Son illərdə ən çox danışılan mövzulardan biri olan süni intellekt texnologiyası televiziya sahəsində də özünü göstərməyə başlayıb. Belə ki, Türkiyədə süni intellekt texnologiyası ilə hazırlanmış robot müxbirdən istifadə edilib. Sosial media hesabı üzərindən yayımlanan verilişdə robot müxbir gündəmlə bağlı ən son məlumatları izləyicilərinə çatdırıb.
Sosial mediada “robotvmedia” kanalında yayımlanan verilişdə “Alexa” adlı robot müxbir həm ölkə daxilində, həm də dünyada baş verən ən son yenilikləri görüntülərlə müşayiət edir. Süni intelektli xəbər aparıcısı son inkişafları və mühüm xəbərləri türkcə izləyicilərinə çatdırır.
“Alexa”, Türkiyədəki seçki gündəmindən tutmuş son dəqiqə hadisələrinə, iqtisadiyyatdan texnologiyaya qədər bir çox kateqoriyada ani xəbərləri paylaşaraq istifadəçilərini məlumatlandırır. “Alexa”nın hər xəbərdə fərqli geyimlər geyinməsi, makiyajını və saç düzümünü dəyişməsi isə diqqət çəkib.
Qeyd edək ki, bu layihə klassik medianı gələcəyin texnologiyası olan süni intellektlə birləşdirməyi hədəfləyir.
Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”