Sosial Tədqiqatlar Mərkəzi dövlət orqanlarının fəaliyyətini qiymətləndirib

post-img

Sosial Tədqiqatlar Mərkəzi (STM) dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğu öyrənib. 

Dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi üzrə analitik hesabat “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər Planının 4.9-cu yarımbəndinə əsasən hazırlanıb.

STM-dən “Xalq qəzeti”nə verilən məlumata görə, dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə  keyfiyyət və məmunluğun qiymətləndirilməsi məqsədilə müxtəlif alətlərdən istifadə edilib. Qiymətləndirmə zamanı həm kəmiyyət, həm də keyfiyyət üzrə əsaslı tədqiqatlardan istifadə edilib: “Göstərilən dövlət xidmətlərinin sayı 1147, o cümlədən elektron xidmətlərin sayı 567-dir. Tədqiqata başlayarakən Dövlət Xidmətləri Portalında 139 dövlət orqanı (qurumu) üzrə 1005 xidmətin, o cümlədən 501 elektron xidmətin  adı qeyd olunmuşdu. Ölkə üzrə maksimum əhatəliliyin təmin olunması üçün Naxçıvan MR və işğaldan azad edilmiş ərazilər istisna olmaqla bütün regionlar (iqtisadi rayonlar) seçmə çərçivəsinə daxil edilib”. 

Mərkəzdən bildirilib ki, seçmə ümumölkə miqyasında və ayrı-ayrı parametrik göstəricilər üzrə ehtimallar irəli sürməyə imkan verəcək formada dizayn olunub. Ölkənin 14 iqtisadi rayonundan 12-si üzrə, 8-i respublika tabeli şəhər, 40-ı inzibati rayon olmaqla ümumilikdə 48 rayon və şəhərdə klasterlər müəyyən olunub. Məlumat bazasından 37 şəhər, 9 qəsəbə, 42 kənd olmaqla ümumilikdə 88 klaster xüsusi proqram vasitəsilə əhali sayına proporsional qaydada sorğu üçün seçilib.

Sorğulardada 2022-ci ilin birinci yarısı üzrə dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlərdən istifadə etmək üçün müraciət edən 18 yaşından yuxarı respondentlər iştirak edib. Sorğu anketinə 10 əsas, 7 sosio-demoqrafik olmaqla ümumilikdə 17 sual daxil edilib. Sorğunun əsas sualları üzrə orta davametmə müddəti 8 dəqiqə 6 saniyə təşkil edib. Sorğu müasir texniki vasitələrdən və üsullardan istifadə edilməklə “SurveyToGo” proqramı ilə aparılıb.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

İKT