“Google”un zəlzələ xəbərdarlığı

post-img

“Google” tərəfindən hazırlanmış “Android zəlzələ xəbərdarlığı sistemi” 3 milyarddan çox android smartfonlarının əksəriyyətində olan akselerometrlərdən istifadə edərək titrəmələri aşkarlayır və istifadəçilərə xəbərdarlıq göndərir. 


Qeyd edək ki, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra bu sistem ön plana çıxıb. Belə ki, saniyələr belə böyük əhəmiyyət kəsb edən zəlzələdən əvvəl xəbərdarlıq sistemi insanların həyatının xilas olmasında mühüm rol oynaya bilər.


Zəlzələ xəbərdarlıq sistemi ABŞ-ın texnologiya nəhəngi “Google”nin android əməliyyat sistemi ilə işləyən telefonlarda istifadə olunur və bütün istifadəçilərə pulsuz təqdim edilir. Bununla belə, telefonunuzda bu xəbərdarlıq bildirişlərini aktiv etməlisiniz. Həmçinin androidin zəlzələ xəbərdarlığı yalnız Wi-Fi, simsiz internet bağlantısı və ya məlumat bağlantısı aktiv olduqda göndərilir.


Bu sistemlə, akselerometrli android telefonlar tamamilə hərəkətsiz olduqda, zəlzələləri aşkar etdikdən sonra, istifadəçilərə xəbərdarlıq göndərərək mini seysmometrə çevrilə bilir. Sistem zəlzələnin gücündən və intensivliyindən asılı olaraq 4,5 və daha yuxarı zəlzələlər üçün  “Xəbərdar olun!”  və  “Tədbir görün!” kimi iki növ xəbərdarlıq göndərir.  


Onu da əlavə edək ki, erkən zəlzələ xəbərdarlığı almaq istəməyən istifadəçilər cihaz parametrlərində “Zəlzələ xəbərdarlığı” seçimini söndürə bilərlər.


Səadət RZAYEVA, 
“Xalq qəzeti”

İKT