Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 11-də 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısı ölkənin sosial-iqtisadi sahələrində diqqətçəkən müsbət göstəricilərə nəzər salaraq hesabat dövründə qarşıya qoyulan vəzifələrin uğurla reallaşdırılıdığını vurğulayıb. Dövlət başçısı ilin sonuna qədər ölkəmizin uğurlu inkişafının təmin ediləcəyinə əminliyini bildirib: “Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi. Deyə bilərəm ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, halbuki mütləq rəqəmlər o qədər də böyük deyil”.
Ölkə rəhbəri çıxışında narahatlıq doğuran məsələlərə münasibət bildirərkən, ilk növbədə, diqqəti inflyasiyanın ikirəqəmli olmasına yönəldib və ilin sonuna qədər onun birrəqəmli səviyyəyə düşə biləcəyinə ümid etdiyini xatırladıb. Prezident İlham Əliyev, eyni zamanda, inflyasiyanın ikirəqəmli olmasını təbii amillərlə yanaşı, subyektiv səbəblərlə də əlaqələndirib və hökumətin bunu ciddi araşdıraraq ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verməsinin zəruriliyini bildirib. “Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil”,–deyə dövlət başçısı qeyd edib.
Yeri gəlmişkən, ölkə rəhbərinin vurğuladığı kimi, ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəyə düşə biləcəyi gözlənilir. Əlbəttə, bu ümidi, ilk növbədə, qlobal məkanda yaranan vəziyyət şərtləndirir. Yəni dünyada belə bir tendensiyanın başlandığı hələ ötən ildən nəzərə çarpır. Azərbaycanda isə cari ilin may ayından etibarən inflyasiyanın tədricən zəifləməsi özünü göstərir. Həmin vaxtdan başlayaraq respublikada bir sıra strateji məhsulların, o cümlədən ərzaq mallarının ucuzlaşması bunun bariz ifadəsidir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 112,7 faiz təşkil edib. Halbuki yanvar-may aylarının yekununda illik inflyasiya 13,1 faiz təşkil edib.
Məlumata görə, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,5 faiz təşkil edib. Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,1 faiz, ötən ilin iyun ayına nisbətən isə 110,6 faiz olub.
İnflyasiyanın tədricən səngiyəcəyi və aşağı düşəcəyi barədə fikir yürüdən ekspertlərin sözlərinə görə, Azərbaycanda bu şərait qlobal bazarlarda enerjidaşıyıcılarının qiymətlərinin ucuzlaşması ilə bağlıdır.
Hazırda proseslərin bu istiqamətdə davam etməsi böyük ümid doğurur. Digər tərəfdən isə ölkədə makroiqtisadi sabitlik təmin edilir. Manatın məzənnəsinin sabitliyi qorunur və dövlət başçımızın sözləri ilə desək, bu, dünya praktikasında, xüsusilə indiki şəraitdə Azərbaycan üçün nadir hadisələrdən biridir. Bu, düşünülmüş strategiyanın təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına əsaslı təsir göstərir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Bizdə isə həm minimum əməkhaqları, həm də minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabit saxlanılır.
Manatın məzənnəsindən danışarkən, qeyd edək ki, cari ilin ilk yarısında ölkəmizin strateji valyuta ehtiyatları artıb. Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları iyun ayına 9,1 milyard ABŞ dollarına bərabər olub. Tədiyyə balansının cari əməliyyat üzrə profisiti 10 milyard dollara çatıb. Strateji valyuta ehtiyatlarının artımı, tədiyyə balansının cari əməliyyatlar balansının profisiti cari ildə makroiqtisadi sabitliyi gerçəkləşdirib və manatın məzənnəsinin sabitliyini dəstəkləyib.
Emin BAĞIROV,
ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru
Son illər qlobal iqtisadiyyatda baş verən mənfi meyillərə baxmayaraq, cari ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək artım templəri nəzərə çarpıb. Belə ki, altı ayda Azərbaycanın dövlət büdcəsinin qeyri–neft–qaz sektoru üzrə daxilolmaları 8 milyard 831,2 milyon manata çatıb. Başqa sözlə, hesabat dövründə büdcə daxilolmalarında qeyri–neft–qaz sektorunun payı 57 faiz təşkil edib. Sənaye zonalarında da dinamik inkişaf diqqət çəkib, sənaye potensialı maksimum reallaşıb. Yəni, zəruri xammalın və enerji resurslarının fasiləsiz təmin olunması nəticəsində bir sıra dövlət və özəl müəssisələri tam istehsal gücü ilə işləyib.
Bütün bunlarla bərabər, ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri, habelə dövlət büdcəsinin investisiya xərclərinin icrasının sürətlənməsi, o cümlədən, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti–bərpa işlərinin həyata keçirilməsi fonunda cari ilin birinci yarısında əvvəlki aylarla müqayisədə əsas kapitala investisiyaların real artım tempi müsbət zonaya daxil olub.
Əldə edilən bütün sosial-iqtisadi uğurlar isə iqtisadiyyatın dinamik inkişafı, islahatların ardıcıl xarakter daşıması ilə bağlı olub. Hazırda ölkə iqtisadiyyatının dayanıqlılığının şaxələndirilməsi və rəqabət qabiliyyətinin təmin edilməsi qarşıya əsas vəzifə kimi qoyulub. Bu məqsədlə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional islahatların aparılması, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətlərində bir sıra mühüm qərarlar qəbul edilib. Bütün bunların sayəsində Azərbaycan son illər dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib.
İnflyasiya ilə bağlı danışarkən isə onu deyə bilərəm ki, Prezident İlham Əliyev iqtisadi sahədə əldə edilən uğurlardan danışarkən, bu məsələnin iki aspektdə–iqtisadi artım və qeyri–neft iqtisadiyyatının artımı istiqamətlərində təhlil olunmasının zəruriliyini xatırladıb. Eyni zamanda, hər iki xətt üzrə yüksək nəticələr əldə edildiyini vurğulayıb. Ölkə rəhbəri çıxışlarının birində bu cür nəticələrin real həyatda da özünü qabarıq büruzə verdiyini söyləyib. Dövlətimizin başçısı sözlərinə əlavə edərək bunun maaşları, pensiyaları artırmağa imkan verdiyini xatırladıb. “Düzdür, inflyasiya bu artımın bir hissəsini, necə deyərlər, yeyir… Amma bu, dünyada ümumi tendensiyadır. Hətta inflyasiya bəlkə 0-0,5, 1 faiz olan ölkələrdə indi inflyasiya ikirəqəmli inflyasiyaya yaxınlaşır. Yəni, bu, ümumi trenddir və biz də dünya iqtisadiyyatının bir parçasıyıq”.
Yeri gəlmişkən, hazırda illik inflyasiyasının 12 faizə enməsi, tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin aşağı düşməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyədə qeydə alınması, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, eləcə də pul siyasəti qərarları ilə illik inflyasiya tempinin azalması müşahidə olunur.
Qlobal maliyyə sistemində sabitliyin pozulması, bir sıra inkişaf etmiş ölkələrdə resessiya təhlükəsinin mövcudluğu və geosiyasi gərginlik müxtəlif kanallarla ölkəmizin inflyasiya proseslərinə təsir potensialını saxlayır. İdxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8,3 faiz olacağı proqnozu da dəyişməz qalır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”