Tehranda Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərinin iştirakı ilə İranda yaşayan türklərin mədəniyyət və incəsənət festivalı keçiriləcək.
Bu barədə məlumat verən Təbriz bələdiyyəsinin başçısı Yəqub Huşyar bildirib: “Bu festivalın keçirilməsindən əsas məqsəd yerli və xarici investorların diqqətini maksimum dərəcədə cəlb etməkdir. Bu festivalda Ərdəbil, Urmiya, Zəncan və Təbriz şəhərlərinin hər birinə bir gün ayrılması sərmayələrin cəlb edilməsinə və ictimai iştirakçılığın artmasına əhəmiyyətli təsir göstərəcək”.
Gün.azTV bildirib ki, son vaxtlar İran hökuməti Güney Azərbaycanda təşəbbüsü milli fəalların əlindən almaq və Azərbaycan Respublikasının mədəniyyət və incəsənət sahəsindəki təsirini azaltmaq məqsədilə belə təşəbbüslərə əl atır. Bir neçə gün əvvəl isə Şərqi Azərbaycan əyalətinin İrşad və Mədəniyyət Təşkilatı İranda türk dilində kitabların nəşri ilə bağlı bildirib ki, ölkədə yalnız Təbriz danışıq şivəsində yazılan kitabların nəşrinə icazə veriləcək.
Hüseyn RƏHİMZADƏ