Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Ankarada seçkilərdə qələbə münasibətilə çıxışında qardaş ölkənin qaz qovşağı layihəsini həyata keçirməkdə qərarlı olduğunu, bu şəbəkənin ilin sonunadək gerçəkləşdiriləcəyini bildirib.
Xatırladaq ki, ötən il oktyabr ayının 12-14-də Moskvada keçirilən “Rusiya Enerji Həftəsi: 2022” Beynəlxalq Forumunda Rusiya Prezidenti Vladimir Putin Türkiyədə Avropaya nəql edilən qazın qiymətinin müəyyənləşdirilməsi üçün müvafiq mərkəzlərə alternativ ola biləcək yeni qaz qovşağının yaradılması təşəbbüsü ilə çıxış edib. Bunun üçün digər məsələlərlə yanaşı, Rusiya Federasiyasından Türkiyəyə əlavə qaz kəmərləri çəkməyin lazım gəldiyini və artıq hər iki ölkənin birinci şəxslərinin bu ideyanı bəyəndikləri bildirilib.
Bu məsələ ilə bağlı “Qazprom” ASC-nin Direktorlar Şurasının sədri Viktor Zubkov da həmin il oktyabrın 27-28-də Bakıda keçirilən Avrasiya İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Türkiyədəki qaz habının hamıya, o cümlədən Azərbaycana da sərfəli olduğunu diqqətə çatdırıb. Viktor Zubkov, eyni zamanda, bu layihənin, sadəcə, böyük əhəmiyyətini dərk etməyin və bu məsələ ilə ciddi məşğul olmağın vaxtı çatdığını xatırladaraq Türkiyənin də bu istiqamətdə həyata keçiriləcək tədbirlərə müsbət münasibətini vurğulayıb.
Yeri gəlmişkən, o zaman Azərbaycanın Energetika Nazirliyi tərəfindən yayılan məlumatda bildirilirdi ki, əgər bu cür tədarüklər ölkədə fəaliyyət göstərən xarici şirkətlər üçün faydalı olarsa, respublika öz qazını planlaşdırılan qovşağa çatdırmağa hazırdır. Məlumatda, həmçinin qeyd edilirdi ki, ölkəmizdə “mavi yanacaq” hasilatının əsas payı dövlət şirkəti olan SOCAR-ın deyil, “Şahdəniz” beynəlxalq konsorsiumunun üzərinə düşür.
Energetika Nazirliyinin açıqlamasında daha sonra deyilirdi: “Bu, Azərbaycan üçün yeni təşəbbüsdür və diqqətdə saxlanılır. Respublikamızda qaz əsasən beynəlxalq konsorsium tərəfindən hasil edilir və SOCAR da bu prosesdə iştirak edir. Lakin bu, BP, LUKOIL və İran şirkətlərinin daxil olduğu bir konsorsiumdur və onlar üçün ən vacibi bu layihənin iqtisadi əsaslandırılmasıdır. Bundan mənfəət əldə ediləcəyi sübuta yetirilərsə, tərəflərin layihəyə müsbət münasibəti də heç bir şübhə doğurmur”.
Bu məqamda qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı qardaş ölkədə qaz habının yaradılması məsələsində Rusiya lideri ilə razılığa gəlindiyini xatırladaraq Avropa ölkələri tərəfindən aktiv şəkildə qaz almaq yolları axtarıldığını, Türkiyənin isə belə bir probleminin olmadığını diqqətə çatdırmışdı. “Türkiyədə Rusiya qazı üçün hab yaradacağıq. Putinin özü də bildirib ki, Avropa Türkiyə vasitəsilə qaz ala bilər”, – deyə qardaş ölkənin Cümhurbaşqanı vurğulamışdı.
Aparılan hesablamalara görə, 2027-ci ilədək Türkiyədə yaradılan qaz habı hesabına Avropaya ildə 35,75 milyard kubmetr “mavi yanacağ”ın ötürüləcəyi gözlənilir. Bu gün Türkiyəyə Qara dənizin dibindən “Türk axını” xəttinin iki borusu ilə qaz nəqli həyata keçirilir. Adıçəkilən kəmər Türkiyə ərazisindən tranzitlə bu ölkəyə, eləcə də Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz nəqli üçün nəzərdə tutulub. Magistral kəmər hər biri 15,75 milyard kubmetrə qədər qaz nəql etmək gücündə olan iki xətdən ibarətdir. Bundan əlavə, “Mavi axın” xətti ilə 16 milyard kubmetr qaz nəql etmək mümkündür.
Beləliklə, adıçəkilən iki kəmərlə ildə 47,1 milyard kubmetr Rusiya qazının ötürülməsi realdır. Ötən il bu həcmin yalnız 33,2 milyard kubmetri gerçəkləşib. Proqnozlaşdırılmaya əsasən, əgər Türkiyə və Avropa dövlətlərindən tələbat nəzərə alınarsa, ildə Rusiya bu xətlərlə Türkiyəyə əlavə olaraq 12,9 milyard kubmetr qaz ötürə bilər. Bununla yanaşı, Türkiyənin hazırda Tengiz-Ankara boru xətti ilə İrandan ildə 10 milyard kubmetr qaz almaq imkanı var. Cənub Qaz Dəhlizi ilə Azərbaycandan ildə 25 milyard kubmetr qaz daxil olması da nəzərdə tutulur.
Yeri gəlmişkən, ötən həftə Bakıda keçirilən Enerji Forumunda çıxış edən “Türkiyə Petrolları Anonim Ortaqlığı” şirkətinin prezidenti və baş icraçı direktoru Melih Xan Bilgin bildirib ki, dünya enerji bazarında təbii qazın hələ orta və uzun müddətdə istifadəsi labüd olacaq. Bu enerji resursunun bərpaolunan enerjiyə tam keçid üçün vacib elementlərdən biri olaraq qaldığını vurğulayan şirkət rəhbəri, həmçinin deyib ki, tam keçidin təmin edilməsi üçün hökumətlərin və şirkətlərin birgə koordinə edilmiş fəaliyyəti, “ağıllı” texnologiyaların tətbiqi və əlavə investisiyalar vacibdir.
M. Bilgin bildirib ki, Türkiyənin Qara dənizdə aşkar etdiyi yataqlardan hasil edilən təbii qaz daxili istehlakda idxal qazının payının azalmasına səbəb olacaq. “Bu gün Türkiyənin təbii qaza olan tələbatının 99 faizi idxal hesabına qarşılanır. Biz buradan hasil edilən təbii qazı ölkənin daxili tələbatının ödənilməsinə yönəldəcəyik. Amma bununla belə bu yataqlardan hasil edilən təbii qazı Avropa ölkələrinə ixrac etməyi də nəzərdə tuturuq”,–deyə Melih Xan Bilgin əlavə edib.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”