Biləsuvarda da KOB dostları fəaliyyətə başlayıb

post-img

Azərbaycanın Şirvan–Salyan iqtisadi rayonu üzrə sayca 3-cü KOB dostu ofisi Biləsuvar rayonunda fəaliyyətə başlayıb.

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) redaksiyamıza bununla bağlı verilən məlumatda  bildirilib ki, Biləsuvarda fəaliyyətə başlayan KOB dostu rayonda biznesin inkişafına, yeni kiçik və orta biznes (KOB) subyektlərinin  yaranmasına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maraqlarının müdafiəsinə dəstək göstərəcək.

KOBİA və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan–Salyan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüşdə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib. Görüşdə Biləsuvar rayonunda fəaliyyət göstərən müvafiq dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti və KOB dostu mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, hazırda ölkənin 42 şəhər və rayonunda KOB dostu ofisləri fəaliyyət göstərir. KOB dostu Biləsuvarda biznesə başlamaq istəyən potensial sahibkarlara və mövcud bizneslərə dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentliyin xidmətləri çərçivəsində zəruri dəstəyi təmin edəcək. 

KOB dostu rayonda yeni biznes subyektlərinin yaranması, sahibkarların qanuni maraqlarının müdafiəsi və onların investisiya təşəbbüslərinin reallaşdırılması istiqamətində müvafiq tədbirlər görəcək. KOBİA sədri mikro, kiçik və orta biznes subyektlərini KOB dostu ilə fəal əməkdaşlığa dəvət edib.

Tədbirdə, həmçinin KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

 “Xalq qəzeti”

 

İqtisadiyyat