Kənd təsərrüfatı dövlət dəstəyindən güc alır

post-img

Azərbaycanda ərzaq təhlükəsizliyini gerçəkləşdirən, ixrac potensialının daha da güclənməsinə, habelə kənd yerlərində əhalinin rifahının daha da yüksəlməsinə töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prioritet istiqamətlərdən biridir. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkəmizdə uğurla həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq aqrar sektorun inkişafı məqsədilə çoxşaxəli dövlət dəstəyi sis­temi qurulur, bu sahənin potensialının reallaşdırılmasına yönəldilən resurs­ların həcmi artırılır. Son illər ərzində kənd təsərrüfatı məhsulları istehsa­lında dinamik artım müşahidə olunur, bitkiçiliyin canlanması üçün intensiv və ekstensiv amillərə xüsusi diqqət yetiri­lir, heyvandarlıq sahəsinin tərəqqisi isə tədrici intensiv metodlara əsaslanılır. Bir sözlə, aqrar sektorun potensialının gücləndirilməsi müxtəlif istiqamətlər üzrə reallaşdırılan genişmiqyaslı təd­birlərlə həllini tapır. 

Respublikada meliorasiya-irriqa­siya sisteminin yenidən qurulması və təkmilləşdirilməsi üçün dövlət büdcəsi vəsaitləri hesabına son 10 il ərzində 390 min hektardan çox sahədə tor­paqların su təminatı yaxşılaşdırılıb, 188 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilib. Həmçi­nin suvarılan sahələrdə müvafiq dövlət dəstəyi hesabına tətbiq olunan müasir suvarma sistemlərinin payı artıq 5 faiz­dən çox yüksəlib.

Fermerlərin gübrə, pestisid və kənd təsərrüfatı texnikaları ilə təminatının yaxşılaşdırılması üçün göstərilən döv­lət dəstəyi tədbirləri öz müsbət nəti­cələrini verir. Bu ilin yanvar-mart ay­larında ölkədə ÜDM istehsalının 2,6 faizini kənd təsərrüfatı sahəsinin pa­yına düşməsi, yanvar-fevral aylarında 895,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmə­si və həmin göstəricinin ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz çox ol­ması bunun bariz ifadəsidir.

Xatırladaq ki, son bir ildə ölkədə istehsal edilən bitkiçilik məhsullarının dəyəri 1,9 faiz artaraq 46,4 milyon ma­nat, heyvandarlıq məhsulların dəyəri isə 3,4 faiz artaraq 849,2 milyon ma­nat təşkil edib. Cari il martın 1-nə qə­dər Azərbaycanın əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb. 54,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 8,6 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalı daxil olmaqla), 14,7 min hektar sahədə kar­tof, 11,1 min hektar sahədə tərəvəz, 19,9 min hektar sahədə yemlik bitkilər, 0,3 min hektar sahədə texniki bitkilər əkilib. Təsərrüfatlarda yanvar-fevral aylarında 39,5 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 0,8 faiz çox tərəvəz məhsulları istehsal edilib.

Yeri gəlmişkən, hazırda pambıqçılıq rayonlarında çiyid səpininə start verilib. Səpin ərəfəsində Kənd Təsərrüfatı Na­zirliyinin, pambıqçılıq rayonlarının Döv­lət Aqrar İnkişaf Mərkəzlərinin, pambıq tədarükü və emalı şirkətlərinin iştirakı ilə çoxsaylı görüşlər keçirilib, sahə­nin inkişafı ilə bağlı hədəflər müəy­yənləşdirilib, onların həlli məqsədilə adıçəkilən nazirliyin müvafiq qurumları tərəfindən tədbirlər planı hazırlanıb, bu tədbirlərin aidiyyəti üzrə icraçıları və müddətləri müəyyənləşdirilib. 

Aprelin 17-dək respublika üzrə pambıq emalı və tədarükü şirkətləri tərəfindən 15 min 434 mülkiyyətçi ilə 92 min hektar sahədə pambıq istehsalı məqsədilə müqavilə bağlanılıb və hə­min sahələrin 90 min hektarında şum işləri aparılıb. Aprelin ikinci ongünlü­yündə isə pambıq tarlalarında çiyid səpininə başlanılıb və artıq 17,7 min hektar sahədə səpin həyata keçirilib.

Qeyd edək ki, 2022-ci il pambıq­çılıq mövsümündə sahələrdən 322 min 300 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Pambıq üzrə orta məhsuldarlıq 30,92 sent/ha təşkil edib ki, bu da bir il əvvəlki möv­sümlə müqayisədə 2,42 sent/ha artıq­dır. Keçən il bir il əvvəllə müqayisədə sahələrdən 35 min 259 ton artıq məh­sul yığılıb.

Azərbaycanda pambıqçılığın inki­şafı dövlət tərəfindən dəstəklənir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ildə tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə 170 manat məhsul subsidiyası ödənilib. Şuranın qərarı ilə 2023-cü il mövsümündə fermerlərə təhvil verəcəkləri pambığın hər tonuna görə 180 manat məhsul subsidiyası ödəniləcək.

Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert

Ölkəmizin aqrar sektorunda in­novasiyaların tətbiqi ilə bağlı artıq çoxsaylı təcrübələr yaranıb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeli­yində olan elmi-tədqiqat institutları tərəfindən təcrübə xarakterli, özəl şirkətlər tərəfindən isə kommersiya məqsədi ilə “ağıllı istixana” və “ağıllı bağ”lar qurulub, torpaq və su sen­sorları, “ağıllı” suvarma sistemləri, aqrodronlar, aqrorobotlar, “dəqiq” əkin texnologiyaları tətbiq olunub.

Bu gün aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırıl­ması, səmərəliliyinin və şəffaflığı­nın artırılması, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətən­daş məmnunluğunun yüksəldilməsi məqsədi ilə institusional islahatlara da üstünlük verilir. “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) tətbiq edilməsinə başla­nılması, bitkiçilik və heyvandarlıq sahəsində fermerlərə subsidiyaların alternativsiz olaraq həmin sistem vasitəsilə verilməsi qeyd edilən fik­rin bariz ifadəsidir. 

Aqrar sığorta sahəsində yeni mexanizmi artıq 2020-ci ildən eti­barən həm bitkiçilik, həm də hey­vandarlıqda tətbiq edilir. Hazırda aqrar sığorta sisteminin tətbiqinin genişləndirilməsi istiqamətində təd­birlər ardıcıl olaraq həyata keçirilir və aqrar sığorta göstəriciləri hər il yüksəlir.

Kənd təsərrüfatı məhsulla­rı istehsalçılarının dövlət qayğısı ilə əhatə olunması bütün əsas is­tiqamətlərdə irəliləyişlərə yol açıb. Son 10 il ərzində ölkədə real ifadədə kənd təsərrüfatı məhsulları istehsalı 46,8 faiz (o cümlədən bitkiçilik məh­sulları istehsalı 53 faiz, heyvandar­lıq məhsulları istehsalı 42,5 faiz) ar­tıb. Bu dövr ərzində kənd təsərrüfatı və ərzaq məhsullarının ixrac həcmi təqribən 26,9 faiz artıb ki, bu da xü­susilə ilkin kənd təsərrüfatı məhsul­larının ixrac həcminin bir neçə dəfə çoxalması hesabına olub.

Bütün bu tədbirlərin nəticəsidir ki, son dövrlər qlobal ərzaq bazarın­da yaşanan böhranın daha da dərin­ləşməsinə baxmayaraq, Azərbayca­nın idxaldan asılı olduğu məhsullar üzrə təminatında heç bir problem nəzərə çarpmır. Bununla yanaşı, ər­zaq qiymətlərində baş verən baha­laşmanın mənfi təsirlərinin qismən də olsa kompensasiyası məqsədilə ölkəyə idxal olunan bir sıra ərzaq məhsullarının və xammalların göm­rük rüsumlarından və ƏDV-dən azad olunması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat