Azərbaycan 2025-ci ildə “EaPeReg”ə sədrlik edəcək

post-img

Mayın 22-23-də Rumıniyanın paytaxtı Buxarest şəhərində Şərq Tərəfdaşlığı Ölkələrinin Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) növbəti 23-cü plenar iclası keçirilib.

Plenar iclasda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndələri  iştirak ediblər.

Tədbirdə 15 ölkənin telekommunikasiya üzrə tənzimləyici qurumu, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Avropa Elektron Rabitə Tənzimləyiciləri Qurumu (BEREC) və Avropa Aralıq dənizi Tənzimləyicilər Qrupundan (EMERG) 40-dan çox nümayəndə iştirak edirdi.

İclasda “EaPeReg”in builki sədri Moldova və sədr müavini Rumıniyanın tənzimləyici qurumlarının təmsilçiləri tərəfindən 2024-cü ilin birinci yarısında görülən işlər barədə məlumat verilib. Həmçinin şəbəkənin işçi qrup rəhbərləri tərəfindən görülən fəaliyyətlə bağlı hesabatları dinlənilib. Şəbəkənin İş Planı tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

İclasda, eyni zamanda “EaPeReg”in 2025-ci il üzrə sədrliyi üçün Azərbaycanın namizədliyi irəli sürülüb və bu təşəbbüs iclas iştirakçıları tərəfindən dəstəklənib.

İKTA-nın sədr müavini, sədr vəzifəsini icra edən Nail Mərdanov göstərilən etimada görə iclas iştirakçılarına təşəkkür edərək 2025-ci il ərzində “EaPeReg”in dayanıqlı işinin təmin ediləcəyini bildirib.

Belə ki, şəbəkəyə sədrlik Azərbaycanın telekommunikasiya tənzimləmə institutunun dünya tənzimləyicilər şəbəkəsinə inteqrasiyasını daha da sürətləndirəcək, tənzimləyici mühitin və tənzimləyici mexanizmlərin qurulmasında dünya təcrübəsindən daha yaxından faydalanmağa imkan verəcək.

Daha sonra Agentliyin beynəlxalq əməkdaşlıq üzrə rəsmisi Ravil İsgəndərov çıxış edərək İKTA-nın fəaliyyət istiqamətləri, ölkəmizdə telekommunikasiya sahəsində tənzimləmənin inkişafı, bazar mühitinin formalaşdırılması sahəsində həyata keçirilən işlər və planlar barədə ətraflı məlumat verib.

Tədbirin ikinci günündə İKTA-nın Tənzimləmə departamentinin direktoru Tural Zərbəliyev telekommunikasiya şəbəkələrinin digər infrastruktur obyektlərində yerləşdirilməsi üzrə tənzimləyici çərçivənin  hazırlanması istiqamətində görülən tədbirlər barədə danışıb.

“EaPeReg”in 23-cü plenar iclası çərçivəsində, həmçinin İKTA nümayəndələri Moldova və Rumıniya tənzimləyici qurumlarının rəhbərləri, eləcə də BTİ-nin nümayəndəsi ilə ikitərəfli görüşlər keçiriblər. Görüşlərdə tərəflər arasında təcrübə mübadiləsi və digər istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, “EaPeReg” 2012-ci ildə “Şərq Tərəfdaşlığı” ölkələrinin elektron rabitə tənzimləyiciləri üçün yaradılmış şəbəkədir. Platformada Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna iştirakçı ölkələr olaraq fəaliyyət göstərirlər. Rumıniya, Macarıstan, Çexiya, İrlandiya tənzimləyici qurumlarının rəhbərliyi isə fəal şəkildə şəbəkənin işində iştirak edən ölkələrə dəstək verir.

“EaPeReg”in məqsədi regionda rəqabətqabiliyyətli və innovativ elektron rabitə sektorunun inkişafını təşviq etmək üçün bu ölkələrin elektron rabitə tənzimləyiciləri arasında əməkdaşlığı və ən yaxşı təcrübə mübadiləsini asanlaşdırmaqdır. Şəbəkə tənzimləyicilər üçün spektrin idarə edilməsi, genişzolaqlı rabitənin inkişafı və elektron rabitə sahəsində tənzimləyici çərçivələr kimi məsələlər üzrə məlumat və təcrübə mübadiləsi üçün platforma təqdim edir.

İKT