Ölkəmiz Türkiyənin təşəbbüsü olan Himayədar Ailə ilə bağlı Nazirlər Bəyannaməsinə qoşulub

post-img

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində qardaş ölkənin ailə və sosial xidmətlər naziri xanım Mahinur Özdemir Göktaşla görüş olub. 

XQ xəbər verir kİ, görüşdə Azərbaycan və Türkiyə dövlət başçılarının səyləri ilə ölkələrimiz arasında münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi, əlaqələrimizin sosial xidmətlər sahəsində də daim inkişaf edərək genişləndiyi vurğulanıb. Bu sahədə uğurlu əməkdaşlığın həyata keçirilməsindən məmnunluq ifadə olunub.  

Anar Əliyev Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən hazırlanmış Himayədar Ailə ilə bağlı Nazirlər Bəyannaməsinin uşaqların ailə mühitində böyüməsinin təşviqinə mühüm dəstək olduğunu bildirib. Bəyannamənin himayədar ailə sisteminin inkişafı üçün beynəlxalq əməkdaşlıq platforması rolunu oynayacağını qeyd edib, bu təşəbbüsə görə təşəkkürünü bildirib. 

Xanım Mahinur Özdemir Göktaş sosial xidmətlər, himayədar ailə modelinin tətbiqi ilə bağlı məqsədyönlü əməkdaşlığın həyata keçirildiyini, aparılan ardıcıl təcrübə mübadilələrinin önəmini qeyd edib. 

Görüşdə iki qurum arasında gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Sonra ölkəmiz tərəfindən Anar Əliyev Himayədar Ailə ilə bağlı Nazirlər Bəyannaməsini imzalayıb. Sənəddə himayədar ailə xidmətlərinin gücləndirilməsi və təşviqi üçün ölkələr arasında ən yaxşı təcrübələrin mübadiləsi mexanizmlərinin yaradılması, himayədar ailə xidmətləri üzrə ictimai maarifləndirmənin artırılması üçün 30 iyun tarixinin - beynəlxalq səviyyədə “Himayədar Ailə Günü” kimi müəyyən edilməsi əksini tapır. 

Bəyannamə həmçinin himayədar ailə xidmətləri üzrə əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif ölkələrin nümayəndələrindən ibarət “Himayədar ailə üzrə İşçi Qrupu”nun təsis edilməsini, Türkiyənin himayədar ailələrin sayının artırılmasına xidmət edən “Dünyanın Könüllü Elçiləri Layihəsi” nümunə kimi götürülməklə himayədar ailə təcrübəsinin qlobal miqyasda genişləndirilməsini və s. nəzərdə tutur. 



Sosial həyat