Orta Dəhliz Şərqlə Qərbi qovuşduran mötəbər logistik şəbəkədir

post-img

Bu marşrutla respublika ərazisindən yükdaşıma 4,8 faiz artaraq 60 milyard 761 milyon tona çatıb

Ölkə Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında nəqliyyat sektorunun əhəmiyyətinin getdikcə artdığını diqqətə çatdıraraq bəzi məhdudlaşdırıcı tədbirlərin yeni nəqliyyat marşrutlarının açılmasına səbəb olduğunu bildirib. 

Bu baxımdan əlverişli coğrafi vəziyyətin ölkə­miz üçün əlavə imkanlar yaratdığını vurğulayan dövlətimizin başçısı deyib: “Biz nəqliyyat sektoru­nun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət apa­rırıq və öz ərazimizdə infrastrukturu, demək olar ki, əvvəlki dövrün tələbatına uyğun olaraq tam modernləşdirmişik. Amma bu gün tələbat daha da artır. Çünki yüklər artır, nəqliyyat marşrutları, qeyd etdiyim kimi məhdudlaşır. Həm Şimaldan Cənu­ba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibar­lı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir”.

İndiki geosiyasi şəraitdə Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Bu, özünü daha çox Azərbay­can ərazisindən, yəni Xəzər dənizi ilə daşınan yüklərin həcminin getdikcə artmasında göstərir. Ona görə də respublikamızın nəqliyyat və logis­tika imkanları davamlı şəkildə genişləndirilir. Bakı Dəniz Limanının imkanlarının 25 milyon tona çatdırılması nəzərdə nəzərdə tutulur. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrast­rukturu ən müasir səviyyədə qurulur. 

Beləliklə, respublikamız artıq beynəlxalq aləmdə Şərq–Qərb, Şimal–Cənub nəqliyyat dəh­lizləri ilə yanaşı, Orta Dəhliz marşrutu ilə də mü­hüm mərkəz kimi tanınır. Azərbaycanın tərəfdaş­ları ilə birlikdə bu nəqliyyat infrastrukturunun tam ötürücülük gücü ilə fəaliyyətini gerçəkləşdirmək üçün praktik işlər görülür. Hökumət tərəfindən dəhlizlərin inkişafına mühüm vəsait ayrılması, avtomobil və dəmir yollarının müasir səviyyədə qurulmasının diqqətdə saxlanılması, eyni zaman­da, bütün bu infrastrukturun əsaslı təmirinin apa­rılması həmin dəhlizin işinin canlandırılmasını şərtləndirir. 

Avrasiya bazarında yükdaşımaların dəyiş­məsi və yükdaşıma şirkətlərinin Orta Dəhliz is­tiqamətində miqrasiyası bu prosesi sürətləndirib. Avropa İttifaqı (Aİ) tərəfindən bu yaxınlarda Ru­siyaya qarşı sanksiyaların 11-ci paketinin tətbiqi, o cümlədən Rusiyanın qoşqulu və yarımqoşqulu yük maşınları ilə yüklərin daşınmasına tamamilə qadağa qoyulması da Orta Dəhlizə marağı artı­rıb. 

Xatırladaq ki, Aİ-nin 11-ci paketi çərçivəsin­də yeni anti-Rusiya sanksiyaları, müəyyən mal və texnologiyaların üçüncü ölkələr vasitəsilə təkrar ixracının qarşısının alınması ilə yanaşı, Rusiya Federasiyasının nəqliyyat və logistika infrastrukturunun beynəlxalq fəaliyyətinə bir sıra məhdudiyyətlər daxil edilib. Bura yuxarıda vurğu­ladığımız kimi, Qərbin məhdudiyyətlərindən ya­yınmağın qarşısını almaq üçün Rusiya qoşqulu və yarımqoşqulu yük maşınları ilə yüklərin daşın­masına tam qadağa tətbiq olunub. Belə halda isə ötən ildən həyata keçirilən uzunmüddətli tədbirlər beynəlxalq tranzitin Şimal Dəhlizindən alternativ marşrutlara keçirilməsinə yönəlib ki, bunlardan ən mühümü Orta Dəhliz hesab edilir. 

Bu qərar təkcə Rusiya yükdaşıyıcılarına de­yil, həm də qonşu ölkələrə, o cümlədən ağır yük maşınlarının marşrutları cənub-qərb istiqamətin­də– Xəzər dənizi vasitəsilə sürətlə hərəkət edən Mərkəzi Asiya dövlətlərinin ekspeditor şirkətlə­rinə, eləcə də Cənubi Qafqaz və Türkiyə vasitə­silə istiqamətlənən tranzitə aiddir. Həmçinin son dövrlərdə Rusiya və İranı ölkəmizdən tranzitlə birləşdirən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə avtomobil daşımalarının intensivliyi də eyni sürətlə artır.

Belə bir şərait təbii ki, ölkə ərazisindən yük avtomobilləri ilə yükdaşımaların həcminin artma­sına müsbət təsir göstərib. Bu, cari ilin I yarımilində də müşahidə olunub. Belə ki, respublika üzrə avtomobil nəqliyyatı ilə yüklərin daşınması 4,8 faiz artaraq 60 milyard 761 milyon tona çatıb. Eyni zamanda, bu ilin ötən aylarında Orta Dəhliz üzrə avtomobil nəqliyyatı ilə yüklərin tranziti Aİ-də getdikcə daha çox tərəfdar qazanıb. Bundan başqa, iyun ayında TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi tərəfindən Litva­dan Polşaya, daha sonra Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstana multimodal marşrut üzrə yarımqoşqulu yük maşını traktorları ilə yük­lərin pilot daşınmasını təşkil edən təşəbbüs irəli sürülüb. 

Yeri gəlmişkən, sözügedən istiqamətdə yük­daşımaların həcminin artırılmasını Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Orta Dəhliz) Assosiasiyası da diqqətdə saxlayır. Asso­siasiya hazırda bu məqsədlə Sinqapurla birlikdə Orta Dəhlizin rəqəmsallaşması konsepsiyasını yaradır. Qurumun baş katibi Haydar Abdikerimo­vun sözlərinə görə, indi dəhlizin detalizasiyası üzrə işlər görülür və cari ilin iyunundan dəhlizə qoşulacaq ölkələrin (Sinqapur, Bolqarıstan və Lit­va) bu marşruta qoşulacağı nəzərdə tutulur. 

Haydar Abdikerimov bildirir ki, Orta Dəhlizin rəqəmsallaşması üzrə işlər Sinqapurun aparıcı şirkətləri ilə həyata keçiriləcək. Bu konsepsiya iştirakçılar arasında məlumat mübadiləsinin yax­şılaşmasına, həmçinin sərhəd keçidlərinin sürət­ləndirilməsinə səbəb olacaq. Sərhəd keçidlərinin sadələşdirilməsindən danışan assosiasiyanın baş katibi qeyd edib ki, bu məsələ ilə bağlı Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) və BMT-nin struktur bölmələri ilə birgə layihələr reallaşdırılır. 

Onu da qeyd edək ki, yaxın beş il ərzində Orta Dəhlizin infrastrukturuna və proseslərin səmərə­liliyinin artırılmasına 5 milyard avroya yaxın in­vestisiya qoyulacağı nəzərdə tutulur. Marşrutun Mərkəzi Asiya istehsalçılarının Türkiyə, Şimali Afrika və Cənubi Avropa ölkələri istiqamətindəki dünya bazarları ilə inteqrasiyasında mühüm rol oynayacağı gözlənilir. Marşrutun əsas məqsədi isə Çin, Qazaxıstan kimi ölkələrdən, Xəzər dəni­zi ilə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, Polşa, Rumıniya ərazisindən yük tranzitinin təmin olunmasından ibarətdir.

Burada diqqətçəkən bir məqamı da xatırlat­maq istərdik. Belə ki, Avropanın aparıcı logisti­ka şirkətləri, xüsusən Danimarkanın “Maersk”, Avstriyanın “Rail Cargo Group”, Finlandiyanın “Nurminen Logistics” və Niderlandın “Rail Brid­ge Cargo” şirkətləri Orta Dəhlizə yüklər cəlb edir. Dünya İqtisadi Forumunun yaydığı məlumatda isə Çinlə Avropa arasında əmtəə dövriyyəsinin ildə 600 milyard dollar dəyərində qiymətləndiril­diyi bildirilir. 

Həmin məlumatda, eyni zamanda, Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz ərazisin­dən keçən Orta Dəhlizin Çinin Sakit Okean sahi­lindən Avropaya ən qısa yol olduğu, Şanxaydan Avropaya yüklərin daşınmasının bu marşrutla 10 gün çəkə biləcəyi də vurğulanır. Həmçinin belə bir səmərəliliyə malik marşrut vaxta qənaətlə ya­naşı, tranzit ölkələr arasında ticarətə təkan verə, regional inteqrasiyanı möhkəmləndirə və iqtisadi diversifikasiyaya səbəb ola bilər.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

İqtisadiyyat