Jurnalist Rəhilə Soltanqızının kreativ layihəsi ilə hazırlanan “Nağıllı maskalar” qutu-kitabı qeyri-adiliyi ilə fərqlənir. Uşaqlar topluda yer alan nağılları sadəcə oxumaqla kifayətlənmir, adlı maskaları seçir və əylənərək bilgilənirlər.
Balaca oxucular obrazları canlandıran maskalar vasitəsilə hekayələrin bir parçasına çevrilirlər. Sadə, anlaşılan dildə yazılmış nağıllar onlara yaxşını pisdən ayırmağı, cəsur və mərd olmağı, təbiəti qorumağı və ona sevgi göstərməyin vacibliyini öyrədir. Beləliklə, nağıllar uşaqların yetkin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Kitabın özəlliyi təkcə bununla bitmir. Qutuya hər bir nağıla uyğun hazırlanmış test tapşırıqları 64 səhifəlik bir kitab şəklində əlavə edilib. Bu tapşırıqlar uşaqların yaddaşını möhkəmləndirir, mövzuları daha yaxşı qavramağa kömək edir. Zəngin söz ehtiyatı sayəsində onların dil bacarıqlarını da inkişaf etdirir. Test tapşırıqları asandan çətinə doğru sıralanıb. Bundan əlavə, test kitabına hər nağıla aid QR kodlar da daxil edilib. Uşaqlar bu kodları scan edərək nağılları video formatında da izləyə bilərlər. Nağılları oxuyub bitirən uşaqların obrazları canlandıran maskaları ip vasitəsilə başlarına taxaraq əyləncəli tamaşaları da təşkil etmək imkanı var.
Maskaların arxa üzü isə uşaqların yaradıcılığını inkişaf etdirmək üçün xüsusi hazırlanıb. Onlar bu şəkilləri tamamlayaraq istədikləri kimi rəngləyə, həm təsəvvür güclərini, həm də bacarıqlarını inkişaf etdirə bilərlər.
Rəhilə Soltanqızının 5–7 yaşlı uşaqlar üçün nəzərdə tutulan “Nağıllı maskalar”ı rus bə ingilis dillərində də çapa hazırlanır.
Ə.ƏLİYEV
XQ