Son vaxtlar dünya bazarlarında şəkərin qiyməti bahalaşıb. London birjasında ağ şəkər fyuçerslərinin dəyəri 4,7 faiz artaraq bir ton üçün 705,5 dollar olub. Bu, 2011-ci ildən indiyədək ən yüksək səviyyə hesab edilib.
Hindistan, Braziliya, Pakistan və Tailanddan tədarükün azalması səbəbindən bu əmtəənin qiymətləri son 10 ildə rekord həddə qərarlaşıb. Böyük Britaniyada artıq şirniyyat və içkilərin bahalaşması da hiss olunub. Rusiyada isə 2022-ci ildə şəkərin orta qiyməti 27 faiz artaraq, hələ də davam edir.
Ümumiyyətlə, cari ilin əvvəlindən çuğundur istehsalının artması və xaricə tədarükün məhdudlaşdırılması fonunda, qiymətlər bahalaşmaqdadır. “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin araşdırmasına görə, qlobal düyü bazarı da son 20 ilin ən böyük tədarük çatışmazlığı ilə üz-üzədir. Düyü istehsalı bütün regionlarda, o cümlədən Çin, ABŞ və Avropa İttifaqında getdikcə azalır.
Proqnozlaşdırmaya əsasən, 2022-2023-cü il mövsümündə qlobal düyü tədarükündə kəsir 8,7 milyon ton olacaq. Bu, 2003-2004-cü il mövsümündən bəri ən böyük kəsir kimi qeydə alınacaq.
Samir HEYDƏROV,
iqtisadçı–ekspert
Dünyada düyü istehsalının 40 faizini reallaşdıran və 34,3 milyon ton şəkər istehsalı ilə birinci yerdə qərarlaşan Hindistanda mövsümün quraqlıq keçməsi bu strateji ərzaq məhsullarının qlobal qiymətlərinin artmasına səbəb olub. Rusiya–Ukrayna müharibəsi və əlverişsiz hava şəraiti də bir çox kənd təsərrüfatı məhsullarının istehsalında azalmaya gətirib çıxarıb. Bu hal kənd təsərrüfatı məhsullarının qiymətində artımla nəticələnib.
Hindistan uzun illərdir ki, dünyanın ən ucuz çəltik istehsalçısı kimi tanınıb. “El Nino” hava siklonunun qayıtması Hindistan və Tailandda çəltik, eləcə də şəkər plantasiyaları üçün əlverişsiz bir vəziyyət yaradıb. Eyni zamanda, bu ölkələrdə demoqrafik artım səbəbilə hər il istehlakın 2 milyon ton artacağı da proqnozlaşdırılıb.
Qeyri–sabit hava şəraiti ilə əlaqədar Hindistanda düyü qiymətləri 20 faiz artıb. Dünyada düyü su tələb edən kənd təsərrüfatı məhsulu kimi, Asiyada 90 faiz həcmdə istehsal edilir və 3 milyard insan tərəfindən istehlak olunur. Keçən il Hindistan düyü ixracına 20 faizlik ixrac rüsümü yönəldib, eyni zamanda, şəkərin və taxılın ixracına da məhdudiyyətlər tətbiq edib. Bütün bu hallar qlobal olaraq düyünün və şəkərin qiymətllərinə neqativ təsir göstərib.
Bəs bu qlobal qiymət artımı ölkəmizə necə təsir göstərə bilər? Təbii ki, respublikamızda düyü və şəkərin qlobal qiymət artımının yerli bazara qismən təsiri var. Buna baxmayaraq, Azərbaycanda şəkərin strateji məhsul kimi ehtiyatı diqqət mərkəzində saxlanılır. Cari ilin fevral ayının göstəricilərinə görə, Azərbaycanda şəkər ehtiyatının 15 min ton təşkil etməsi məhz bunun bariz ifadəsidir.
Onu da qeyd edim ki, 2023-cü ilin yanvar–aprel aylarında 18 min 581 ton şəkər ixrac edilib. Həmin dövrdə istehsal 99,2 min ton olub. Əvvəlki ilə nisbətən (3 min ton) cüzi azalma qeydə alınıb. Vəziyyətdən çıxış yolu şəkər istehsalında istifadə edilən şəkər çuğundurunun istehsalını artırmaqdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə ölkəmizdə 222, 7 min ton şəkər çuğunduru istehsal olunub.
Düyü qiymətlərinin artımının qarşısını almaq üçün isə hökümət bir sıra tədbirlər həyata keçirir. Pakistandan idxal olunan düyünün üzərindən ƏDV-nin götürülməsi buna misal ola bilər. Eyni zamanda, Azərbaycanın çəltikçiliklə məşğul olan rayonlarında fermerlərə subsidyaların verilməsi də düyü istehsalını artırmaqla yerli bazarda qiymət sabitliyini təmin edəcək.
Onu da vurğulayım ki, 2018-ci ildə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çəltikçilik ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, idxaldan asılılığın azaldılmasına, çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək.
Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə hektarın orta məhsuldarlığı 40 sentner olmaqla çəltik əkinləri 10 min hektara, istehsalın həcmi isə 40 min tona çatdırılacaq.
V.BİNYATOĞLU, “Xalq qəzeti”