Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Almaniyanın Əsas Dəyərlər və Xalqlararası Anlaşma Fondunun Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.
XQ xəbər verir ki, institut rektoru, dosent Aqil Şirinov ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Rektor Aİİ-də tədris prosesinin ölkəmizdəki mövcud tolerant, multikultural mühit nəzərə alınmaqla təşkil edildiyini diqqətə çatdırıb. Ali təhsil ocağında bakalavriat, magistratura və doktorantura pillələrinin mövcud olduğunu vurğulayan rektor Aİİ-də təhsilin tamamilə ödənişsiz həyata keçirildiyini qeyd edib.
Aqil Şirinov İnstitutun ilahiyyat sahəsində tanınmış xarici ölkə universitetləri ilə beynəlxalq əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib. Rektor bu istiqamətdə imzalanmış əməkdaşlıq müqavilələrinə əsasən tələbə mübadilələrinin həyata keçirildiyini, akademik heyət tərəfindən təhsilalanlar üçün seminarlar təşkil olunduğunu vurğulayıb.
Almaniyanın Əsas Dəyərlər və Xalqlararası Anlaşma Fondu İdarə Heyətinin sədri Erix Alfred Tilo Braun görüşdən məmnunluğunu ifadə edib. O, Azərbaycanda mövcud olan tolerant, multikultural mühiti və bu istiqamətdə aparılan siyasəti yüksək qiymətləndirdiyini nəzərə çatdırıb. Qonaq, xüsusilə müxtəlif məzhəb nümayəndələrinin eyni məsciddə ibadət etmələrinin nümunəvi addım olduğunu və bu təcrübənin bütün dünyada təşviq edilməsinə ehtiyac duyulduğunu bildirib.