Finiş – o dünyanın qapısı
At yarışının çoxəsrlik tarixi çeşidli qələbələrlə zəngin olub. Ancaq onlardan biri – 102 il bundan qabaq həyata gözlərini əbədi yummuş bir insanın finişə hamıdan qabaq çataraq qalib adını qazanması heyrətamiz qələbə kimi yaddaşlara yazılıb. İlk baxışdan belə bir inanılmaz hadisənin necə mümkün olması, üstəlik, çaparın idman prinsipinə, yarışın bütün qaydalarına uyğun olaraq finişə hamıdan tez çataraq qalib gəlməsi mümkünsüz görünür.
Kədərli qələbə
1923-cü il iyunun 4-də Nyu-Yorkun Belmont Park treki ətrafında Sveet Kiss ləqəbli atla yarışa qatılan jokey Frenk Hayes turnirin autsayderlərindən hesab olunurdu. Finiş xəttinə yaxın Sveet Kiss gözlənilməz sıçrayışla önə keçərək, ən yaxın rəqiblərini bir baş qabaqlayıb. Onun dostları, eləcə də münsiflər heyəti və başqaları qalibləri belə bir əla nəticə münasibətilə təbrik etmək üçün atın yanına tələssələr də, gördükləri mənzərə onları dəhşətə gətirib. Jokeyin nəbzi döyünmürdü, o, artıq həyatla vidalaşmışdı.
Sirli ölüm
Həkimlər üçün diaqnoz qoymaq çətin deyildi: Hayes infarkt keçirmişdi. Əsas sual isə bu idi ki, bu, nə vaxt baş verib. Bəlkə, jokey gözlənilməz qələbədən o qədər təsirlənib ki, ürəyi dayanıb. Nəticədə, dolayı sübutlara əsaslanaraq, həkimlər Frenkin hələ yarışda olarkən öldüyünü müəyyən ediblər. Deməli, çox ağıllı və yaxşı təlim keçmiş at kimi tanınan Sveet Kiss, sahibinincəhdi olmadan belə bir yarışı ən yüksək sürətlə 1-ci yerdə tamamlayıb.
Həkimlərin ardınca yarışın təşkilatçıları da öz qərarlarını verməli olublar. Ölü bir adam qalib ola bilərmi? Hakimlər qərara gəliblər ki, bəli, ola bilər. Axı Hayes yarışın qaydalarını pozmayıb və yəhərdə finişi birinci yerdə başa vurub. Qələbə artıq həyatı tərk etmiş jokeyə və Sveet Kissə verilib.
Təntənəli dəfn
Ancaq çox güman ki, belə bir tragik süjetin ortaya çıxmasına səbəb idmançının çəki salması olub. Peşəkar jokey olmayan, əsasən məşqçi kimi çalışan Frenk Hayes qalib gəlməyi o qədər istəyib ki, yarışdan bir gün əvvəl çəkisini 65-dən 59 kiloqrama salaraq, starta, demək olar ki, taqətsiz vəziyyətdə qatılıb. Bununla da yarış zamanı fiziki zəiflik onun üçün ölümcül olub.
Hamıdan üstünlüyünü nümayiş etdirib qalib olan günahsız at yarışdan sonra “Ölümün şirin öpüşü” kimi tanınıb. Amma sahibi onu bir daha yarışa buraxmayıb.
Həm Frenk, həm də Sveet Kiss üçün bu qələbə ilk və sonuncu olub. Bununla belə bir əsr tarixi olan qələbə bu cütlüyü unutmamaq üçün kifayət edib. Jokey 3 gün sonra həyatında qələbə qazandığı parlaq kostyumunda torpağa tapşırılıb.
Leyla QURBANOVA
XQ