Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Laçın şəhərinin daxili yollarının bərpası layihəsi sürətlə və keyfiyyətlə icra olunur. Uzunluğu 59 kilometr təşkil edən həmin yolların hər birinin eni 3-3,5 metr olmaqla 2 hərəkət zolaqlıdır. Layihə üzrə torpaq yatağının eni 8-15 metr təşkil edir.
Layihə çərçivəsində yararsız örtük sökülür, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, ardınca yararlı materiallardan istifadə olunmaqla əks dolğu işləri icra olunur, yeni yol yatağı və yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir.
Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Laçın şəhərinin daxili yollarının bərpası ilə şəhər ərazisində müasir yol infrastrukturu qurulacaq, tezliklə burada yaşayacaq əhalinin və bura gələn qonaqların rahat gediş-gəlişi təmin olunacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə 2021-ci il avqustun 16-da təməli qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar torpaq, qazma-partlayış işləri də sürətlə icra olunur. İnşası aparılan hava limanında qazma işləri 26,512 milyon kubmetr, tökmə işləri isə 1,956 milyon kubmetr təşkil edir. Qazmanın maksimal orta dərinliyi 73 metr, tökmənin orta hündürlüyü isə 14 metrdir.
Qorçu kəndinin ərazisində yaradılan Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Xatırladaq ki, bu aeroportdan Laçın şəhərinə qədər olan məsafə 38,1 kilometr, Şuşa şəhərinə qədər olan məsafə 75 kilometr, Kəlbəcər şəhərinə isə 59,2 kilometr təşkil edəcək.
İşğaldan azad edilmiş əzəli torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərən Laçın Beynəlxalq Hava Limanının inşası ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq.
“Xalq qəzeti”

