AMADA süni intellekt vasitəsilə antidopinq təhsilinin gələcəyini araşdırır

post-img

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) üzvləri üçün “Antidopinq maarifləndirilməsində süni intellekt: Təhsilin transformasiyası” adlı vebinar keçirib.

Bir saatdan artıq davam edən vebinarın təlimçisi AMADA-nın Elm, tibb və təhsil şöbəsinin müdiri vəzifəsini icra edən Qüdrət Səfərov olub. 

Vebinar iştirakçılarına süni intellekt və onun potensial tətbiqləri, süni intellektə əsaslanan təhsildə mövcud tendensiyalar, gələcək imkanlar, bu sahədə istifadə olunan alətlər və onların səmərəliliyini maksimuma çatdırmaq üçün strategiyalar barədə məlumat verilib. Həmçinin süni intellekti təhsil proqramlarına inteqrasiya edərkən yarana biləcək problemlərin qarşısını almaq üçün üsullar və təhsil məzmunu yaradan süni intellekt vasitələrin əhəmiyyəti diqqətə çatdırılıb.  

Vebinarın sonunda AMADA-nın nümayəndəsi iştirakçıların suallarını cavablandırıb, gələcəkdə birgə əməkdaşlığın antidopinq üzrə maarifləndirmə sahəsində yeni imkanlar açacağına əminliyini ifadə edib. 

Sonda iNADO-nun Proqramlar üzrə meneceri Emi Dayer  vebinarın əhəmiyyətini yüksək qiymətləndirərək, müasir dövrdə süni intellektin həyatımızda oynadığı mühüm rolu və antidopinq sistemində tətbiq olunmasının vacibliyini vurğulayıb. 

Vebinara dünyanın müxtəlif ölkələrindən 60-dək iştirakçı qatılıb.

Leyla QURBANOVA
XQ

İdman