Cari ilin 17 mart tarixində Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzində rəhbər şəxslər üçün kiberdiplomatiya təlimi keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşkilatçılığı ilə həyata keçirilib.
Qurumdan XQ-ə verilən məlumata görə, tədbirin açılış mərasimində XRİTDX-nın rəis müavini general-mayor Allahverən İsmayılov, İnkişaf və Diplomatiya İnstitutunun direktoru, millət vəkili Fariz İsmayılzadə, “ICI Buxarest” Universitetinin rəhbəri Dr. Adrian Victor Vevera iştirak etmişdirlər.
Qonaqları salamlayaraq, A. İsmayılov qeyd etmişdir ki, Texnologiyanın sürətli inkişafı, internetin və kibertəhlükəsizlik sahələrinin gündəlik həyatımızda önəminin artdığı bir zamanda diplomatiya sahəsində də yeni bir mərhələ yaranmışdır. Bildirmişdir ki, Tvinninq Mərkəzinin ilk təlimi ölkənin sahə üzrə siyasətinin müəyyənləşdirilməsi üçün Avropa İttifaqı, ABŞ, Çin və s. kimi ölkələrin kiberdiplomatiya sahəsində konseptual yanaşmaları ilə tanışlığa şərait yaradacaqdır.
Təlim Azərbaycanın rəsmi şəxsləri və dövlət qurumlarının kiberdiplomatiya, kibertəhlükəsizlik və rəqəmsal sahədə beynəlxalq əməkdaşlıq bacarıqlarını gücləndirmək məqsədilə həyata keçirilmişdir.
Rəhbər şəxslər üçün təşkil olunan bu təlim iştirakçılara kiberdiplomatiya sahəsində daha geniş bir perspektiv və təcrübə qazandıracaq, onları Azərbaycanın bu sahədəki müvafiq qərarlarını və fəaliyyətini beynəlxalq səviyyədə uğurla tətbiq etməyə imkan yaradacaqdır.
Qeyd edək ki, Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi ötən il Azərbaycanda keçirilmiş Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans çərçivəsində XRİTDX, İnkişaf və Diplomatiya İnstitutu və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu (“ICI Buxarest”) arasında imzalanmış Anlaşma Memorandumu əsasında yaradılmışdır.