“YouTube”dan əhəmiyyətli dəyişikliklər gözlənilir

post-img

İstifadəçilər uzun illərdir ki, “YouTube” platformasından maddi qazanc əldə edirlər. Bu istiqamətdə şirkətin çox ciddi qaydaları mövcuddur. Lakin “YouTube” monetizasiya (xidmət hesabına gəlirin əldə edilməsi prosesi) şərtlərində əhəmiyyətli dəyişikliklər etməyi qərara alıb.

İndiyə qədər “YouTube” ortaqlığına daxil olmaq üçün son 1 ildə 1000 abunəçi, 4 min saatlıq video və ya son 3 ayda 10 milyon qısa video baxışı tələb olunurdu. Bu isə, təbii olaraq yeni kanallar üçün çətin həddir. Lakin yeni strategiya ilə abunəçilərin sayı artıq 500, bir ildə ən az 3000 saat video və ya son 3 ayda ən azı üç milyon qısa video izlənməsi lazım 
olacaq. 

Yeni dəyişikliklər ilk olaraq ABŞ, Böyük Britaniya, Kanada, Tayvan və Cənubi Koreyada tətbiq ediləcək. Şirkət bu yolla məzmun istehsalçılarının daha çox səy göstərəcəyini düşünür.

Ə.MƏHƏMMƏDLİ, 
“Xalq qəzeti”

İKT