıqlı iqtisadiyyat və inklüziv cəmiyyət hədəfləri günümüzün reallığına çevrilib. Məhz bunun nəticəsidir ki, 2003-cü ildən başlayaraq ötən zaman ərzində reallaşdırılan strategiya sayəsində milli iqtisadiyyatın real xərci 4 dəfə, ixrac 15,6 dəfə artıb. İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz yüksək olub.  

Yeri gəlmişkən, onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev prezidentliyinin bütün mərhələlərində idarəetmə sisteminə novator düşüncə tərzi, dinamizm və müasirlik çalarları gətirib, hökumətin gerçəkləşdirdiyi layihələrin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirib, həmin təşəbbüslərin icra cədvəlini diqqət mərkəzində saxlayıb. Təbii ki, bütün bu amillər sosial-iqtisadi layihələrin, o cümlədən yuxarıda vurğuladığımız qeyri-neft sektorunun inkişafında həlledici rol oynayıb. 

Hüseynqulu QULİYEV, 
iqtisadçı-ekspert  

Son 19 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Respublikada möhkəm siyasi-ictimai sabitlik və təhlükəsizlik, uzaqgörən daxili və xarici siyasət qarşıya qoyulan  mürəkkəb sosial-iqtisadi məqsədlərin, habelə ölkənin ərazi bütövlüyünün bərpa edilməsində həlledici rol oynayıb.

Bundan savayı, dövlətimizin başçısının bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerində tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilk mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına səfərləri də ölkə Prezidentinin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi diqqət çəkir.

Azərbaycanda bu gün iqtisadiyyat üçün yeni istiqamətlər formalaşıb. Bu istiqamətlər idxaldan asılılığın azaldılması, qeyri-neft əmtəə və xidmət ixracının genişləndirilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun təmin edilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və kölgə iqtisadiyyatının səviyyəsinin minimuma endirilməsindən ibarətdir. Yeni məqsədlərə doğru yolda əldə edilən ilkin nəticələr müsbətdir. 

Hazırda qarşıda duran ən mühüm məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın əsasında sosial problemlərin aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir vətəndaşın rifahının artırılmasına imkan verən mühitin yaradılması məqsədi dayanır. Belə bir mühitin yaradılması isə dayanıqlı iqtisadi inkişafın reallaşdırılması, maliyyə sisteminin, sahibkarlıq mühiti­nin inkişaf etdirilməsi, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilə bilər.

Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində respublikada məhsuldarlıq xeyli artıb. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı dünyada iqtisadi artımın yavaşıması barədə proqnozlar verdiyi halda, Azərbaycanda bu ilin ilk altı ayında iqtisadi artım sürətlənərək 6,2 faizə çatıb.

Azərbaycanda iqtisadi artımın indiki səviyyəsi bu il üçün dünya üzrə orta artım proqnozunu iki dəfə üstələyir. Deməli, Azərbaycan dünya iqtisadiyyatında xüsusi çəkisini artırır. Özü də respublikada iqtisadi artım daha çox innovasiya yönümlü olub qeyri-neft sənayesi, nəqliyyat, informasiya və rabitə xidmətləri sahəsindədir.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

 



İqtisadiyyat