Rusiyadan "ChatGPT"yə rəqib

post-img

 “ChatGPT” hələ sınaq mərhələsində olsa da, imkanları ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb. “OpenAI” şirkəti tərəfindən hazırlanmış bu süni intellekt hər şeyi bilən şəxsi müəllim kimi bir çox suallara təbii cavab verə bilir. "ChatGPT"yə yeni rəqiblərdən biri də Rusiyada hazırlanıb. Belə ki, Rusiyanın ən böyük bankı “Sberbank”, süni intellekt çatbotu “GigaChat” adlı platformanı işə saldığını açıqlayıb.

“Sberbank”dan verilən yazılı açıqlamada şirkətin süni intellekt sahəsində qlobal rəqabətə qatıldığı bildirilib. Platformanın başlanğıcda yalnız özəl dəvətlə istifadə oluna biləcəyi qeyd edilib.

“GigaChat” çatbotu ilə söhbət edə, kod yaza və şəkillər yaratmaq mümkündür. Beynəlxalq rəqiblərindən fərqli olaraq “GigaChat” rus dilində daha “ağıllı” ünsiyyət qura bilir.

Qeyd edək ki, “Sberbank” bank xidmətləri ilə yanaşı, son illərdə xüsusilə texnologiyaya qoyduğu investisiyalarla ön plana çıxıb.

Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”

İKT