“Xocalı – Yaralı ruhlar”

post-img

İçərişəhərdə məşhur fotoqraf Reza Deqatinin “Xocalı – Yaralı ruhlar” adlı sərgisi açılıb. Sərgi ilə yanaşı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən Bakı Fotoqrafiya Evində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib.

Açılışda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Sosial Xidmətlər Agentliyinin sədrinin müşaviri Məftunə İsmayılova, fotoqraf Reza Deqati, “İçərişəhər” Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov çıxış edərək, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda mülki əhaliyə qarşı törədilən soyqırımın təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ağır cinayət olduğunu vurğulayıblar.

Çıxışlar zamanı 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi, şanlı ordumuzun şücaəti və xalqımızın birliyi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə üçrəngli bayrağımızın Qarabağda dalğalanması ilə Xocalıda ilahi ədalətin bərqərar olunduğu vurğulanıb.

Bədii hissədə isə şəhidlərə həsr edilmiş elegiya dinlənilib, eşitmə və nitq məhdudiyyəti olan gənclər tərəfindən jest dilində “O qanlı gecə” şeiri səsləndirilib.

Daha sonra iştirakçılar “Xocalı – Yaralı ruhlar” sərgisi ilə tanış olublar.

Qeyd edək ki, sərgi fevralın 28-dək ziyarətçilər üçün açıq olacaq.

Fidan SALMANOVA
XQ

Sosial həyat