Emin BAĞIROV,
Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru
Son bir neçə ildə Azərbaycanın Avropanın əsas elektrik enerjisi, xüsusən də, “yaşıl enerji” təchizatçısına çevrilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu, təsadüfi deyil. Çünki əlverişli coğrafi mövqedə yerləşən respublikamız əsas elektrik enerjisi, eləcə də bərpaolunan enerji mənbələri ilə zəngindir. Araşdırmalara əsasən, ölkəmizin təkcə alternativ enerji potensialı 27 QVt həcmində dəyərləndirilir. Xatırladım ki, bunun da böyük hissəsi günəş və külək enerjisi ilə əlaqədardır.
Bundan əlavə, Dünya Bankının təşəbbüsü ilə aparılan araşdırmalara əsasən, Xəzər dənizinin Azərbaycana aid hissəsində 157 QVt həcmində külək enerjisi potensialı mövcuddur. Bu göstərici respublikamızda “yaşıl enerji”nin inkişafı üçün kifayət qədər zəngin ehtiyatın olmasından xəbər verir. Şübhəsiz ki, belə bir əlverişli şərait xarici dövlətlərin ölkəmizə olan marağını getdikcə artırır. Ötən il dekabr ayının 17-də Buxarestdə imzalanan müvafiq saziş də bunun bariz ifadəsidir. Başqa sözlə, qeyd edilən sənəd “yaşıl enerji”nin ötürülməsi ilə bağlı Azərbaycanın bu istiqamətdə atdığı uğurlu addımlardan biri kimi diqqət çəkir.
Yeri gəlmişkən, hökumətlərarası həmin saziş Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını nəzərdə tutur. Bu kabellə ötürülən elektrik enerjisinin daha sonra Macarıstana və Avropaya nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə nəqli planlaşdırılır.
Həmin saziş adları çəkilən dörd ölkənin milli və regional enerji təhlükəsizliyinin və Qara dəniz hövzəsində əlaqələrin gücləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə, Xəzər regionunun bərpaolunan enerji potensialının istifadəsinə, habelə dövlətlərin milli enerji istehlakında alternativ enerjinin payının artırılmasına dair maraqları nəzərə alınmaqla hazırlanıb.
Hazırda respublika Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnozun tərtibi istiqamətində iş aparır. Adları çəkilən bölgələrdə bərpaolunan enerji mənbələrinin potensialının beynəlxalq qiymətləndirməsi ilə əlaqədar ilkin rəqəmlər də çox ümidvericidir. Bu potensial külək enerjisində təxminən 7200 meqavat, günəş enerjisində isə 2000 meqavatdan çoxdur.
Məlum olduğu kimi, ölkə başçısı tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları “yaşıl enerji” zonası elan olunub və bununla bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Həmin tapşırıqların icrası çərçivəsində Energetika Nazirliyi tərəfindən beynəlxalq məsləhətçi şirkətin cəlbi ilə “Yaşıl enerji” zonası konsepsiyası hazırlanıb və hökumət tərəfindən konsepsiyadan irəli gələn məsələlərin həlli məqsədəuyğun hesab edilib.
Sonda qeyd edim ki, işğaldan azad olunmuş ərazilərdə böyük həcmli hidroenerji potensialı da mövcuddur. Düşməndən təmizlənən torpaqlarda 11 kiçik su elektrik stansiyasının bərpası istiqamətində işlərin həyata keçirilməsi də bunun bariz ifadəsidir. Növbəti illərdə kiçik su elektrik stansiyaları üzrə bərpa və yenidənqurma işləri davam etdiriləcək. Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində küləyin illik orta sürətinin saniyədə 7-8 metrdən yuxarı geniş ərazilər mövcuddur. Həmin potensialdan istifadə istiqamətində də şirkətlərlə danışıqlar aparılır.