Əsas diqqət prioritet sahələrə yönəldilir

post-img

Prezident İlham Əliyevin 4 avqust 2023-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bir sıra dəyişikliklər edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) sektor müdiri Təranə Salıfova bununla bağlı bildirib ki, sözügedən strategiyanın “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivə” bəndi üzrə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faiz, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi hədəflənir. 

Dəyişiklikdən əvvəl müvafiq göstəricilər ümumi dövlət bor­cunun ÜDM-də payının 20 faiz, o cümlədən xarici dövlət borcu­nun ÜDM-də payının isə 10 faiz ətrafında saxlanması nəzərdə tutulmuşdu. Prezident İlham Əliyevin cari ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə də qeyd etdiyi kimi, ötən dövr ərzində qoyulmuş hədəfə nail olunub, xarici dövlət borcumuz 6,7 milyard dol­lar təşkil etməklə ÜDM-in təxminən 10 faizini təşkil edib. 

T.Salıfova bildirib ki, müvafiq dəyi­şikliklərdən irəli gələrək 2023-cü ilin ilk yarımili üzrə strategiyada nəzərdə tutu­lan tədbirlərin nəticə indikatorlarının illər üzrə bölgüsünü müəyyənləşdirən cəd­vəli yenidən nəzərdən keçirilməklə ara­lıq və yekun nəticə indikatorlarında da müvafiq dəyişikliklər öz əksini tapacaq.

Yuxarıda vurğulanan dəyişikliklər Azərbaycan Prezidentinin 2022-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivə­si”ndə öz əksini tapıb.

Bununla yanaşı, çərçivə sənədin­də bir sıra əlavə dəyişikliklər də edilib. Belə ki, xarici dövlət borcunun qaytarıl­ması ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədi ilə prioritet sahələrdə investi­siya layihələrinin maliyyələşdirilməsi üçün 5 milyard ABŞ dollarınadək xarici borcun cəlb edilə biləcəyi qeyd olunub. Bu səbəbdən xarici dövlət borcunun ÜDM-yə nisbət göstəricisi (10 faiz) xa­rici dövlət borcunun nominal ifadədə təsbit olunan yuxarı hədd göstəricisi (10 milyard ABŞ dolları) ilə əvəz olunub.

Yeni dəyişikliyə əsasən, 2025-ci ilin sonuna xarici dövlət borcunun 7,1 milyard ABŞ dolları məbləğində, yəni, ÜDM-in 10,7 faizi həcmində olması gözlənir. Bununla belə, mövcud xari­ci dövlət borcunun qaytarılması, eləcə də ölkənin sosial-iqtisadi inkişaf temp­lərinə əlavə təkan verilməsi məqsədilə prioritet sahələrdə investisiya layihələ­rinin maliyyələşdirilməsi səbəbindən bu göstəricilərin dəyişəcəyi də istisna edilmir.

“Xalq qəzeti”

İqtisadiyyat