Komandamız Avropa çempionatında qalib olub

post-img

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Azərbaycan millisinin çıxışı davam edir.

Dünən sərbəst güləş üzrə yığmamızın 2 pəhləvanı finalda, biri bürünc uğrunda qarşılaşmada qüvvəsini sınayıb. Ağanəzər Novruzov (74 kq) 3-cü yer uğrunda Ramazan Ramazanova (Bolqarıstan) qalib gələrək, millimizə 4-cü bürünc medalı qazandırıb.

Qızıl medal uğrunda Osman Nurmaqomedov (92 kq) Dauren Kuruqliyevə (Yunanıstan) uduzduğu üçün gümüş medalla kifayətlənib.

Təmsilçimiz Giorgi Meşvildişvili (125 kq) finalda gürcüstanlı Solomon Manaşvilini məğlub edərək çempion olub. Sərbəst güləş komandamız ümumi hesabda da bütün ölkələri qabaqlayaraq qalib olub.

Xatırladaq ki, sərbəst güləşçilərimiz Bratislavadakı çempionatın ilk iki günündə 3 bürünc medal qazanıblar. Qitə çempionatı aprelin 13-dək davam edəcək.

L.QURBANOVA
XQ

İdman