Xəzərdən Avropaya “mavi axın”

post-img

TAP-ın genişləndirilməsi ölkəmizin qaz ixracı imkanlarını artıracaq

Zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. “Köhnə qitə”nin təbii qazla tə­minatına mühüm töhfələr verən ölkəmiz artıq özünü etibarlı enerji tərəfdaşı kimi təsdiqləyib. Xatırla­daq ki, Azərbaycan 2020-ci il de­kabrın 31-də Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. 

TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Boru kəmərinin ümumi uzunluğu 878 kilometrdir ki, bu­nun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya əra­zisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir. Hazırda Azərbaycan TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı is­tehlakçıları təbii qazla təmin edir.

XXI əsrin nəhəng enerji dəhlizi olan Cənub Qaz Dəhlizinin son seqmenti sayılan TAP boru kəməri Avropa ölkələ­rinə qaz idxalı marşrutlarını şaxələndir­məyə geniş imkanlar yaradır. Artıq bir sıra ölkələr interkonnektorlar (birləşdirici kəmərlər) vasitəsilə TAP boru kəməri ilə daxili qaz şəbəkələrini əlaqələndirməyə maraq göstərirlər. Bu da Azərbaycan qazının Avropanın dərinliklərinə qə­dər gedib çatmasına imkan yaradır. Bu baxımdan Yunanıstan–Bolqarıstan (IGB) interkonnektorunu xüsusi qeyd etmək olar. Xatırladaq ki, bu birləşdirici kəmər 2022-ci il oktyabrın 1-dən qazın kommer­siya tədarükünə başlayıb. 

2023-cü ilin birinci yarısında Yuna­nıstan–Bolqarıstan interkonnektoru ilə 669 milyon kubmetr qaz nəql olunub. Bu barədə boru kəmərinin operatoru olan ICGB şirkətindən məlumat veri­lib. ICGB-nin icraçı direktorları Teodora Georgiyeva və Corc Satlasın mətbuata açıqlamalarına görə, cari ilin ilk yarısında boru kəməri ilə nəql edilmiş qazın həcmi 7,8 milyon meqavat-saat olub. Bu isə 669 milyon kubmetrə ekvivalentdir. Bu arada, Azərbaycan qazını Bolqarıstana çatdıran Yunanıstan–Bolqarıstan birləşdirici boru kəməri vasitəsilə kommersiya tədarükü­nün başlandığı vaxtdan 2023-cü ilin iyu­nun axırınadək nəql olunan qazın həcmi də açıqlanıb. Bolqarıstan mətbuatının yaydığı məlumata görə, hesabat dövrün­də kəmərlə, təqribən, 1 milyard 90 milyon kubmetr qaz nəql edilib. Bu da elektrik enerjisi ekvivalentində 12,7 meqavat-sa­ata bərabərdir. 

Məlumatda qeyd olunur ki, 185 kilometrlik Yunanıstan–Bolqarıstan birləşdirici boru kəməri Bolqarıstanı Trans-Adriatik Qaz Boru Kəməri ilə (TAP) birbaşa əlaqələndirir. İndiyədək Yunanıs­tan–Bolqarıstan interkonnektorunun 22 interkonnektor istifadəçi şirkəti qeydiyya­ta alınıb. Qeyd edək ki, IGB-nin illik ümu­mi nəqletmə gücü 3 milyard kubmetrdir. Bunun da 1,57 milyard kubmetri 25 ilə qədər davam edən uzunmüddətli müqa­vilələr əsasında artıq bron edilib. Yerdə qalan imkanlar müxtəlif müddətlərlə Av­ropanın “PRISMA” və “RBP” kimi 2 iri ticarət platformalarına çıxarılır. Şirkətdən verilən məlumata görə, illik imkanlar üzrə hərraclar uğurla yekunlaşdıqdan sonra IGB-nin növbəti qaz ili (2023-2024-cü illər) üzrə ümumi imkanlarının artıq 80 faizi bron edilib. 

Avropada təbii qaza tələbatın getdik­cə artması ilə əlaqədar olaraq gələcək­də birləşdirici boru kəmərinin illik ötürmə gücünün 5 milyard kubmetrə çatdırıl­ması planlaşdırılır. Yeri gəlmişkən, boru kəmərinin istismarına görə cavabdehlik daşıyan və ötürmə sisteminin müstəqil operatoru olan ICGB infrastrukturun bu­raxılış imkanlarının ildə 5 milyard kub­metrədək artırılmasında bazarın maraqlı olub-olmadığını öyrənmək məqsədilə bu yaxında buraxılış imkanlarının artırılması prosedurunu başladıb.

Bolqarıstana təbii qaz nəqlinin şaxələndirilməsi üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükə­sizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçı­lar üçün qiymətlərin optimallaşdırılması­nın vacib şərtidir. Qeyd edək ki, Bolqa­rıstanın “Bulgargaz” şirkəti Azərbaycan qazının nəqlinə dair Şahdəniz konsorsi­umu ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, Bolqarıstan şirkəti “Şahdəniz-2” layihəsi çərçivəsində ildə 1 milyard kub­metr qaz alacaq. 

Avropaya daha çox “mavi yanacaq” tədarük edilməsi üçün Trans-Adriatik Qaz Boru Kəmərinin genişləndirilməsinə ehti­yac var. Artıq bu ideya da gerçəkləşmək üzrədir və yaxın vaxtlarda layihə ilə bağlı fiziki işlərə start veriləcək. Təsadüfi deyil ki, iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa keçirilən Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev bu­nunla bağlı deyib: “Bu gün Azərbaycan üç il əvvəl inşa edilən boru kəmərinin ge­nişləndirilməsi ilə məşğuldur. Nəyə görə? Çünki tələbat artır. TAP boru kəməri 10 milyard kubmetrə hesablanmışdısa, 20 milyard kubmetrə qaldırılmalıdır. TANAP 16-dan 32-yə qaldırılmalıdır. Bu, əvvəllər bizdən gözlənilmirdi. Lakin indi gözlənilir və vəziyyət dəyişib” .

Dövlətimizin başçısı boru kəmərinin genişləndirilməsinin vacibliyini ölkəmizin zəngin qaz ehtiyatlarına malik olması və hasilatın ildən-ilə artması ilə əlaqələn­dirib. Hasilatın artması isə Azərbaycan qazına beynəlxalq marağı getdikcə güc­ləndirir. Bu da öz növbəsində ölkəmizin ixrac imkanlarının genişləndirilməsinə səbəb olur. Elə son illərin ixrac dinami­kası da bunu təsdiqləyir. Belə ki, 2021-ci ildə Azərbaycandan Cənub Qaz Dəhlizi və genişləndirilmiş Cənubi Qafqaz boru kəməri ilə Gürcüstan, Türkiyə və Avropa bazarlarına19 milyard kubmetr qaz ixrac edilibsə, bir il sonra bu göstərici 22 mil­yard kubmetrədək artıb. Bu il isə Azər­baycandan 24,5 milyard kubmetr “mavi yanacaq” ixracı planlaşdırılır ki, bunun da 12 milyard kubmetri Avropaya nəql olunacaq.

TAP-ın icraçı direktoru Luka Skyepatti bildirib ki, konsorsium bu ay 2023-cü ilin yeni bazar sınağını işə salacaq. Sınağın qeyri-məcburi mərhələ ilə başlayacağını bildirən icraçı direktor deyib ki, TAP-ın ilkin uzunmüddətli imkanları layihənin icrasına investisiyaların dəstəklənməsi üçün 25 illik uzunmüddətli sazişlər əsa­sında yükgöndərən tərəfindən ayrılıb. Onun sözlərinə görə, TAP-ın imkanları­nı ildə təqribən 20 milyard kubmetrədək genişləndirmək mümkündür. L.Skyepatti TAP-ın genişləndirilməsi üçün mütəmadi bazar sınaqlarının açıq, şəffaf və qey­ri-diskriminativ formada həyata keçiril­diyini qeyd edib. Bazar sınaqlarının ilk mərhələsinin uğurlu olduğunu vurğula­yan icraçı direktor bildirib ki, ikinci məc­buri mərhələnin 2023-cü ilin dekabrında başladılacağı gözlənilir. 

Yeri gəlmişkən, beynəlxalq ekspertlər hesab edirlər ki, Trans-Adriatik Qaz Boru genişləndirilməsi, həm də gələcəkdə yeni həcmdə hidrogen və digər bərpaolunan qazların nəqlinə kömək edə bilər. TAP-ın Yunanıstan üzrə nümayəndəsi İonnis Maris bildirib ki, boru kəməri Avropaya 22 milyard kubmetrdən çox təbii qaz idxal edib. TAP-ın Avropanın enerji keçidinə töhfə verməklə bağlı da öhdəlik götür­düyünü vurğulayan nümayəndə deyib ki, kəmər artıq ilk səviyyəni genişləndirməyə nail olub. 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat