“TotalEnergies” və ADNOC “Abşeron” yatağında SOCAR-ın tərəfdaşı oldular

post-img

SOCAR, “TotalEnergies” və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının satışına dair saziş imzalanıb. Bununla bağlı Dövlət Neft Şirkəti (SOCAR), “TotalEnergies” və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında keçirilən mərasimdə çıxış edən iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov sazişin əhəmiyyətini vurğulayaraq sənədin “Abşeron” layihəsinin gələcək inkişafında mühüm mərhələ olacağını bildirib. Azərbaycanın enerji sənayesinin ölkəmizlə yanaşı, regionun iqtisadi inkişafına da mühüm töhfə verdiyini diqqətə çatdıran nazir M.Cabbarov Azərbaycana xarici sərmayələrin daxil olmasında təbii resurslarla yanaşı, əlverişli investisiya mühitinin də xüsusi rol oynadığını qeyd edib.

Beləliklə, satınalma proseduru ta­mamlandıqdan sonra ADNOC şirkəti Ab­şeron qaz-kondensat yatağında 30 faiz iştirak payı əldə edəcək, SOCAR və “To­talEnergies” şirkətlərinin hər birinin iştirak payı isə müvafiq olaraq 35 faiz müəyyən­ləşəcək.

Xatırladaq ki, ADNOC-un Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hüdudlarından kənarda ilk investisiyanı ölkəmizə yatırma­sı respublikamızda xarici sərmayədarlar üçün yaradılan əlverişli investisiya mühi­tinin növbəti təzahürüdür. Sazişin Azər­baycan və BƏƏ arasında strateji əlaqələri daha da gücləndirəcəyi və ölkəmizin eti­barlı təbii qaz təchizatçısı kimi mövqeyinə dəyərli töhfə verəcəyi gözlənilir. 

Qeyd edək ki, Xəzər dənizinin Azər­baycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Ab­şeron” qaz-kondensat yatağının işlənməsi iki mərhələdə həyata keçirilir. İHS layihəsi çərçivəsində hazırda gündəlik 4,3 milyon kubmetr qaz və 1400 ton kondensat hasil olunur.

Yeri gəlmişkən, “Abşeron” yatağının ehtiyatı da daxil olmaqla Azərbaycanın təsdiqlənən qaz ehtiyatı 2,2 trilyon kub­metrdir. Ölkəmizin illik qaz ixracı isə 21 milyard kubmetr təşkil edir. Yaxın 5 il ər­zində Azərbaycan bu həcmdə qaz ixracı­nı 30-31 milyard kubmetrə qədər artırma­ğı planlaşdırır. Avropaya qaz ixracının isə 11 milyarddan 20 milyard kubmetrədək yüksəldilməsi proqnozlaşdırılır.

“Abşeron” qaz-kondensat yatağından çıxarılan “mavi yanacaq” mühüm önəm daşıyır. Çünki indiyə kimi, Azərbaycanın ixracla bağlı əsas qaz resursu “Şahdəniz” qaz-kondensat yatağı idi. Bu gün isə artıq ölkəmizə məxsus iki böyük qaz-konden­sat yatağı var. 

Prezident İlham Əliyev cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə çıxış edərək “Abşe­ron”un birinci fazasının artıq icra edildiyini və yəqin ki, SOCAR öz xarici tərəfdaşları ilə bu yatağın ikinci fazasının işlənməsi ilə bağlı tezliklə daha fəal danışıqlara başla­yacağını vurğulayıb. 

Onu da deyək ki, ölkəmizin qaz ehti­yatlarının həcminə görə, ikinci böyük ya­tağı olan “Abşeron”dan hasilatın başlan­ması ilə ixracın artırılmasına müsbət təsir göstərəcəyi proqnozlaşdırılıb. Ötən ayın 10-da Fransanın “TotalEnergies” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq çərçivəsində Xəzər dəni­zində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində təbii qaz hasilatına başlandı­ğını elan edib. 

SOCAR-dan verilən məlumata görə, “Abşeron” qaz-kondensat yatağının işlən­məsinin İlkin Hasilat Sxemi (İHS) mərhələ­si sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kon­densat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.

JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və “TotalEnergies” hər biri 50 faiz paya malikdir. Xəzər dənizinin ilk məsafədən idarə olunan platforması olan Abşeron İHS layihəsinin qəbul plat­formasının idarəetməsi “Neft Daşları”nda yerləşən mərkəzi idarəetmə məntəqəsin­dən həyata keçirilir.

Burada bir tarixi məqamı da xatırlat­maq istərdik. Belə ki, sözügedən yatağın işlənməsi üzrə hasilatın pay bölgüsü sazi­şi 12 il əvvəl imzalanmışdı. Həmin vaxtdan ötən dövr ərzində “Abşeron” qaz-kon­densat yatağından hasilatın başalnması müddətində durğunluq yaranmış, yataq­dan ilk qazın alınması ləngimişdi. 

Mütəxəssislər bildirirlər ki, “Abşe­ron”dan hasil olunacaq “mavi yanacaq” əsasən, daxili tələbata yönəldiləcək. Bu isə “Şahdəniz”dən çıxarılan qazın daha çox həcminin ixraca yönəldilməsinə im­kan yaradacaq. Yəni Azərbaycan bunun­la da Avropadakı müştərilərə vəd etdiyi həcmləri təmin etməklə üzərinə götürdüyü öhdəlikləri tamamilə gerçəkləşdirəcək. 

Prezident İlham Əliyev bu məqamla bağlı deyib: “Bu yataqda 350–360 milyard kubmetr qaz ehtiyatları vardır. Amma mən hesab edirəm ki, daha çox olacaq. Çün­ki artıq bizdə olan təcrübə onu göstərir ki, ehtimal olunan resurslardan daha bö­yük resurslar üzə çıxır və 100 milyon ton kondensat. Bu da xam neftə bərabər olan bir məhsuldur və beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, "Ab­şeron”un birinci mərhələsində çıxarıla­caq qaz daxili tələbatlara istiqamətləndi­riləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə çıxarılacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq”.

İlham ŞABAN,

Neft Araşdırmaları Mərkəzinin rəhbəri 

Əbu-Dabi Milli Neft Şirkətinin (AD­NOC) satınalma proseduru tamamlan­dıqdan sonra “Abşeron” qaz-konden­sat yatağında 30 faiz iştirak payı əldə etməsi ilə Xəzər dənizinin ölkəmizin sektorundakı layihələrə yeni bir nəfəs və baxış formalaşdıracaq.

Azərbaycanın son 10 ildə ərəb ölkələri ilə əlaqələri genişlənməkdədir. ADNOC şirkəti Birləşmiş Ərəb Əmirlik­lərinin 90 faizdən çox neftini Əbu-Da­bi Əmirliyində çıxarır. Belə bir şirkətin Azərbaycanda təmsilçiliyi isə qərblə şərq arasında yeni münasibətlərin for­malaşmasına zəmin yaradır. 

Respublikamızın indiyə qədər im­zaladığı 40-a yaxın hasilatın pay böl­güsü və risk servis tipli müqavilələri çərçivəsində faktiki olaraq ərəb şirkəti yox idi. Bir vaxtlar Azəri-Çıraq-Günəş­lidə yarı ərəb şirkəti olub, ancaq onlar da sonradan paylarını satıb gediblər.

“Abşeron” qaz-kondensat yatağı “Şahdəniz–2” kimi mürəkkəb geoloji struktura malikdir. Lakin “Şahdəniz-2” layihəsindən daha dərində yerləşir. Ona görə də “Abşeron” qaz-kondensat yatağında da manifold texnoloji üsulu ilə hasilatın həyata keçirilməsi gerçək­ləşəcək. Bu isə çox bahalı layihədir. Bu baxımdan SOCAR və “TotalEnergies” yarıbayarı paya malik idilər. Onlar öz paylarından 15 faiz kəsib ərəb şirkə­tinə satışa çıxardılar. Bu, “Abşeron–2” layihəsi üzrə mümkün kapital yatırımın­da risklərin daha azaldılması mənasını verir.

Yeri gəlmişkən, “Abşeron” layihə­si çərçivəsində bir ildə maksimum 1,5 milyard kubmetr qazın hasil edilmə­si planlaşdırılır. Bu qazın bütünlükdə Azərbaycanın daxili tələbatının ödənil­məsinə yönəldilməsi qarşıda mühüm vəzifə kimi durur. Yatağın ikinci mər­hələsində çıxarılacaq qazın isə xarici bazarlarda satılması və yaxın beş il ərzində bu perspektivin gerçəkləşməsi nəzərdə tutulur. Eyni zamanda, yatağın ikinci mərhələsində nə qədər qazın ha­sil olunacağlı ilə bağlı SOCAR və onun tərəfdaşı hazırda danışıqlar aparır.

Sonda qeyd edim ki, “Abşeron” çox mürəkkəb quruluşa malik qaz-kon­densat yatağıd olaraq indiyədək Xəzər dənizində açılan və istismar edilən ən dərin hissədə yerləşir. Əgər “Şahdə­niz” yatağı dənizin 550 metr dərinli­yində yerləşirsə, “Abşeron” 600 metr dərinlikdədir. O cümlədən məhsuldar qaz layları əgər “Şahdəniz”də 6 min 800–7 min 100 metr dərinlikdədirsə, “Abşeron” yatağında bu 7 min 300 metr dərinliyə qədər uzanır. Ona görə, mürəkkəblik baxımından Xəzər dəni­zində indiyənədək hasilat gözlənilən ən mürəkkəb yataqdır. 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat