Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda ev sahibi Laşa Şavdatuaşviliyə uduzub. Bununla da o, karyerasında ikinci dəfə qitə birinciliyinin gümüş medalına sahib çıxıb.
H.Heydərov qitə çempionatında keçirdiyi görüşlərdə 1/16 finalda Konstantinos Tsaparas (Yunanıstan), 1/8 finalda Dardan Çenan (Kosovo), 1/4 finalda Dayyan Boulemtafes (Fransa), yarımfinalda isə Bilal Çiloğlunu (Türkiyə) məğlub etmişdi.
Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi – Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.
Avropa çempionatı sabah başa çatacaq.
Qabil YUSİFOĞLU
XQ

