Sığorta-pensiya sistemi liberal islahatlara əsaslanır

post-img

Son vaxtlar mediada sosial sığortaya əsaslanan pensiya sistemində mövcud mexanizmin tətbiqi ilə bağlı fərqli fikirlər səsləndirilir. Bəzi şəxslər tərəfindən vətəndaşın hesabında yığılan pensiya kapitalının pensiya yaşına çatdıqda birdəfəlik alınması ilə bağlı iddialar irəli sürülür. Əks tərəf isə bunun sosial sığorta prinsiplərinə zidd olduğunu vurğulayır, bəzi ölkələrdə tətbiq edilən belə mexanizmin, əsasən, pensiya kapitalına deyil, peşə birliklərinə ödənilən sığorta vəsaitlərinin birdəfəlik alınması kimi izah edir. Bu zaman qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycanda mövcud qanunvericiliyə əsasən pensiya vəsaitlərinin gözlənilən yaş müddətindən başlayaraq aylar üzrə hissə-hissə və hər il indeksləşdirilməklə ödənilməsinin nəzərdə tutulduğu bildirilir. 

Bu və ya digər məsələlərlə bağlı iq­tisadçı-ekspert Eyyub Kərimli söhbət zamanı dedi: 

– Cari il yanvarın 1-nə olan məlumata əsasən, Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 114,2 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1 milyon 200,5 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisi­nin 11 faizini təşkil edir. Onların 62,5 fai­zi yaşa, 24,5 faizi əlilliyə, 13 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunan aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz artaraq 372,1 manat təşkil edib və orta aylıq əmək haqqının 44,3 faizinə bərabər olub. 

“Əmək pensiyaları haqqında” Azər­baycan Respublikasının Qanununda edilən müvafiq dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 16,6 faiz artırılaraq 2023-cü il fevralın 1-dən 280 manat müəyyənləşdirilib. Ölkədə pensiya­çıların sosial müdafiəsini daha da güclən­dirmək məqsədilə Azərbaycan Respubli­kası Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü il yanvarın 1-dən orta aylıq nomi­nal əməkhaqqının illik artım tempinə uy­ğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb. 

Bununla yanaşı, ötən müddətdə əha­linin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müa­vinətlər təyin edilib. Məsələn, cari ilin yan­varın 1-nə olan məlumata əsasən, yaşa görə müavinət alanların sayı 1 milyon 28,3 min (ötən ilin yanvarın 1-də 1 milyon 13,6 min) nəfər, əlilliyə görə – 46,7 min nəfəri 18 yaşınadək əlilliyi müəyyənləş­dirilən şəxslər olmaqla, cəmi 209,5 min (müvafiq olaraq 55,8 min və 206,1 min) nəfər, ailə başçısını itirməyə görə – 56,1 min (54,3 min) nəfər, digər müavinət növ­lərini alanların sayı isə 24,3 min (22,9 min) nəfər olub. 

Rəsmi statistikaya nəzər salanda mə­lum olur ki, Azərbaycanda orta ömür müd­dəti azalmaqdadır. Əgər pensiya yaşının artırılması ilə bağlı qanunvericiliyə dəyi­şiklik ilində–2017-ci ildə ölkədə orta ömür 75,4 il olmuşdusa, ötən il bu göstərici 73,6 ilə enib. Orta ömür müddətini cinslərə böl­sək, qadınlarda bu göstərici bir qədər yük­sək–75,9 il olsa da, kişilərdə aşağı–71,3 ildir. Müqayisə üçün deyək ki, 2017-ci ildə kişilərin orta ömrü 73,1 il, qadınların isə 77,8 il olub. 

Məsələyə şəhər və kənd yerləri üzrə yanaşsaq, vəziyyət bir qədər də dəyişir. Çünki şəhər yerlərində orta ömür müddə­ti daha aşağıdır. Təkcə ötən il şəhərlərdə orta ömür 73,1 il, o cümlədən kişilərdə 70,4 il, qadınlarda 75,1 il təşkil edib. Kənd yerlərində isə orta ömür müddəti 74,7 il, o cümlədən kişilərdə 72,4 il, qadınlarda 76,8 il olub. 

Dövlət Statistika Komitəsinin məlu­matına görə, ötən il Azərbaycanda 65 ya­şınadək ölənlərin sayı 30 min 544 nəfər olub ki, bunun da 18 min 922 nəfəri və ya 61,9 faizini kişilər təşkil edib. Həmin il ölən kişilərin 47 faizinin yaşı 65-ə qədər olub.

Ötən il dünyasını dəyişənlərin 27 min 362 nəfəri əməkqabiliyyətli olub. Bunun da 18 min 592 nəfəri və ya 67,9 faizi kişilər olub. Yeri gəlmişkən, əmək qabiliyyətli de­dikdə, bu, 2021-ci ildə kişilər üçün 15-64,5 yaş, qadınlar üçün isə 15-61,5 yaş nəzər­də tutulub. Ötən il ölkə üzrə, ümumilikdə, 40 min 261 nəfər kişi dünyasını dəyişib. Bu da o deməkdir ki, ötən il ölən kişilərin 46,2 faizi, ümumiyyətlə, pensiya almayıb. 

Ancaq bu, ən yüksək göstərici də de­yil. Belə ki, 2020-ci ildə ölən kişilərin 48,1 faizi, 2019-cu ildə 62,1 faizi, 2018-ci ildə 58,4 faizi, 2017-ci ildə 58,7 faizi pensiya almayıb. Ümumilikdə isə, hər iki cins üzrə ölənlərin 2017-ci ildə 31,3 faizi, 2018-ci ildə 31,2 faizi, 2019-cu ildə 33,2 faizi, 2020-ci ildə 37 faizi, 2021-ci ildə isə 35,6 faizi əməkqabiliyyətli yaşda olub, yəni pensiya almayıb. Müşahidə olunan azal­mada məlum pandemiyanın rolu olsa da, reallıq budur ki, orta ömür müddəti azalıb. Bu, özünü pensiya alanların sayında da göstərməkdədir. Əgər 2020-ci ilin əvvə­lində ölkədə pensiyaçıların sayı 1 milyon 270,6 min nəfər olubsa, 2022-ci ilin iyul ayında bu göstərici 8,8 faiz azalaraq 1 mil­yon 159,3 min nəfər təşkil edib. Cari ilin əvvəlində isə 2020-ci ilin faktiki göstəricisi ilə müqayisədə 12 faiz azalaraq 1 milyon 118,1 minə enəcəyi proqnozlaşdırılıb. 

Bununla belə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, pensiyaçıların 68 faizi 12 ildən çox pensiya alır. Nazir Milli Məclisdəki çıxışın­da bu məsələdən bəhs edərək deyib ki, pensiya yaşı 65 olsa da, xüsusi kateqori­yalara edilən güzəştlər çərçivəsində effek­tiv pensiya yaşı 61 və 62-dir. Bu da onu deməyə əsas verir ki, pensiya almadan dünyasını dəyişənlər olduğu kimi, pensiya ödənişi müddətindən artıq pensiya alanlar və erkən yaşda pensiya hüququndan ya­rarlananlar da az deyil. 

Lakin mövzu təkcə pensiya yaşı ilə ye­kunlaşmır. Məsələ burasındadır ki, pensi­yaların ödəmə mənbəyi olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin bir hissəsini hələ də dövlət büdcəsinin vəsa­iti təşkil edir. Son illərdə əmək bazarında leqallaşma tədbirlərinin miqyasının geniş­lənməsinə baxmayaraq, ötən il adıçəkilən fondun gəlirlərinin 25,3 faizinin (1 milyard 307,4 milyon manatı) mənbəyi dövlət bü­dcəsi olub. Keçən il bu göstəricinin 21,1 faizə (1 milyard 232 milyon manata) enə­cəyi gözlənilsə də, cari ildə 23,4 faizə (1 milyard 467,8 milyon manata) yüksəlib. Gələn ildən isə başlayaraq DSMF-nin xərclərinin artması fonunda dövlət büdcə­sindən asılılığın daha da artacağı gözləni­lir. Belə ki, 2024-cü ildə dövlət büdcəsinin fondun gəlirlərindəki payı 32,5 faiz (2 mil­yard 616,71 milyon manat), 2025-ci ildə 30,75 faiz (2 milyard 642,14 milyon ma­nat), 2026-cı ildə isə 28,9 faiz (2 milyard 664,39 milyon manat) olacağı proqnozlaş­dırılır. 

Pensiya yaşının azaldılması isə DSMF-nin xərclərinin daha da artması deməkdir. Fonda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların böyük templə artmadığı şəraitdə bu, dövlət büd­cəsindən asılılığın daha da yüksəlməsinə gətirib çıxarmış olar. Bu baxımdan özəl pensiya fondlarının yaradılmasına böyük zərurət yaranır. Belə fondların fəaliyyəti pensiya təminatının büdcədən asılılığı­nı azaltmaqla yanaşı, həm də dünyasını dəyişən vətəndaşların yığılmış pensiya kapitalının varislərinə ötürülməsini, həm­çinin pensiya məbləğlərinin artırılmasında müsbət təsirləri şərtləndirə bilər.

 

Söhbəti yazdı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”



Sosial həyat