"Huawei"dən bir ilk: "ağıllı saat"da peyk bağlantısı dövrü

post-img

“Huawei” firması ən son "ağıllı saat" modeli olan “Watch 4”ün hazırlıqlarını tamamlayıb. Bununla şirkət bir ilkə imza atıb. Belə ki, “Watch 4” rabitədə inqilab yaradacaq peyk bağlantısına malik ilk "ağıllı saat" olacaq. Xəbəri “cnn.com” saytı verib.

Unikal dizaynı ilə yanaşı, “Huawei Watch 4” ünsiyyət üçün də yeni bir qapı açacaq. "Ağıllı saat"da istifadəçilərə mobil şəbəkədən istifadə etmədən “SMS” göndərməyə imkan verən peyk rabitəsi bağlantısı olacaq. Bu xüsusiyyət daşınan cihazlar dünyasında əhəmiyyətli təkmilləşdirmədir. Məlumata görə, artıq saat üçün ARC (Arch) və MDS (Medusa) kod adları ilə “WiFi” sertifikatı alınıb. 

Həmçinin modeldə dayanıqlılığı artırmaq və köhnəlməsinin qarşını almaq  üçün zirkon materialından istifadə ediləcək. Zirkon materialı gücü və çatlara qarşı müqaviməti ilə tanınır. Poladdan dörd dəfə daha sərt şərtlərə tab gətirə bilir. "Ağıllı saat"ın daha yaxşı batareya ömrünə və təkmilləşdirilmiş fitness izləmə imkanlarına sahib olacağı da gözlənilir.

Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”

İKT