Azad olunmuş ərazilərin bərpası qeyri-neft sektorunun inkişafını sürətləndirəcək

post-img

Son 20 il ərzində Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində sosial-iqtisadi tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul (ÜDM) istehsalı 3 dəfədən çox artıb. Ümumi inkişaf dinamikasını cari ilin birinci yarısında da qoruyub saxlamaq mümkün olub. 

Dövlət Statistika Komitəsinin məlu­matına əsasən, 2023-cü ilin yanvar-iyun aylarında ölkəmizdə 60 milyard 302,1 mil­yon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox ÜDM istehsal olunub. 

Ölkəmizdə ümumi iqtisadi artımın əsas hissəsi ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft stra­tegiyasının uğurlu nəticələri hesabına təmin olunsa da, son illər qeyri-neft-qaz sektoru üzrə də xüsusi fəallıq nəzərə çarpır. Bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələn­dirilməsi istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə ölkəmi­zin qeyri-neft-qaz sektorunda 18,4 milyon manatlıq məhsul istehsal olunduğu halda, 2022-ci ildə bu göstərici 69,8 milyard ma­nat təşkil edib. 

Bu sahədə artım tendensiyası cari ilin ilk yarısında da davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin 6 ayında iqtisadiyyatın qey­ri-neft-qaz sektorunda 36 milyard 153 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqa­yisədə 3,1 faiz artım deməkdir. Elə Dün­ya Bankının Azərbaycanda qeyri-neft iqti­sadiyyatı ilə bağlı proqnozu da nikbinliyə əsas verir. Belə ki, bankın proqnozlarına görə, cari ilin sonunadək ÜDM-də qey­ri-neft sektorunun payının 3 faizdən çox olacağı gözlənilir. Bununla yanaşı, bir sıra beynəlxalq ekspertlər də bu qənaətdə­dirlər ki, Azərbaycanın ən yaxın tarixində ÜDM-də qeyri-neft-qaz sektorunun payı maksimuma çatacaq. Onların fikrincə, Qarabağ və Şərqi Zəngəzurda reallaşdı­rılan yeni layihələr və Azərbaycanın Av­rasiya regionunda artan logistik əhəmiy­yəti sayəsində qeyri-neft-qaz sektorunun hazırkı inkişaf tempini saxlamaqla 2024-cü ilə qədər onun ÜDM-də payı 70 faizə yaxınlaşacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi si­yasətin əsasını da məhz ölkədə qeyri-neft sektorunun davamlı inkişafını təmin et­məkdən ibarətdir. İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa keçirilən Qlobal Media Forumunun açılış mərasimində dövlətimi­zin başçısı bunu bir daha bəyan edərək deyib: “Bizim prioritetimiz təbii ki, qey­ri-neft sektorunun inkişafıdır. Biz ümumi daxili məhsulda iqtisadiyyatımızın qey­ri-neft sektorunun payını ildən-ilə artırırıq. O, artıq 50 faizdən yüksəkdir. Bu gün biz həm də qeyri-neft ixracını artırırıq”. 

Ölkəmizin ümumi inkişafının neft və qaz sektorundan asılılığının azaldılması­nı prioritet hesab edən Prezident İlham Əliyev bildirib ki, hazırda iqtisadiyyatın istənilən şəraitdə və vəziyyətdə dayanıqlı olmasını təmin etməliyik. Azərbaycanda bu məqsədlə ehtiyat yaradılır, valyuta eh­tiyatları artırılır, idarəetmə sistemi təkmil­ləşdirilir. Bütün bunların ölkəmizə əlavə imkanlar qazandırdığını vurğulayan döv­lətimizn başçısı deyib: “Statistik olaraq vergi və gömrük orqanlarının proqnozları həyata keçirmə qabiliyyətinə baxsanız, mənzərə kifayət qədər təsiredicidir. Artıq ilk il deyil ki, may və iyun aylarında biz büdcəyə əlavələri artım istiqamətində qə­bul edirik və bunun əsası odur ki, vergi və gömrük orqanları planlaşdırılandan daha çox gəlir əldə etmişlər. Bu, yalnız və yal­nız şəffaflıq və yeni idarəetmə yanaşması sayəsində mümkün olmuşdur”.

Bütövlükdə isə, son illər qeyri-neft-qaz sektorundan daxil olan gəlirlər hesabına Azərbaycanda ÜDM istehsalı artan dina­mika üzrə davam edir. Yaxın illərdə isə işğaldan azad edilmiş ərazilərdə həyatın tədricən əvvəlki məcrasına qayıtması ilə bu göstərici getdikcə yaxşılaşacaq. Bu­nun üçün isə, Azərbaycan dövləti bütün imkanları səfərbər edib. Yeri gəlmişkən, nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinə, təqribən, 12 mil­yard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. 

Ölkəmizdə yaradılmış əlverişli biznes mühiti, investisiyaların təşviqi istiqamə­tində həyata keçirilən məqsədyönlü təd­birlər əcnəbi şirkətlərin Qarabağ və Şərqi Zəngəzura marağını getdikcə artırır. Prezident İlham Əliyev Şuşadan ölkəmi­zin işğaldan azad olunmuş ərazilərimizin bərpasında iştirak etmək, burada biznes fəaliyyəti ilə məşğul olmaq istəyən xarici şirkətlərə bir sıra konkret mesajlar ün­vanlayıb. Bu gün kapital və sərmayənin proqnozlaşdırıla bilən və sabit məkanlara getdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycanın məhz belə bir məkan oldu­ğunu əminliklə söyləyib. Qeyd olunub ki, Azərbaycan hökumətinin çox uzaqgörən və proqnozlaşdırıla bilən, inkişafla bağlı, biznes mühitinin yaxşılaşdırılması ilə bağ­lı proqramı var.

Prezident deyib ki, Azərbaycanda ya­şayan əcnəbi insanlar ölkəmizdə idarəçi­likdə çox müsbət dəyişikliklərin, xüsusilə də maliyyə sistemində, korporativ menec­ment baxımından yerli şirkətlərdə böyük dəyişiklikləri təsdiq edə bilərlər. Dövləti­mizin başçısı Azərbaycanın özünü neft-qaz sahəsində etibarlı tərəfdaş kimi sübut etdiyini və bu gün coğrafi yerləşməni, ar­tıq çox müasir nəqliyyat infrastrukturunu nəzərə alaraq əlaqələndirmə məsələlə­rində fəal çalışdığını ölkəmizə gəlmək istəyən xarici şirkətlər üçün yaxşı bir me­saj kimi dəyərləndirib. 

Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində prioritet sayılan sahələri də konkret ni­şan verib. Məsələn, Amerika Birləşmiş Ştatlarının “Global Policy” İnstitutunun prezidenti Paolo von Schirachin “bu gün Azərbaycanda çalışmaq istəyən Amerika şirkətlərinə hansı mesajı verə bilərsiniz” sualını cavablandıran dövlətimizin başçısı ölkəmizin azad olunmuş ərazilərində bu gün çoxsaylı beynəlxalq şirkətlərin kont­raktor kimi fəaliyyət göstərdiyini, Amerika şirkətlərini isə kənd təsərrüfatı sahəsində görmək istədiyini bildirib. Hazırda ölkəmi­zin kənd təsərrüfatı sahəsində, suvarma­da Amerika şirkətlərinin aparıcı avadan­lıqlarından istifadə edildiyini vurğulayan Prezident İlham Əliyev onları, həm də in­vestor görmək istəyini bəyan edib. O, fik­rinin davamı olaraq Azərbaycanda aqrar sektorun, xüsusilə azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialının yüksək ol­duğunu, burada çox məhsuldar torpaq­ların və su resurslarının mövcudluğunu diqqətə çatdırıb. 

Dövlətimizn başçısı, həmçinin Azər­baycanın nəqliyyat-logistika baxımından da yüksək potensiala malik olduğunu bil­dirib və qonşularla beynəlxalq əməkdaşlıq çərçivəsində nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu önə çəkib. 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat