Qarabağdan Zəngəzur dəhlizi ilə Avropaya…

post-img

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, işğaldan azad edilən ərazilərdə enerjinin nəqli prosesi artıq yekunlaşdırılıb, paylayıcı infrastrukturlar bərpa olunub.

Düşməndən təmizlənən torpaqlar­da alternativ enerji mənbələrindən əldə olunan elektrik enerjisinin gələcəkdə Avropaya nəqli üçün hər hansı bir tex­niki problem qalmayıb. İşğaldan azad edilən ərazilər tam şəkildə Azərbaycan Respublikasının enerji sisteminə inteq­rasiya olunub. Bu baxımdan ixrac üçün heç bir texniki çətinlik nəzərə çarpmır. Qarabağ və Şərqi Zəngəzurda böyük alternativ enerji potensialı mövcuddur. Xüsusilə də hidro potensial çox zən­gindir, eyni zamanda, günəş və külək ehtiyatı təxminən 10 geqavat həcmində qiymətləndirilir. Artıq BP ilə çox böyük sənaye miqyaslı 240 meqavatlıq günəş elektrik stansiyasının tikintisi ilə bağlı sahə fəaliyyətlərinə başlanılıb. Hazırda ərazidə geoloji, geotexniki tədqiqatlar aparılır.

Cəbrayılda artıq 330 kilovoltuq stan­siyanın təməli qoyulub və bu infrastruk­turun may ayında yekunlaşması nəzər­də tutulur. Həmin stansiya vasitəsilə işğaldan azad edilən ərazilərdə istehsal olunan elektrik enerjisinin Zəngəzur dəhlizindən keçməklə Naxçıvana, ora­dan Türkiyəyə, qardaş ölkədən isə Av­ropa istiqamətində ixracı mümkündür. Hazırda bu marşrut nəzərdən keçirilir və onun reallaşacağına böyük əminlik var. 

Mütəxəssislər tərəfindən Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin reallaşdırılması istiqamətində də fəal işə başlanıldığı bildirilir. Azərbaycanın bu kabellə elektrik enerjisi nəqli, sadə­cə, Rumıniya və Macarıstanla yekun­laşmayacaq, gələcəkdə digər Avropa ölkələrinə də elektrik enerjisinin nəqli planlaşdırılır. 

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində strateji dia­loq da artıq başlayıb. Keçən ilin yayında Aİ Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri zamanı Prezident İlham Əliyev ilə birlikdə müqavilə imzalanıb və beləliklə, proses yeni mərhələyə daxil olub. Bundan sonra, dekabrın 17-də 4 ölkə– Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “ya­şıl enerji”nin nəqli sahəsində əməkdaş­lığa dair razılaşma əldə edilib və həmin prosesə start verilib. 

Razılaşmanın ən mühüm cəhətlə­rindən biri odur ki, burada reallaşdırıl­ma mexanizmləri diqqət mərkəzində saxlanılıb. Bunlar iki kollegiyalı orqan­dır –biri rəhbər komitədir ki, onun ilk iclası bu il fevralın 3-də Yaşıl Enerji Məşvərət Şurası tərkibində nazirlərin ilk iclası çərçivəsində gerçəkləşib. Artıq 4 ölkənin nazirlərinin iştirakı ilə həmin format fəaliyyətə başlayıb. Bu forma­ta paralel olaraq işçi qrupun iclası da nəzərdə tutulub. 

İşçi Qrupun ilk iclasında Xəzər də­nizindən Avropaya, Rumıniya və Maca­rıstanadək olan bir sıra ciddi məsələlər müzakirə edilib. İclasda bu prosesin yalnız adıçəkilən ölkələrlə yekunlaşma­yacağı bildirilib. Artıq Avropanın digər dövlətləri də daxil olmaqla geniş təh­lillərə start verilib və prosesin qarşılıqlı əməkdaşlıq çərçivəsində davam etdiril­məsi nəzərdə tutulub. 

Bərpa Olunan Enerji Mənbələri Döv­lət Agentliyinin məlumatında Gürcüsta­nın Rumıniya ilə birlikdə Qara dənizdə həyata keçirdiyi geoloji işlərin Azər­baycan üçün kifayət etmədiyi bildirilir. Məlumatda, eyni zamanda, Gürcüstan tərəfinin Rumıniya ilə birlikdə Dünya Bankının dəstəyi ilə (Qara dəniz) sual­tı elektrik enerjisi kabeli istiqamətində araşdırmalar apardığı da vurğulanır. 

V.BİNYATOĞLU, “Xalq qəzeti”

İqtisadiyyat