Rusiya vasitəçiliyi, Lavrov missiyası: hər şey var – heç nə yoxdur

post-img

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskva təmasına sözardı

Məlum olduğu kimi, iyulun 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirildi. Görüş barədə ilk təəssürat budur: iki Cənubi Qafqaz ölkəsinin xarici siyasət idarələrinin rəhbərləri Rusiyanın paytaxtına, sadəcə, öz mövqelərini bildirmək üçün yollanmışdılar. Onların nələrdən söz açdıqlarını diqqətə çatdıracağıq. Hələlik isə azacıq da olsa, pozitivə köklənək və Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun görüşdən əvvəlki fikirlərinə nəzər salaq. Çünki, əslində, nikbin əhval-ruhiyyə yalnız onda idi. Görünür, Kremlin çoxdandı reallaşdırmaqda çətinlik çəkdiyi görüşü, belə demək mümkünsə, reallaşdırması S.Lavrovun ovqatına müsbət təsir göstərmişdi. 

Nikbin preambuladan gerçəkliklərə doğru

Bəli, Rusiya vasitəçilik anlamında ortaya yenilik qoymadı. Lavrov ölkəsinin Cənubi Qafqazda sülh və sabitliyin qo­runmasındakı marağını ifadə etdi. Bildir­di ki, Kreml Ermənistan, Azərbaycan və Rusiya arasında bütün üçtərəfli sazişlərə bütövlükdə və qarşılıqlı münasibətlərdə hörmətlə yanaşılmasının və həyata keçi­rilməsinin tərəfdarıdır. Bu, o deməkdir ki, Bakı və İrəvanın təmsilçiləri dünyanın ha­rasında görüşürlərsə-görüşsünlər, əsas kimi həmin sazişləri götürməlidirlər. 

Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərləri – Ceyhun Bayramov və Ararat Mirzoyanla birlikdə təmasdan əv­vəl, onlarla təkbətək danışıqlar apardı­ğını vurğuladı və dedi: “İndi isə üçümüz Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin arasında Qarabağ probleminin həlli ilə bağlı saziş­lərdən irəli gələn vəzifələrin, daha geniş mənada Bakı ilə İrəvan arasındakı mü­nasibətlərin tam normallaşması vəzifələ­rinin həyata keçirilməsi üçün səylərimizi davam etdirəcəyik”.

Göründüyü kimi, Lavrovun düşüncə­sində Qarabağ problem kimi qalır. Hal­buki, konseptual baxımdan bu yanaşma yolverilməzdir. Ona da diqqət yetirək ki, Qərb tənzimləmə xətti Bakı–İrəvan ni­zamlamasını prioritet götürür. Orada ayrıca Qarabağ seqmenti yoxdur. Rusiya isə köhnə dalğalara köklənir. Əlbəttə, niy­yətini yeni ab-havaya uyğunluq görüntü ilə pərdələməyi də yaddan çıxarmır. Bu­nun izahını verəcəyik...

Moskvanın üçtərəfli sazişlərə bütöv­lükdə və qarşılıqlı münasibətlərdə hör­mətlə yanaşılmasını və praktikada tət­biqini müdafiə etdiyini bildirən Rusiyanın baş diplomatı Azərbaycan və Ermənis­tan XİN rəhbərlərinin dəvətinin daha bir məqsədinə də aydınlıq gətirib. Deməli, Rusiya Qarabağ probleminin həllinə, necə deyərlər, mükəlləf imiş, amma: “Bu gün mən sizi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesinin hazırda nə yerdə olduğu barə­də fikir mübadiləsi aparmağa dəvət etmək istərdim. Biz ekspert potensialımızdan və burada təmsil olunan dostlarımızla yaxşı münasibətlərimizdən yararlanaraq, pro­sesin koordinasiyasında hər cür kömək göstərməyə hazırıq. Ümidvarıq ki, bütün bu məsələləri praqmatik, konstruktiv at­mosferdə müzakirə edəcəyik”.

Deməli, sülh müqaviləsi üzrə danı­şıqlar kənarda gedəcək, Rusiya onu mü­zakirə edəcək. Belə yanaşma olurmu? Moskva bunu hansı haqla edəcək? Əl­bəttə, özü üçün haqq müəyyənləşdirmək Rusiya üçün problem olmayıb. Yenə də problem deyil və Rusiya istəyir ki, tərəflər Qərb platformasında aparılan danışıqla­rın detallarını bölüşsünlər. Nə üçün? Bir halda ki, Moskva üçtərəfli bəyanat mən­tiqi ilə hərəkət edir, o zaman beynəlxalq ictimai rəydə ikitərəfli danışıqlar, yəni bir­başa təmas kimi qəbul edilən Brüssel və ya Vaşinqton formatı ona hansı səbəb­dən maraqlı olmalıdır?

Rusiya vasitəçidir, yoxsa tərəf?

Digər yandan, Rusiya üçtərəfli razı­laşmalara əsasən, özünü Azərbaycan–Ermənistan münasibətlərində birbaşa tərəf qismində görürsə, deməli, hər bir halda, onun Qərb formatı ilə razılaşma­yacağı aşkardır. Hesab edək ki, müha­ribəyə bu şəkildə son qoyan Kremldir. Amma bu amilin onu tərəfə çevirməsi nə dərəcədə qanunidir? Bu kimi suallar rito­rikdir, çünki cavabı bəllidir.

Rusiyanın Cənubi Qafqaz siyasi ak­vatoriyasında müəyyənləşdirdiyi oyun var və ölkə istəmir ki, mövcud platfor­ma kənar qüvvələrin nəzərində, yaxud marağında olsun. Bu yerdə Lavrovun diqqətə çatdıracağımız növbəti fikirləri əhəmiyyətini itirir. Yaxud həmin fikirlərin səmimiliyinə inanmaq mümkünsüzləşir. Rusiyanın XİN rəhbəri deyir ki, Moskva Azərbaycanın və Ermənistanın sülh pro­sesinə digər vasitəçiləri də cəlb etməkdə maraqlı olduğunu başa düşür və Bakı ilə İrəvan arasında razılığa gəlinməsi yö­nündə atılan addımları alqışlayır. Alqışla­yırsa, üçtərəfli bəyanatı üstün tutmaq nə üçündür? Axı, həmin üçtərəfli sənədlərdə iki Cənubi Qafqaz ölkəsi arasındakı mü­nasibətlərin tənzimlənməsi baxımından fundamental heç nə yoxdur. Bu razılaş­malar daha çox atəşkəsin əldə edilməsi və möhkəmləndirilməsi xəttini rəhbər tutur. Qərb formatı isə əsaslı sülh üçün daha təkmil və fundamental platforma təəssüratı yaradır. 

Kremlin üçtərəfli Bəyanatı ehkamlaş­dırmaq məqsədilə düzənlədiyi görüşün özünə gəlincə, bu yerdə əvvəldə vurğula­dığımız pozitivi bir kənara ataq və görək ki, Azərbaycanın və Ermənistanın XİN rəhbərləri Moskvada nələrdən danışdı­lar. Başlayaq ölkəmizin Xarici işlər naziri Ceyhun Bayramovun fikirlərindən.

Bayramovun dedikləri

C.Bayramov Lavrovla ikitərəfli və Er­mənistanın xarici işlər naziri Ararat Mir­zoyanla üçtərəfli görüşlərdə Bakı–İrəvan normallaşma xəttinin müzakirəyə çıxa­rıldığını vurğulayıb. Yəni, Rusiya XİN rəhbərinin “Qarabağ müzakirəsi” mən­tiqi dövriyyədən çıxır. Nazir C.Bayramov bölgədəki mövcud vəziyyət kontekstində Azərbaycanın regionda sülh və təhlükə­sizliyin yaranması naminə atdığı addım­lara qarşı Ermənistan tərəfindən hədə və qeyri-qanuni fəaliyyətlərin törədildiyini, habelə təyyarələrin uçuşuna maneələrin yaradıldığını, hərbi təxribatlar gerçək­ləşdirildiyini diqqətə çatdırıb. O, bölgədə humanitar vəziyyətə dair səsləndirilən iddiaların tamamilə əsassızlığını, bu iddi­aların siyasi manipulyasiya olduğunu da bildirib.

C.Bayramovun fikirlərindəki daha bir diqqətçəkən məqam onun İrəvanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəya­natdakı öhdəliklərə zidd fəaliyyət göstər­diyini söyləməsidir. Azərbaycanlı nazir mövcud xüsusda Laçın yolundan hərbi məqsədlər, habelə Azərbaycanın təbii sərvətlərinin qanunsuz daşınması üçün sui-istifadə hallarına yol verildiyini bildirib və deyib ki, belə təmayüllərlə mübarizə aparmaq Azərbaycanın suveren hüququ­dur. XİN rəhbəri bu məqsədlə ölkəmiz tərəfindən Laçında nəzarət-buraxılış məntəqəsinin təsisini zəruri tədbir kimi dəyərləndirib. O məntəqənin ki, orada erməni sakinlərin hər iki istiqamətdə şəf­faf, təhlükəsiz və nizamlanan keçidi üçün şərait yaradılmışdı. Lakin Ermənistan iyunun 15-də ərazidə təxribat törətdi və bununla da həmin erməni sakinlərin ke­çidinə maneçilik yarandı. 

Görüşdə C.Bayramovun üzərində dayandığı başlıca məqam Azərbaycanın erməni sakinlərin ehtiyaclarının qarşılan­ması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürdüyünü vurğulamasıdır. Məlumdur ki, erməni tərəfi buna qarşı çıxır, məkrli niyyətlər güdür və humanitar vəziyyət barədə id­diaları siyasi şantaj vasitəsinə çevirir. Buna qarşılıq ölkəmiz özünün suveren ərazilərində yaşayan ermənilərin reinteq­rasiyasına müdaxilə cəhdlərinə son qo­yulmasını, ərazi bütövlüyümüzün sözdə və əməldə qeyd-şərtsiz təsdiqlənməsini, Qarabağdakı erməni silahlı qüvvələrinin oradan çıxarılmasını zəruri sayır. 

Bəli, nazir C.Bayramov Moskvada bunları vurğulamaqla faktiki olaraq Ru­siyanın ön plana daşımağa çalışdığı üçtərəfli bəyanata əməl olunmadığını bil­dirib. Ən əsası isə o, Ermənistanın Mos­kvanın deyil, Qərbin vasitəçiliyinin gün­dəmində yer alan məsələlərdən boyun qaçırdığını da diqqətə çatdırıb. Məsələn, humanitar yardımların daşınması üçün “Ağdam-Əsgəran” yolunu götürək. Bu, o yoldur ki, Rusiyanın Qarabağdakı adamı sayılan Ruben Vardanyan həmin yola beton plitələr düzdürərək, oradan huma­nitar yardımların daşınmasının qarşısını almışdı. Yeri gəlmişkən, R.Vardanyanın saxta etiraz aksiyasının Rusiyanın Xarici İşlər Nazirliyinin Azərbaycan və Ermənis­tan liderlərinin 15 iyul Brüssel görüşü ilə bağlı bəyanatından dərhal sonraya tə­sadüf etməsi qəribədir. Bir çox siyasilər Rubenin bu hərəkətini Moskvanın Qərb formatına etirazı kimi qiymətləndirirlər... 

Mirzoyan isə dedi ki...

Əslində, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Moskvada ölkəsinin üç­tərəfli bəyanata məhəl qoymadığını bir daha göstərdi. Qarabağda erməni hərbi birləşmələri qalırsa, deməli, sənəd fakti­ki olaraq işləmir. İrəvan təmsilçisi bunu deyil, Laçın dəhlizinin bağlanmasını və Qarabağın erməni əhalisinin, guya, blo­kadaya alınmasını həmin bəyanata zidd məqam kimi qabardır. Maraqlıdır ki, Mir­zoyan ölkəsinin təmsilçilərinin Azərbay­can nümayəndələri ilə görüşlərinin və danışıqlarının kifayət qədər intensiv xa­rakter daşıdığını, bəzi məsələlərdə konk­ret nəticələrin əldə olunduğunu, tərəflərin qarşılıqlı razılığa gələ biləcəkləri pers­pektivin yarandığını bildirib. O, fikirlərini diqqətə çatdırarkən, Qərb tənzimləməsi xətti üzərinə fokuslanıb. Mövcud müstə­vidə problemli məqamların da qaldığını deyən erməni nazir əlavə edib ki, həmin məqamlarla əlaqədar mövqelər bir-birin­dən çox uzaqdır. 

Əlbəttə, A.Mirzoyan Moskvadakı çıxı­şında Qarabağda humanitar böhran şou­su ilə bağlı “sentimental zəngulələr” vura­raq manipulyasiyaya yol verməyi yaddan çıxarmayıb. Onun çıxışındakı başlıca məqam isə budur ki, Ermənistan bütün platformalarda və sahələrdə danışıqlara sadiq qalacaqdır. Deməli, İrəvan Mosk­vaya sərfəli trayektoriyanı özü müəyyən­ləşdirəcəyinə dair mesajını çatdırır. 

Lavrov hələ “sülhə gəlmir”, lakin Qərbə ilişir

Bu yerdə görüş zamanı S.Lavrovun Rusiyanın Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı olduğunu vurğulama­sının hansı əhəmiyyət daşıdığını müəy­yənləşdirmək çətindir. Belə nəticəyə gəlmək mümkündür ki, Kreml nazirlərin digər platformalardakı danışıqlar məntiqi­ni vacib saymır. Hərçənd, Rusiyanın baş diplomatı ölkəsini Qərb tənzimləmə xətti­nin bir seqmentinə kökləməyi də yaddan çıxarmır. Necə deyərlər, tutar qatıq, tut­mazsa... ayran onsuz da var. 

Lavrov deyir ki, “bizim səylərimiz həm Ermənistan–Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinə, həm də hu­manitar problemlərin həllinə, iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına, insan­lar, vətəndaş cəmiyyətləri və politoloqlar arasında kommunikasiyanın inkişafına yönəlib”. Göründüyü kimi, Rusiyanın baş diplomatı sülh müqaviləsindən söz aç­mır. Təxminən belə: hər şey yaxşı olsun, ancaq qeyri-müəyyən qalsın. Hərçənd, bir azdan diplomatın “sülhə gəldiyini” də görəcəksiniz. 

Hələlik onu deyək ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi im­zalanmayacaqsa, qeyri-müəyyənlik da­vamlı xarakter alacaq. Burada Lavrovun vətəndaş cəmiyyəti institutlarının xalqlar arasında yaxınlıq yaratmasına dair ri­torikası tam mənasızdır, haqqında söz açdığımız qeyri-müəyyənliyin davamına hesablanıb. Vaxtilə Qərb dairələri də xalq diplomatiyası yolu ilə Azərbaycan-Er­mənistan münasibətlərini tənzimləmək istəyirdilər. Lakin belə cəhdlər uğursuz olurdu. Daha doğrusu, uğursuz olacağı əvvəlcədən bilinən cəhdlər ölkəmizi tor­paqlarının itirilməsi reallığı ilə barışdır­mağı hədəf seçsə də “istəklər” gerçək­liklə uzlaşmadı. “Planlar” baş tutmadı, Ermənistan özünün məkrindən qalmadı və nəticədə 44 günlük müharibə baş ver­di. İndi Rusiya Qərbin keçmişdəki təcrü­bəsinə baş vurur. Onun sülh çağırışları yalnız dilucu səslənir.

Lavrovun ikinci nikbinliyi və ya üçtərəfli bəyanat var, döndü yoxdu

S.Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə üçtərəfli görüşdən əv­vəl açıqlama ilə çıxış etdiyi kimi, görüş­dən sonra da bu təmasın yekunlarına dair geniş şərh verməyi unutmur və yenə pozitivə köklənir. O, həmkarları – C.Bay­ramov və A.Mirzoyanla faydalı danışıqlar apardığını vurğulayır. 

Rusiyanın XİN rəhbəri yuxarıda sa­daladıqlarımızı faydalı sayırsa, deməli, fantaziyası böyükdür. Hərçənd, Lavrovun sonrakı fikirləri göstərir ki, onun pozitivliyi yalnız ölkəsinin mövqeyini rahat çatdır­mağa əsaslanır. Əlbəttə, Kreml üçün ən böyük dividend Azərbaycan və Ermənis­tanın XİN rəhbərlərinin Moskvaya gəlib çıxmasıdır. Axı, A.Mirzoyanın müxtəlif bəhanələrlə Rusiyanın paytaxtına yollan­maqdan yayındığı hallar az omayıb. 

Kremlin baş diplomatının sözlərinə görə, Rusiya sülhməramlılarının verdiyi hesabatları nəzərə alaraq nazir həm­karlarının diqqətinə Qarabağ əhalisinin hüquqlarının təmin olunması naminə təxirəsalınmaz addımların atılmasının zəruriliyini çatdırıb. Söhbət ərzaq, dər­man, ilkin tələbat malları, elektrik enerjisi və qazla fasiləsiz təminatdan gedir və Lavrovun fikrincə, bu, sadə ermənilərin maraqlarına uyğundur. Amma onun uy­ğunluq üçün üçtərəfli bəyanat məntiqini ortaya atması anlaşılan deyil. Nəzərə alaq ki, həmin bəyanatda Qarabağ er­mənilərinin təminatı ilə bağlı heç bir müddəa yoxdur. Qarabağ Azərbaycanın­dırsa və bu, Ermənistan rəhbərliyi tərə­findən qəbul edilirsə, o zaman bölgənin erməni əhalisinin qayğısına qalmalı olan tərəf məhz dövlətimizdir. İndi baş verən proseslər isə onu göstərir ki, buna qar­şı çıxan qüvvələr var. Halbuki Lavrovun şəxsində Rusiyanın qəbul etmək istəmə­diyi Qərb tənzimləmə xəttində Bakının öz əhalisinə yardım göstərməsi məntiqi əsas götürülməkdədir. Moskva bunun üzərinə, ümumiyyətlə, gəlmir. Onun bölgə ilə bağlı istinad mənbəyinin Rusiya sülh-məramlıları olması isə o deməkdir ki, Kreml yenə köhnə şakərindədir. 

Digər tərəfdən, Lavrov bildirir ki, azərbaycanlı və erməni həmkarı ilə 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanatlarda əksini tapmış müd­dəalardan biri kimi, regionda maneəsiz hərəkətin təmin edilməsi, nəqliyyat və iqtisadi kommunikasiyaların bərpasını nəzərdən keçirib. Yəqin, həmin sənəd­lərdə iki Cənubi Qafqaz ölkəsi arasında sülh müqaviləsinin imzalanmasından söz düşmədiyindən, indi də məsələ lazımi səviyyədə qoyulmur. Halbuki, hazırda Azərbaycan-Ermənistan gündəmin­də 2023-cü ilin sonunadək həmin sülh müqaviləsinin reallaşması məntiqi da­yanmaqdadır. Söhbət Qərb tənzimləmə­si xəttindən gedir. Belə qənaətə gəlirik ki, hazırda Rusiya durumu daha əvvələ aparmaq niyyətindədir.

Sülh “stansiyası”, amma qapılar açılmır

İndi isə gələk anonsunu verdiyimiz məqama – Lavrovun sülh gündəliyinə. Ümumən aşkar görünür ki, Rusiyanın XİN rəhbəri sülh müqaviləsi məsələsi­nin üzərinə yalnız xırda eyhamlarla gəl­məyi üstün tutur. O, tədricən bir az da mətləbə yaxınlaşması ilə diqqət çəkir. Çünki müqavilənin qaçılmazlığını görür. Buna görə də deyir: “Ümid edirik ki, bu müqavilənin imzalanması ermənilərin və azərbaycanlıların Rusiya Federasiyası­nın Prezidenti Vladimir Putinlə üçtərəfli görüşləri zamanı başlatdıqları səylərin altından xətt çəkəcək böyük danışıqlar prosesinin kulminasiya nöqtəsi olacaq­dır”.

Bəli, Putin amili üzərində Rusiyanın rolunun vurğulanması həm də o demək­dir ki, Azərbaycan və Ermənistan arasın­da yekun razılıq yalnız Moskvanın sərən­camındadır. Amma Rusiya XİN-in rəhbəri sülh yolunun asan başa gəlməyəcəyi­nin anonsunu verir. Həll edilməli çoxlu mürəkkəb və vacib məsələlərin qaldığını vurğulayır. Diplomatın fikrincə, onlardan ən həssası keçmiş sovet respublikala­rının rəhbərləri tərəfindən imzalanmış 1991-ci ilin Alma-Ata Bəyannaməsinə tam uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir. Əlbəttə söhbət bu kontekstdə Qarabağ ermə­nilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi və sülh müqaviləsi üzərində işin aparılmasından gedir . 

Ermənistan Qarabağ ermənilərini inandırmalı imiş

Lavrovun sözlərindən gəlinən qə­naət budur ki, Ermənistan hakimiyyəti Qarabağ ermənilərini Azərbaycanın bey­nəlxalq hüquqdan irəli gələn prinsiplərə əməl edəcəyinə inandırmaq istiqamətin­də səylər göstərəcək. Sən demə, bu səy­lər ikincilərin Azərbaycan nümayəndələri ilə görüşə razılaşmağın zəruriliyini müm­kün qədər tez başa düşmələri üçündür. Sanki 1988-ci ildə Qarabağda avantürist niyyətlər baş qaldıranda bölgənin erməni sakinlərinin mövqeyi nəzərə alınmışdı. Əlbəttə, nəzərə alınmamışdı. Bəlkə, indi onlardan nə isə soruşan var? Qətiyyən yoxdur. Deməli, Lavrov nəyi nəzərdə tu­tur? 

Rusiya XİN rəhbəri onu da bildirir ki, Azərbaycan öz ərazisində yaşayan şəxs­lərə münasibətdə qarşılıqlı əsasda zə­manətləri verməyə hazırdır. Ermənilər də bütün konvensiyaların Ermənistanda ya­şayan vətəndaşlara tətbiqi ilə bağlı eyni şeyi etməkdə problem görmürlər.

Əlbəttə, Lavrovun məsələləri bu qədər açıq qoyması bir ilkdir. Amma məsələnin qoyuluşuna diqqət yetirin. Ermənistan Qarabağ ermənilərini Azər­baycanın səmimiyyətinə inandırmalıdır. Bu, nə deməkdir? Axı, biz görürük ki, İrəvan bölgənin erməni əhalisinin hüquq və təhlükəsizliyini manipulyasiya pred­metinə çevirir. İstəyir ki, bu məqam sülh müqaviləsində əksini tapsın. Azərbay­canın bununla razılaşmadığı gün kimi aydındır. Mövcud durumda Moskvadakı müzakirələrin faydalı keçdiyini söyləmək nə dərəcədə doğrudur? 

Vurğuladığımız kimi, Rusiyanın baş diplomatı çətinliyi gizlətmir və dərhal da diplomatik manevr edərək başqa, yəni ənənəvi məsələyə keçir. O deyir ki, ha­zırkı mərhələdə ən yaxşı nəticə regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, Rusiyanın, Azərbaycanın və Ermənistanın baş nazirlərinin müa­vinlərinin rəhbərlik etdikləri üçtərəfli işçi qrupunda razılığın əldə olunmasıdır. Lavrovun fikrincə, bu kontekstdə nəqliy­yat sektorunda artıq təkcə regional de­yil, həm də daha geniş xarakter daşıyan layihələrin həyata keçirilməsi üçün də perspektivlər açılacaqdır. 

Xalq diplomatiyasından sülhə yaxud, qeyri-müəyyənliyin “Lavrov formulu”

Bəli, göründüyü kimi, Lavrovun dili ilə ara-sıra sülh müqaviləsindən söz açan Rusiya özünün əvvəldə də ay­rı-ayrı fraqmentlərini diqqətə çatdırdığı­mız gündəliyinə qayıtdı. Yəni, Kremlin baş diplomatı əvvəlcə əsas məsələdən – sülh müqaviləsindən danışdı, ardınca ənənəvi məsələlələrə keçid aldı. Yeri gəl­mişkən, Rusiya XİN rəhbəri azərbaycanlı və erməni həmkarı ilə görüşdən əvvəl də olduğu kimi, sonra da həmin məqamları sadaladı. Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri və siyasi ekspertlər arasında dialoqun bər­pasından danışdı. Hətta parlamentarilər arasında da üçtərəfli dialoqun başlanma­sının zəruriliyinə toxundu. 

Nəhayət, Lavrovun çıxışının ən əsas hissəsindən bəhs edək. O, tərəflərin Rusiya ilə yanaşı, digər vasitəçilərin də xidmətlərindən istifadəyə maraq göstər­məsinin anlaşılan olduğunu yenidən bildirərkən müəyyən qədər xəbərdalıq dilində təxminən belə dedi: erməni və Azərbaycan xalqlarının mənafeyindən uzaq deyil, mətbuatda gözəl başlıqlar üçün, geosiyasi və daxili siyasi müla­hizələr naminə süni razılaşmaların tət­biqinə cəhdlər göstərilməməlidir. 

S.Lavrovun “süni razılaşmalar” de­dikdə nəyi nəzərdə tutduğu aydındır. Deməli, Rusiya Azərbaycanın və Ermə­nistanın Qərb vasitəçiliyindən bəhrələn­məsinə razı deyil. Razıdır, o halda ki, həmin formatdakı görüşlərdə nəticə əldə olunmasın, boş-boş danışıqlar getsin. 30 ilə yaxın müddətdə getdiyi kimi. Yəni, Rusiya XİN rəhbərinin təbirincə desək, mürəkkəb məsələlər qismində dəyərlən­dirimiş məqamlar müzakirə predmetinə çevrilməsin. Belədə sual yaranır: Rusiya iyulun 25-də XİN rəhbərlərinin görüşünü nə üçün təşkil etmişdi? 

Cavab axtarmayaq, çünki bu sual da əvvəlkilər kimi ritorikdir...

Əvəz CAHANGİROĞLU,
“Xalq qəzeti”

Siyasət