“Microsoft” fəaliyyətini genişləndirir

post-img

SOCAR ilə “Microsoft” şirkəti arasında bu il avqustun 4-də imzalanan Anlaşma Memorandumu rəqəmsallaşma, innovasiya, informasiya texnologiyaları sahəsində infrastrukturun təkmilləşdirilməsi, insan kapitalının inkişafı, habelə kəşfiyyat, hasilat, emal, marketinq, nəqliyyat, kibertəhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutur.

SOCAR-ın bilavasitə təşəbbüsü və aparılan uğurlu danışıqların nəticəsində dünyanın qlobal texnologiya şirkəti olan “Microsoft” ilə əməkdaşlıq sənədinin imzalanması Dövlət Neft Şirkəti ilə yanaşı, ümumilikdə ölkə üzrə innovativ mükəmməlik mərkəzinin yaradılmasına əlverişli zəmin yaradacaq. Bununla da “Microsoft” respublikamızdakı fəaliyyətini daha da genişləndirəcək.

Qeyd edək ki, “SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyası”nda enerji təhlükəsizliyi, rəqəmsallaşma, biznes dayanıqlılığı, səmərəlilik və optimallaşdırma, enerji keçidi kimi 5 təməl element üzrə şirkətin hədəfləri və onlara çatma yolları müəyyənləşdirilib.

Bu xüsusda, “Microsoft” şirkəti ilə imzalanan memorandum şirkətin uzunmüddətli strategiyasının tərkib hissəsidir və SOCAR-ın müəssisələrində təmiz, rəqəmsal və innovativ texnologiyaların tətbiqi ilə əməliyyat modelinin müasirləşdirilməsinə, texniki və texnoloji əməliyyatların daha səmərəli həyata keçirilməsinə, biznes dayanıqlılığın gücləndirilməsinə və yüksək ixtisaslı kadr potensialının inkişafına dəyərli töhfə verəcək.

“Xalq qəzeti”

 

Son xəbərlər