Azərbaycan Mərkəzi Bankının (AMB) proqnozlarına görə, 2023-cü ilin sonunda ölkədə ÜDM artımı 1,8-2 faiz civarında olacaq.
Bu barədə AMB-in sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
İl ərzində qeyri-neft ÜDM-in artım tempinin 5,7 faizə çatacağını bildirən T. Kazımov bildirib ki, aprel ayında ölkədə ÜDM 0,1 faiz, qeyri-neft ÜDM-i isə 3,7 faiz artıb. O, aprel ayında inflyasiyanın səviyyəsinin 12,8 faiz olduğunu narahatedici məqam kimi xarakterizə edərək vurğulayıb ki, burada əsas ərzaq qiymətlərinin artımıdır. “Aprelin proqnozlarına görə, ilin sonunda illik inflyasiya 8,3 faiz olacaq. Yanvar ayının inflyasiya proqnozu isə 7,9 faiz olub”,–deyə T. Kazımov əlavə edib.
Bank sədrinin sözlərinə görə, cari ilin aprel ayında ölkənin valyuta ehtiyatları 12 faiz ataraq 66 milyard ABŞ dollarına, AMB-nin ehtiyatları isə 2,2 faiz artaraq 9,2 milyard ABŞ dollarına çatıb.
T. Kazımov onu da bildirib ki, maliyyə sektorunun kredit portfeli 20 milyard ABŞ dollarına çatıb, depozit bazası 5 faizdən çox artıb.
Ötən müddətdə sığorta sektorunun ödənişlərində artım müşahidə edildiyini bildirən bank sədri diqqətə çatdırıb ki, ilin əvvəlindən sığorta haqları 30 faiz, ödənişlər 33 faiz artıb. Bununla yanaşı, ölkənin qiymətli kağızlar bazarında da müsbət inkişaf müşahidə olunub. Bu barədə məlumat verən T. Kazımov deyib ki, hazırda korporativ istiqraz və səhmlər üzrə 8 faiz, dövlət qiymətli kağızlarında isə 15,6 faiz artım var.