Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpaolunan mənbələrdən istifadə edilərək, dayanıqlı enerji istehsalına yönələn genişmiqyaslı layihələr həyata keçirilir. Bölgədə “yaşıl” texnologiyaların tətbiqi əsasında hazırda elektrik enerjisi istehsalı layihələrinin icrası davam etdirilir.
Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzuru “yaşıl” enerji zonası elan edib. Dövlətimizin başçısının 2021-ci ildə imzaladığı müvafiq sərəncamla işğaldan azad olunan ərazilərin bərpası üzrə konsepsiya hazırlanıb. Eyni zamanda, Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl” enerji zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiqlənib.
Ötən müddətdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının gerçəkləşdirilməsi, enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi, elektrik nəqliyyat vasitələrindən istifadə üçün infrastrukturun qurulması, tikililərin damlarında bərpa olunan enerji qurğularının yerləşdirilməsi, xüsusən günəş panellərinin quraşdırılması, həmçinin küçələrin və yolların LED lampaları ilə işıqlandırılması kimi “yaşıl” həllərin tətbiqi istiqamətində genişmiqyaslı işlər görülüb.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə ümumi qoyuluş gücü 270 MVt olan 32 ədəd su elektrik stansiyası ilə yanaşı, 700-dən çox fərdi yaşayış evində və ictimai binalarda günəş panelləri quraşdırılıb. Laçın rayonunun Zabux və Sus kəndlərində hər bir fərdi yaşayış evində, inzibati binada, məktəb və uşaq bağçasında damüstü günəş panelləri quraşdırılaraq vətəndaşların istifadəsinə verilib. Laçın şəhərində də yaşayış evlərinin hər birinin üzərində 3-5 kVt gücündə günəş panelləri sistemi həm şəbəkəyə qoşulmaqla, həm də avtonom olaraq quraşdırılıb.
Bu texnologiyaların tətbiqi enerji təminatını ekoloji cəhətdən təmiz etməklə bərabər əhali üçün elektrik enerjisinə olan xərcləri əhəmiyyətli dərəcədə azaldır. Gələcəkdə yeni tikiləcək fərdi yaşayış evlərində və ictimai binalarda da damüstü günəş panellərinin quraşdırılmasının davam etdiriləcəyi nəzərdə tutulur. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə küçə və yolların işıqlandırılmasında istifadə edilən LED işıqlandırma sistemi enerjiyə qənaət etməklə yanaşı, şəhərlərin estetik görünüşünü də yaxşılaşdırır. Elektrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə ətraf mühitin qorunmasına töhfə vermək məqsədilə bu ərazilərdə elektrik doldurma məntəqələrinin sayı da artırılır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik su elektrik stansiyaları (KSES) da bu gün səmərəli fəaliyyət göstərir. Energetika Nazirliyinin məlumatına görə, Kəlbəcər rayonunun Tərtər çayı üzərində yerləşən“Çıraq-1” və Qaraarxac çayı üzərindəki “Çıraq-2” KSES-lərdə indiyədək 91,4 milyon kVt/saat elektrik enerjisi istehsal olunub. Energetika Nazirliyinin məlumatına görə, bu stansiyalar 2023-cü il avqustun 25-də istismara verilib.
Ümumi gücü 8,33 MVt olmaqla hər biri 4,165 MVt gücündə 2 hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Çıraq-1” KSES-də istismara verildiyi tarixdən bu il iyulun 1-dək 51 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Hər biri 3 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət ümumi gücü 6 MVt olan basqılı derivasiya tipli “Çıraq-2” KSES-də isə cari ilin iyul ayınadək istehsal göstəricisi 40,4 milyon kVt/saat olub.
Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Soyuqbulaq” KSES istismara verildiyi tarixdən bu ilin iyulun 1-dək 42 milyon kVt/saat elektrik enerjisi istehsal olunub. Ümumi gücü 5,3 MVt olan və hər biri 2,65 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli bu stansiya isə 2023-cü il avqustun 25-də istismara verilib.
Onu da deyək ki, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt “Xudafərin”, 40 MVt “Qız qalası”) olmaqla, iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir.
“AzərEnerji”nin məlumatına görə, “Enerso Cəbrayıl” MMC və “Clean Energy Cəbrayıl” MMC tərəfindən inşa ediləcək 50+50 MVt-lıq günəş elektrik stansiyalarının 2027-ci ildə şəbəkəyə qoşulması planlaşdırılır. Bərpa olunan enerji mənbələri üzrə hərrac layihəsi çərçivəsində 100 MVt gücündə günəş elektrik stansiyasının 2026-cı ildə şəbəkəyə qoşulması nəzərdə tutulur. Çin şirkəti “China Gezhouba” tərəfindən Füzuli rayonunda inşa ediləcək 160 MVt-lıq günəş elektrik stansiyasının isə 2030-cu ilə qədər istismara verilməsi gözlənilir.
Qeyd edək ki, ilkin hesablamalara görə, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında isə günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda, araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması bildirilir.