Putin: Rusiya Qərbin gözlədiyindən güclü çıxdı

post-img

Dünən Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciət edərək bildirib ki, ölkə Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyat çərçivəsində qarşıya qoyulmuş vəzifələri addım-addım həll edəcək. Məlumatı “İnterfaks.ru” verib.

 
Donbasda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edən Putin deyib: “Ukraynada 2014-cü ilin dövlət çevrilişindən sonra yaranmış neonasist rejimin hədələrini aradan qaldırmaq, ölkəmizin təhlükəsizliyini təmin etmək üçün xüsusi hərbi əməliyyat keçirmək qərara alındı. Biz qarşımızdakı vəzifələri səliqəli şəkildə, addım-addım həll edəcəyik”.
Prezident deyib ki, Rusiya bu problemin sülh yolu ilə həlli üçün hər şeyi edib: “Bu ağır münaqişəni sülhlə başa çatdırmaq üçün səbrlə danışıqlar apardıq. Ancaq bizim arxamızdan tamam başqa ssenari hazırlandı... Qərb hökumətlərinin Donbasda sülhə nail olunması ilə bağlı vədləri, indi gördüyümüz kimi, yalan çıxdı”.
RF Prezidenti Donbasın müdafiəsi zamanı həlak olanların və əməliyyat iştirakçılarının ailələrinə yardım üçün xüsusi dövlət fondunun yaradılmasını təklif edib: “Onun vəzifəsi xüsusi hərbi əməliyyat veteranlarının və həlak olmuş döyüşçülərin ailələrinə ünvanlı fərdi yardım etmək olacaq”. 
Putin bəyan edib ki, biz yenə də bir yerdəyik, demək, daha da güclüyük: “Bizim torpaqlara sülhün qayıtması, insanlarımızın təhlükəsizliyinin təminatı üçün hər şeyi edəcəyik. Bizim döyüşçülər – qəhrəmanlarımız bu gün məhz bunun üçün, özlərinin əcdadları, uşaqlarımızın və nəvələrimizin gələcəyi, tarixi ədalətin bərpası, xalqımızın birləşməsi üçün vuruşurlar”. 
Rusiya liderinin sözlərinə görə, ölkənin nüvə qüvvələrinin yeni sistemlərlə təminat səviyyəsi hazırda 90 faizdən yuxarıdır: “Qeyd etməliyəm ki, bizim ordumuzun və donanmamızın möhkəmləndirilməsi, Silahlı Qüvvələrimizin cari və perspektiv inkişafı üzrə gələcək addımlarımızın əsasında, şübhəsiz ki, xüsusi əməliyyat zamanı qazanılmış real təcrübə dayanmalıdır. Bu, bizim üçün fövqəladə dərəcədə, demək olar ki, ondan da artıq lazımdır”.
Federal Məclisə müraciətində Putin iqtisadi məsələlərə də toxunaraq qeyd edib ki, Rusiya faktiki olaraq iqtisadi inkişafının yeni mərhələsinə qalxıb, bir çox istiqamətlər üzrə dönüş yaratmaq üçün imkanlar mövcuddur: “Rusiya iqtisadiyyatı və idarəçilik sistemi Qərbin gözlədiyindən daha möhkəm çıxdı... Biz iqtisadi dayanıqlığı və vətəndaşlarımızı qoruya bildik”. 


Paşa ƏMİRCANOV,  
“Xalq qəzeti”

Dünya