BP “Şəfəq-Asiman”da karbohidrogen ehtiyatlarını dəyərləndirir

post-img

BP “Şəfəq-Asiman” dəniz blokunda qazılmış ilk kəşfiyyat quyusundan əldə edilmiş məlumatların təhlili nəticələrinin interpretasiyasını ilin birinci yarısında başa çatdırıb.

Şirkətin verdiyi məlumata görə, quyuda aşkar edilmiş karbohidrogen ehtiyatlarının dəyərləndirilməsi və kəşfiyyat işlərinin növbəti mərhələsinin planlaşdırılması işləri hazırda davam edir.

Xatırladaq ki, 2022-ci ilin dekabrında BP və Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən seysmik məlumatların təkrar emalını başa çatdırmaq üçün “Şəfəq-Asiman” yatağında kəşfiyyat işlərinin müddətinin 2023-cü ilin sonunadək 6 ay uzadılması barədə protokol imzalanıb. 

“Şəfəq-Asiman” dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 2010-cu ilin oktyabrında 30 il müddətinə imzalanıb.

Blokun proqnozlaşdırılan ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat təşkil edir. Bakıdan 125 kilometr cənub-şərqdə, dənizin 650-800 metr  dərinliyində yerləşir.

“Şəfəq-Asiman” yatağında kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında ümumi 7 min 189 metr dərinliklə tamamlanıb. Quyunun keçdiyi bəzi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib.

“Xalq qəzeti”

 

İqtisadiyyat