Xilaskarlıq zirvəsində qazanılmış əbədiyyət
Faciəli xəbər ildırım sürətilə bütün Naxçıvana yayıldı. Bir saat keçməmiş bütün ölkə elektron media vasitəsilə Babək rayonun Uzunoba gölündə baş vermiş faciədən – polis serjantı Vüsal Əbülfəz oğlu Quliyevin suda batan 13 yaşlı oğlanı xilas etməsindən, uşağın anası Səadət Aslanlıya kömək göstərərkən onunla birlikdə həlak olmasından xəbər tutdu.
Qeyrətli polis işçisinin igidliyi xalqımızda kədər, hüzn qarışıq öyünc və minnətdarlıq düyğuları da yaşatdı. Hamı bir daha əmin oldu ki, dinc günlərdə qayda-qanunun keşiyində duran, əmin-amanlığı qoruyan, düşmənlə savaşda ön cəbhədə vuruşan Azərbaycan polisinin təmsilçiləri mülki fəlakət anında da insanları xilas etmək üçün həyatından keçməyə belə hazırdır.
Prezident İlham Əliyev suda boğulan soydaşlarımızı xilas edərkən gösrərdiyi igidliyə – öz həyatı təhlükə altında olduğu halda insan xilas etdiyinə görə polis baş serjantı Vüsal Əbülfəz oğlu Quliyevi ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif etdi. Bu xəbər isə bir daha göstərdi ki, Azərbnaycan dövləti və onun rəhbəri hər hansı bir ictimai fərqlənməni, fədakarlığı, insanların həyatı naminə xilaskarlığı yüksək qiymətləndirir, belə halları geniş təşviq edir.
Naxçıvanda isə Vüsal Quliyevin hünəri, igidliklə həlak olması 3 gündür ki, muxtar respublikanın ictimai həyatına hakim kəsilib. Adamlar bu faciəli hekayədən danışır, bir-birilə kədərlərini bölüşür, qeyrətli polis işçisinin ruhuna rəhmət diləyirlər. Naxçıvan MR Daxili İşlər Nazirliyinin qürur duyduğu xilaskar işçisi Vüsal Quliyevin doğulub dəfn edildiyi Cəhri qəsəbəsində təşkil etdiyi yas mərasiminə gəlib-gedənlərin isə ardı-arası kəsilmir, sayı-hesabı bilinmir. Mərhumun 3 mərasimi isə daha izdihamlı idi.
Vüsalın qohum-əqrabası, dost-tanışları, xidmət yoldaşları ilə ani söhbət də onun gözəl insan, nümunəvi polis işçisi, başqalarına kömək etməkdən məmnunluq duyan bir soydaşımız olduğunu üst-üstə isbatlayırdı. Ailə üzvləri üçünsə bu acı həqiqəti qəbul etmək çətin olsa da, el yanğısı, ölkə kədəri, şərəfli aqibət onlara toxtaxlıq, dözüm gətirir. Ölkə Prezidentinin sərəncamı isə Vüsalın ailəsinə də, el-obasına da baş ucalığı duyğuları yaşadır.
Yas mərasiminə gələnlərin söhbətinin baş mövzusu da Vüsalın igidliyi və onun xilaskarlığına dövlət başçısının həssas və qədirbilən münasibəti idi.
Belə hüznlü günlərdə dünyasını dəyişmiş insanın ailə üzvləri ilə ünsiyyət qurmaq çətin olsa da, Vüsal Quliyevin atası Əbülfəz Quliyevə başsağlığı verib duyğu-düşüncələrini qeydə aldıq. Əbülfəz müəllim dedi ki, 3 övladı var – bir qız, iki oğlan:
– Vüsal ailənin ikinci övladı idi. Hərbi xidmətdən sonra uzun illər idi ki, polis orqanlarında işləyirdi. 41 yaşı var idi. İndiyədək daim çalışqanlığı, dürüstlüyü, xeyirxahlığı ilə hər kəsin hörmətini qazanmışdı. Bəlkə də elə buna görədir ki, bir müddət əvvəl xidmət müddətinin tamam olmasına baxmayaraq, rəhbərlik işini davam etdirməsini lazım bilmişdi. Sən demə, xidməti işdən ayrılmağı bu cür olacaqmış...
Əbülfəz müəllim qəhərini boğub bildirdi ki, ağır xəbəri Bakıda eşidib:
– Həmin vaxt Vüsalın iki oğlu da mənim yanımda idi. Naxçıvana necə gəldiyimi xatırlamıram. Ancaq sağ olsun Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyi. Hadisədən sonra dərhal bütün hazırlıq işlərini ən yüksək səviyyədə təşkil edərək dərdimizə yaxından şərik oldular. 3 gündür ki, yas mərasimindən ayaqları kəsilmir.
Nazirlikdən nə lazımdırsa edirlər. Məzarının üstünü götürməyə də hazırlıq aparırlar. Elə məclisdəkilərin çoxu da polis işçiləridir. Hər kəs Vüsalın qorxmazlığından, xeyirxahlığından, hadisə baş verən zaman heç nəyə baxmayaraq, digərlərinin həyatını qurtarmaq üçün necə riskə atıldığından danışır. Həmin gün Vüsal işdə deyilmiş. Amma buna baxmayaraq, o, bu hərəkəti ilə çevik, fədakar polis işçisi nümunəsi göstərib. Sağ olsun Prezidentimiz. Onun oğlumun hünərinə verdiyi yüksək qiymət ailəmizə təsəlli, həmyerlilərə öyünc gətirir.
Söhbətimizə Vüsal Quliyevin yaxın dostu, Cəhri kənd sakini Afiq Əhmədov da qoşuldu. O, özünü toparlayıb dedi:
– Vüsalla aramızda 13 yaş fərq olsa da, onunla dostluğumuz tay-tuş səviyyəsində idi. O, məndən kiçik olsa da, hər zaman böyük-kiçik yeri bilməsi, sadəliyi, dürüstülüyü ilə hamımızın məhəbbətini qazanmışdı. Həddən artıq xeyirxah insan idi. Çalışardı ki, hər kəsə köməyi dəysin. Buna görə də kənddə hər kəs onu çox sevirdi. Vüsal həmişə bizim qəlbimizdə xeyirxah insan kimi qalacaq.
Hüzr mərasimində söhbətləşdiyimiz digər müsahibimiz isə Vüsal Quliyevin yaxın qohumlarından biri olan İman Hümbətov oldu:
– Vüsal dövlətini, Vətənini qəlbən sevən bir insan idi. Uzun illər polis orqanlarında çalışaraq komandirlərinin, rəislərinin böyük etimadını qazanmışdı. Ona bütün yoldaşları, dostları etibar edirdi. Birinə kömək lazım olanda tez Vüsala müraciət edirdi. Dostluğa sadiqliyi, qohum-əqrəbaya yanarlığı, hər kəsə yardım əlini uzatması onun xarakteri və həyat tərzi idi. Onun yoxluğuna inana bilmirəm. Heyf ki, əcəl onu bizdən tez ayırdı.
İman Hümbətovun atası Dilsuz kişi də bu ailənin yaxın qohumu, ziyalı ağsaqqal kimi yanıb-yaxılırdi:
– Bu acı xəbəri alanda gözlərim qaraldı. Sonra öyrəndim ki, Vüsal Uzunoba gölündə boğulan bir qadın və uşağı xilas etmək üçün suya atılıb. Məhz onun bu əməli ilə bu gün həmin azyaşlı uşaq həyatda yaşayır. Heyf ki, uşağın anasını da xilas edə bilmədi, özü də igidliklə həlak oldu. Vüsal bu hərəkəti ilə gənclərimizə, yeniyetmələrimizə əsl nümunə oldu. Eyni zamanda, o, Azərbaycan polisi adını sonadək şərəflə daşıyaraq əsl xilaskarlıq nümunəsi ortaya qoydu. Buna görə də Vüsal Quliyev bundan sonra daim bir qəhrəman, igid polis kimi xatırlanacaq.
Qardaşı haqqında danışmaq Vüqara çətin olsa da, hünəri ölkəni dolaşan, bütün xalqımızın yas tutduğu, öyündüyi polis qardaşı ilə qürur duyduğunu dedi:
– Prezidenti İlham Əliyevin sərəncamı ilə qardaşımın “İgidliyə görə” medalı ilə təltif olunması ailəmiz üçün bir fəxarətdir. Buna görə dövlətimizə minnətdarıq.
…Mərasim evindən ayrılanda qəhrəman polisimizin atası Əbülfəz Quliyevlə sağollaşıb dedik:
– Başınız sağ olsun, dünənədək Vüsal sizin oğlunuz idi. İndi hünəri ilə Vətən oğlu olduğunu sübuta yetirdi. Vüsal kimi oğulları olan bu məmləkət hər zaman qəhrəmanlar yetirəcək. O qəhrəmanlar ki, lazım olan anda xalqımızın, dövlətimizin xilaskarlarına çevrilməyi bacarırlar. Elə torpaqlarımızı Vətən edən də belə oğullarımızdır.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”
Naxçıvan – Cəhri