Özəl sektora beynəlxalq maliyyə dəstəyi artır

post-img

Avropa İnvestisiya Bankı (AİB) Azərbaycanda özəl sektora dəstəyi genişləndirməyi planlaşdırır. Bu barədə adıçəkilən bankdan məlumat verilib. Məlumatda qeyd olunur  ki, AİB Azərbaycanda etibarlı və dayanıqlı investisiya layihələrinin maliyyələşdirilməsini təmin edir və bu sahədə təcrübəsini bölüşür. 

“Bankın Avropa İttifaqından kənarda əməliyyatlara cavabdeh rolu oynayan inkişaf qolu – “AİB Global” birbaşa olaraq Azərbaycanda mikro, kiçik və orta sahib­karlığa dəstək verir. Gələcəkdə iş yerlərinin yaradılması, dayanıqlı mikro, kiçik və orta müəssisələrin inkişafı və onların məhsuldarlığının artırılması üçün özəl sektoru daha da dəstəkləməyi və maliyyə imkanlarını genişləndirməyi planlaşdırırıq”,–deyə bankdan bildirilib.

Xatırladaq ki, Avropa İnvestisiya Bankı Avropa İttifaqı ölkələri üçün maraq doğuran obyektlərin yenidən qurulması və tikintisi üçün kreditlərin verilməsi məqsədilə 1958-ci ildə yaradılıb. AİB-in ən əsas hədəfi Avropa Birliyinin tarazlı inkişafına kömək etməkdir. Bu məqsədlə bank Transavropa nəqliyyat və telekommunikasiya sahələrinin inkişafına, ətraf mühitin qorunmasına, enerji mənbələrinin davamlılığının təmin olunmasına, eləcə də sənaye və kiçik şirkətlərin rəqabət gücünün beynəlxalq aləmdə artırılmasına yönəlmiş layihələrə maliyyə yardımı göstərir.  

Avropa İnvestisiya Bankı ölkəmizdə kredit əməliyyatlarının həyata keçirilməsi imkanını Azərbaycan hökuməti ilə 2014-cü ilin yanvar ayının 15-də çərçivə sazişi bağlandıqdan sonra qazanıb. Həmin vaxtdan ölkəmizdə fəaliyyətə başlayan AIB yerli hökumətin nümayəndələri ilə mütəmadi əlaqə saxlayır, qarşılıqlı maraq doğuran sahələr, o cümlədən “yaşıl iqtisadiyyat”, rəqəmsallaşma və Avropa İttifaqının “Qlobal Gateway” təşəbbüsündə qeyd olunan sektorlar üzrə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilir.  

Ötən 9 il ərzində AİB ölkəmizlə energetika, nəqliyyat, kiçik və orta biznesin inkişafı, eləcə də ekologiya  sahələrində uğurlu əməkdaşlıq edib. Bütövlükdə isə, ötən müddətdə bank Azərbaycana 96 milyon avrodan çox sərmayə yönəldib. O cümlədən yerli bankla əməkdaşlıq vasitəsilə AİB ölkəmizdə 120-dən çox müəssisəyə 25 milyon avro məbləğində maliyyə vəsaiti ayırıb. 

Avropa İnvestisiya Bankı bir sıra beynəlxalq enerji layihələrinin reallaşdırılmasında da yaxından iştirak edir. Bu baxımdan bankın Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan təbii qazın Türkiyə və Avropaya nəqlini həyata keçirən “Cənub Qaz Dəhlizi” layihəsinin  maliyyələşdirilməsi sahəsindəki fəal iştirakı diqqət çəkir. Belə ki, ötən müddətdə bank tərəfindən sözügedən dəhlizin əsas seqmentləri sayılan Trans-Anadolu və Trans-Adriatik boru kəmərlərinin inşasının maliyyələşdirilməsinə müvafiq olaraq 932 milyon və 1,5 milyard avro məbləğində kredit ayrılıb. Bu, həm də Azərbaycana, onun liderliyi və təşəbbüskarlığı ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsinə olan inam və etibarın bariz nümunəsi kimi dəyərləndirilməlidir. 

Yeri gəlmişkən, tanınmış maliyyə qurumunun ölkəmizlə əməkdaşlığının mövcud vəziyyəti Prezident İlham Əliyevin 2023-cü il fevralın 18-də Münxendə Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer ilə görüşü zamanı da ətraflı müzakirə edilmişdi. Dövlətimizin  başçısı Avropa İnvestisiya Bankı ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək ölkəmizin Avropa İttifaqı ilə çox sıx əlaqələrinin olduğunu bildirmiş, “Cənub Qaz Dəhlizi” layihəsinin icrası prosesində Avropa İnvestisiya Bankının maliyyə tərəfdaşı kimi yaxından iştirakına görə təşəkkürünü çatdırmışdı. 

Azərbaycanın inkişaf gündəliyində duran rəqəmsal transformasiya, bərpaolunan enerji resurslarının inkişafı və ixracı, nəqliyyat bağlantılarının genişləndirilməsi konsepsiyası haqqında məlumat verən dövlətimizin başçısı Avropa İnvestisiya Bankının hər üç sahə üzrə ölkəmizin yaxın tərəfdaşı ola biləcəyini qeyd etmişdi. Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer isə öz növbəsində Prezident İlham Əliyev tərəfindən qeyd olunan strateji xəttin rəhbərlik etdiyi maliyyə qurumunun maliyyələşdirmə strategiyası, həmçinin Avropa İttifaqının da qəbul etdiyi “EU Global Gateway” strategiyasında nəzərdə tutulmuş hədəflər ilə tam uyğunluq təşkil etdiyini bildirmiş və bu sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulamışdı. Bununla yanaşı, görüşdə nümayəndə heyətləri səviyyəsində təmasların davam etdirilməsi və qarşılıqlı maraq doğuran birgə layihələrin müəyyənləşdirilməsi ilə bağlı razılıq əldə olunmuşdu.

Elə  Avropa İnvestisiya Bankının Azərbaycanda özəl sektora dəstəyinin genişləndirilməsi sahəsində həyata keçirəcəyi növbəti layihə də həmin görüşün nəticəsi kimi dəyərləndirilməlidir. Bu, həm də qurumun ölkəmizə olan inam və etimadının getdikcə artmasından xəbər verir. 

Yeri gəlmişkən, ölkəmizdə özəl bölmənin inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqaməti kimi xüsusi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, hazırda Azərbaycan hökuməti qeyri-neft sektorunun dinamik  inkişafına nail olmaq məqsədilə bu sahəyə investisiya qoyuluşunu getdikcə artırır. Məhz bunun nəticəsidir ki, 2016-2022-ci illərdə 470-dən çox sahibkarlıq subyektinə 570-dən artıq investisiya təşviqi sənədi verilib, sahibkarların həyata keçirdikləri layihələr nəticəsində 5,5 milyard manatdan çox investisiya yatırılıb. Bunun da nəticəsində ölkəmizdə 38 minədək yeni iş yeri yaradılıb. 

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun məlumatına görə, 2023-cü  ilin birinci yarısında adıçəkilən qurum tərəfindən sahibkarların təqdim etdikləri 971 layihənin maliyyələşdirilməsinə 51,9 milyon manat güzəştli kredit verilib. Həmin  kreditlər hesabına 765 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

 

Mirbağır YAQUBZADƏ, 
“Xalq qəzeti”

 



İqtisadiyyat