Ağdam-Xankəndi yolu separatçılara niyə sərf eləmir?

post-img

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi artıq yekunlaşmaq üzrədir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlu­matına əsasən, başlanğıcını Bərdə şəhərindən götürən Bər­də-Ağdam avtomobil yolunun uzunluğu 44,5 kilometr təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərə­cəyə uyğun olaraq inşa edilir.

Hazırda yol əsasının və asfalt-beton örtüyünün 2 layının tikintisi başa çatıb. Layihədə nəzərdə tutulan yol qovşaq­ları və körpülər üzrə tikinti işləri, həmçi­nin magistral boyunca dairəvi suötürücü boru, düzbucaqlı su keçidi və zəruri yer­lərdə yeraltı keçidlərin inşası tamamla­nıb.

Beləliklə, layihə üzrə nəzərdə tu­tulan işlərin 88 faizi icra olunub. Yaxın müddət ərzində yeni yolun tikintisinin başa çatdırılması nəzərdə tutulub. Bu­nun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Bərdə–Ağdam avtomobil yolu işğal­çıdan təmizlənən Ağdam şəhərinə qədər salınır. Magistralın ilk 14 kilometrlik his­səsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsindən keçir. Ümumilik­də isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, adları çəkilən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

Bununla yanaşı, Vətən müharibəsin­dən sonra başlanan tarixi Bərdə-Ağdam dəmir yolu xəttində də yenidənqurma işləri sürətlə aparılıb. “Azərbaycan Də­mir Yolları” QSC-nin məlumatına görə, artıq uzunluğu 47,1 kilometr olan yolun 90 faiz layihələndirilməsi yerinə yetirilib. Uzunölçülü relslər 100 faiz quraşdırılıb, 128 mühəndis qurğusunun tikintisi başa çatdırılıb. Ümumilikdə tikinti işlərinin 70 faizi tamamlanıb və layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.

Göründüyü kimi, Bərdə–Ağdam avtomobil və dəmir yollarının inşası sürətlə aparılır və hər iki infrastrukturun tezliklə istismara veriləcəyi gözlənilir. Sözügedən tikinti prosesinə xüsusi əhəmiyyət verilməsi həm də Qarabağa böyük həcmdə digər yüklərin daşın­ması üçün Laçın yoluna alternativ kimi, Ağdam–Xankəndi marşrutunun önəmi ilə bağlıdır. Çünki əvvəla rəsmi Bakının təklif etdiyi və Brüsselin də dəstəklədiyi bu təşəbbüs Qarabağ iqtisadi zonasın­da yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının reinteqrasiyası prose­sinə mühüm töhfədir. Digər tərəfdən, İrəvan və Qarabağ separatçı liderlərinin müqavimətinə baxmayaraq, Azərbayca­nın dəstəklədiyi Ağdam–Xankəndi mar­şrutu ilə irihəcmli yüklərin daşınması daha sərfəlidir. Ona görə ki, Laçın sər­həd-buraxılış məntəqəsindən keçməklə Ermənistana və yaxud əks istiqamətə işğalçı dövlətin israr etdiyi yolla yük daşınması relyef baxımından əlveriş­sizdir. Hətta sövet dönəmində belə bu marşrutla iri həcmdə yüklərin daşınması üçün istifadə olunması xatırlanılmır. Bu yolla əlaqədar separatçıların təkidi isə müəyyən ölkələrdən qaçaqmalçılıq yolu ilə əldə olunan silah-sursatın Ermənis­tana daşınması, oradan isə Xankəndiyə “humanitar yardım” adı altında keçiril­məsi məqsədi daşıyır.

Milli Məclisin deputatı, iqtisadçı-eks­pert Vüqar Bayramovun sözlərinə görə, Ermənistan rəhbərliyi hələ də hər vəchlə Ağdam-Xankəndi yolundan istifadə et­məkdən boyun qaçırır. Halbuki 26 kilo­metrlik bu yol müasir standartlara uyğun qurulmaqla yanaşı, bölgədə Xankəndinə ən qısa məsafə hesab olunur. Belə ki, La­çın–Xankəndi yolu 60 kilometrdir və bu marşrut Şərqi Zəngəzurla Qarabağı bir­ləşdirir. Ümumiyyətlə, Ağdam–Xankəndi yolu Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəq­liyyat xəttidir. Daxili nəqliyyat və logistik şəbəkə iqtisadi inkişaf üçün zəmin ya­ratdığından yolun intensiv istifadəsi əhə­miyyətlidir.

Deputatın fikrincə, əgər məqsəd Azərbaycanın Qarabağ bölgəsində ya­şayan ermənilərə humanitar yardım göstərməkdirsə, niyə Ermənistan siyasi hakimiyyəti daha qısa və müasir stan­dartlara uyğun qurulan yoldan istifadə­dən imtina edir?

Bəli, ekspertlərin haqlı olaraq vur­ğuladıqları kimi, bu gün Ermənistandan Qarabağa irihəcmli yüklərin daşınması üçün ən səmərəli variant Qazax–Bərdə–Ağdam marşrutudur. Yazının əvvəlində göstərdiyimiz kimi, Bərdə-Ağdam avto­mobil və dəmir yollarının sürətli bərpası da bu məqsədə xidmət edir. Yeri gəlmiş­kən, perspektivdə nəzərdə tutulan yol sovet dövründə olduğu kimi, Qazax-Bər­də-Ağdamdan sonra Əsgərana və bura­dan da mövcud dəmir yolu ilə Xankən­diyə qədər davam etdirilə bilər. 

Təbii ki, Azərbaycanın əlverişlilik baxımından təqdim etdiyi digər marş­rutlar da var. Məsələn, yüklər asanlıqla dəmir yolu ilə Gəncəyə çatdırılır. Bura­dan isə Ağdama məsafə 130 kilometrdir. Perspektivdə isə təcili yüklər Ağdam ae­roportuna da daşına bilər. Ümumiyyətlə, bütün variantların Qarabağ ermənilərinin reinteqrasiyasına, elektrik enerjisi və tə­bii qaz təchizatının yaxşılaşdırılmasına, ticari-iqtisadi əlaqələrin qurulmasına müsbət təsiri şübhəsizdir. 

Ermənistan rəhbərliyinin, ilk növbə­də, Qarabağ separatçılarının Azərbay­canın bu planlarına qarşı çıxmaları isə, şübhəsiz ki, Laçın yolu ətrafında spe­kulyasiyaya yol açmaq istəklərindən irəli gəlir. Eyni zamanda, beynəlxalq ictima­iyyəti çaşdırmaq, hədəfdən yayındırmaq üçün Laçın yoluna yönəlmiş bütün cəhd­lər Azərbaycan Ordusunu təxribata təh­rik etmək məqsədi daşıyır. 

“Xalq qəzeti”



Siyasət