Qar polomuzun Dünya gümüşü

post-img

Azərbaycanın “Land of fire” komandası bugünlərdə İsveçrənin Sankt Moritz şəhərində keçirilən qar polosu üzrə 40-cı Dünya kubokunda böyük uğurla çıxış edib. Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə növbəti dəfə yarışa qatılan yığmamız gümüş medal qazanıb. 

Qürurverici haldır ki, atletlərimiz ənənəvi idman növləri ilə yanaşı, yeni növlərdə də yüksək səviyyədə çıxış edərək, ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edirlər. Onu da qeyd edək ki, ölkəmiz üçün ənənəvi sayılan çövkən müasir polo oyununun bir versiyasıdır. Amma polo oyunundan fərqli olaraq, qar üzərində oynanılan poloda daha böyük, yüngül narıncı topdan istifadə olunur. 

Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Emil Seyidovla görüşüb komandamızın əldə etdiyi nailiyyətlərlə bağlı müsahibə aldıq. Baş katib yarışda komandanın texniki, taktiki cəhətdən yüksək səviyyəli oyunlar nümayiş etdirdiyini bildirdi:

– Komandamız artıq 3-cü dəfə nüfuzlu Dünya Kubokunda iştirak edir. Bu turnir qar üzərində keçirilən dünyanın ən nüfuzlu idman tədbirlərindən biridir. Donmuş St. Moritz gölünün üzərində, xüsusi qar meydançasında təşkil edilən bu yarış, həm yüksək səviyyəli idman mübarizəsi, həm də qış idman atmosferi ilə fərqlənir. Komandanın kapitanı Elçin Camallı başda olmaqla, oyunçularımız bütün yarış boyu peşəkarlıq nümayiş etdirməklə, tamaşaçılara möhtəşəm oyunlar təqdim etdilər. Azərbaycanın bu turnirdə uğurla çıxış etməsi, ölkəmizin polo ənənələrini qoruyub, inkişaf etdirdiyini və beynəlxalq səviyyədə tanıtdığını bir daha təsdiqləyir. 

Yığmamız 2022-ci və 2023-cü illərdə keçirilən yarışlarda ard-arda 2 dəfə çempionluq qazanaraq, Azərbaycanın bu idman növündəki gücünü bir daha nümayiş etdirdi. 

Bu il keçirilən turnirdə isə finala qədər uğurla irəliləyən yığmamız həlledici mərhələdə İsveçrənin güclü “The Kusnacht Practice” komandası ilə qarşılaşdı. Çətin və gərgin keçən mübarizədə poloçularımız yüksək performans göstərsələr də, oyun 4,5:5 hesabı ilə rəqibin xeyrinə başa çatdı.

Emil Seyidov qarüstü polo komandamızdan gələcəkdə daha böyük qələbələr gözlədiklərini dedi:

– Azərbaycan milli yığmasının güclü potensialı var və gələcək yarışlarda daha böyük uğurlara imza atmağa hazırdır. Komandamızın əldə etdiyi təcrübə ilə bu idman növündə yeni nailiyyətlər qazanacağına inanırıq. 

Qeyd edək ki, yarışlar zamanı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonu da fəaliyyət göstərib. İştirakçılar Azərbaycan pavilyonunda Heydər Əliyev Fondunun “Azərbaycan. Təbiətin sehrində” nəşrindəki foto və video­materiallar, eləcə də qədim çövkən oyununa dair müxtəlif sərgilərlə tanış ola bilib.

Pavilyonda Azərbaycanın müxtəlif milli brendləri – milli şirniyyatları təqdim edən “Xurcun”, qədim üzümçülük və şərabçılığın tarixini yaşadan “Meysəri, “MEYVİ”, “I Love Baku”nun məhsulları sərgilənib.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi qonaqlar üçün ölkəmizin görməli yerlərinə virtual səyahət də təşkil edib, “AzerGold” QSC isə qızıl və gümüş sikkələr də nümayiş etdirib.

Leyla QURBANOVA 
XQ

 





İdman