Prezident İlham Əliyev mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşündə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa, tikinti-quruculuq layihələri haqqında danışarkən, Laçında onlarla müəssisənin yaradılmasının nəzərdə tutulduğunu, burada artıq Aqro və Sənaye Parkının yaradılmasına başlandığını da qeyd edib.
Xatırladaq ki, işğalçıdan təmizlənən torpaqların dirçəlməsi, bu ərazilərə yeni nəfəs verilməsi strategiyasında sənayeləşmə siyasəti xüsusi yer tutur. Başqa sözlə, Qarabağ və Şərqi Zəngəzurda sənaye parklarının qurulması və bu müəssisələrə investisiya cəlb olunması bölgənin resurslarından, həmçinin iqtisadi imkanlarından yararlanmaqla adları çəkilən iqtisadi rayonların ölkə iqtisadiyyatına səmərəli reinteqrasiyasına əlavə stimul yaradır.
Yeri gəlmişkən, bu ərazilərdə sənayeləşmə prosesinin mərhələli şəkildə aparılacağı planlaşdırılıb. Abadlıq və quruculuq işlərinin həyata keçirilməsi üçün ilkin mərhələdə tikinti şirkətləri prosesə qoşulub. Əhalinin tezliklə işğaldan azad edilən yaşayış sahələrinə qayıdacağı nəzərə alınaraq, bu ərazilərdə məskunlaşan keçmiş məcburi köçkünlərin məşğulluğu, onların ərzağa olan tələbatının ödənilməsi xüsusi diqqətdə saxlanılıb. Bu baxımdan, növbəti mərhələdə kənd təsərrüfatı məhsullarının emalı, yüngül və qida sənayesinin formalaşdırılması prosesinin həyata keçiriləcəyi diqqətdə saxlanılıb.
Laçın Aqro və Sənaye Parkının yaradılması da əsasən bu məqsədə xidmət edir. Parkda ümumilikdə 46 müəssisənin fəaliyyət göstərəcəyi, onların da 80 faizinin bu il yayın sonunadək işə başlayacağı nəzərdə tutulur. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan zavod, balıq təsərrüfatı, yeyinti və yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, eyni zamanda, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzinin yaradılması planlaşdırılır. Bu ayın sonunadək artıq keramik məhsullar fabrikinin də işə düşəcəyi də gözlənilir. Bundan başqa, kinostudiyanın, tekstil, ayaqqabı fabriklərinin açılması, müxtəlif istiqamətlər üzrə qısamüddətli kursların təşkili nəzərdə tutulur.
Hazırda ölkəmizdə iqtisadiyyatın inkişafına, ixrac potensialının artırılmasına, rəqabətqabiliyyətli məhsul istehsalına önəmli töhfə verən sənaye parklarının sırasına “Ağdam Sənaye Parkı” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı da qoşulub.
Təməli dövlətimizin başçısı tərəfindən 2021-ci il mayın 28-də qoyulan “Ağdam Sənaye Parkı” Qarabağın yenidən qurulmasında mühüm rol oynayacaq. Adı çəkilən sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Parka 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq.
Qarabağda sənaye parkının qarşısına innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafına, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılmasına və bu sahədə sahibkarlığın dəstəklənməsinə nail olmaq, bölgədə yerli və xarici investisiyalar üçün əlverişliliyin artırılması, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun yüksəldilməsi kimi məsələlər mühüm vəzifələr kimi qoyulub.
Ağdam Sənaye Parkı Qarabağın inkişafına, bölgənin qeyri-neft sənayesinin sürətli inkişafına önəmli təsir göstərəcək. Eyni zamanda, bu nəhəng müəssisə respublikamızın ixrac potensialının artırılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına, ölkəyə valyuta axınının, investisiyaların artmasına yeni imkanlar açacaq.
Cəbrayıl rayonunda yaradılan “Araz Vadisi İqtisadi Zonası”nda da nəzərdə tutulan layihələr uğurla həyata keçirilir. İqtisadi zona 200 hektar ərazini əhatə edir. Parkın aqrar məhsulların emalı, sənaye, sosial və texniki zonalara bölünəcəyi nəzərdə tutulur. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri və digər sahələri əhatə edən məntəqələrin yaradılması planlaşdırılır.
“Araz Vadisi İqtisadi Zonası”nda tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması da planlaşdırılır.
Yeri gəlmişkən, iqtisadi zonada naxçıvanlı sahibkarların da fəaliyyət göstərmələri nəzərdə tutulub. Belə ki, sənaye parkında muxtar respublika sahibkarlarının logistik fəaliyyəti üçün 14 hektar sahə müəyyənləşdirilib. Ərazidə Naxçıvan Sahibkarlar Konfederasiyasının vasitəsi ilə logistik anbarların yaradılması, ilkin mərhələdə əsasən, tikinti materiallarının satışı nəzərdə tutulub.
Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert
İşğaldan azad edilmiş ərazilərdə bərpa, tikinti-quruculuq layihələrinin uğurla həyata keçirilməsi üçün stimullaşdırıcı tədbirlər daim diqqət mərkəzində saxlanılıb. Məsələn, vergi güzəştlərinin tətbiqinə xüsusi önəm verilib. Belə ki, işğalçıdan təmizlənən torpaqlarda hər bir rezidentl cari il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad edilib. Eyni zamanda, həmin ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri göstərilən tarixdən etibarən 10 il müddətində vergidən azad olunub.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ƏDV qeydiyyatında olan rezidentlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurum tərəfindən təsdiqlənən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı cari ilin yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib.
Vergi güzəştlərinə əlavə olaraq, “Sosial sığorta haqqında” Qanuna dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində fəaliyyət göstərən maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılara (işğalçıdan təmizlənən ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının müəyyən hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır.
Sonda qeyd edim ki, Qarabağ və Şərqi Zəngəzurda yaradılan sənaye parkları bu iqtisadi rayonların inkişafına, bölgənin qeyri-neft sənayesinin sürətli inkişafına önəmli təsir göstərəcək. Eyni zamanda, bu müəssisələr respublikamızın ixrac potensialının artırılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına, ölkəyə valyuta axınının, investisiyaların artmasına yeni imkanlar açacaq.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”


