Fantastik oyun, böyük hesab, misilsiz qələbə

post-img

“Qarabağ” “Ludoqorets”i 7-2 hesabı ilə darmadağın etdi 

Ağdamın “Qarabağ” klubunun bir həftə əvvəl doğma meydanda 1:2 hesablı məğlubiyyəti, buna qədər  Avropa futbol turnirlərində Azərbaycanı şərəflə təmsil edən Qurban Qurbanovun komandasının azarkeşlərini də, futbolsevərləri də, elə sadə Azərbaycan vətəndaşlarını da çox pərişan etmişdi. Amma həqiqi “qarabağ”çıların qəlbində cavab matçında ağdamlıların bu məğlubiyyətinin əvəzini çıxacağına inam itməmişdi. Bu  inam və ümidlə də Azərbaycan azarkeşləri avqustun 13-də Bakı vaxtı ilə gecə saat 22:00-da Bolqarıstanın Razqrad şəhərinin “Xyuvefarma Arena” stadionunda baş tutacaq  cavab qarşılaşmasını böyük həyəcanla gözləyirdilər. 

Proqnozlar müxtəlif idi. Amma fanatlar birmənalı olaraq “Qarabağ”ın növbəti mərhələyə adlayacağını və “Ludoqoretsi”i Bakıdakı qələbəsinə peşiman edəcəklərini bildirməkdən, hətta öz aralarında mərcləşməkdən belə çəkinmirdilər. Bir çoxları isə doğma meydan amilini əsas tutaraq “Qarabağ”ın bu istəyi reallaşdırmasının çox çətin olacağını deyir və hətta bunun mümkün olmayacağında israr edirdilər. Ürəklər isə başqa istəkdə idi. 

"Ludoqorets"lə matçda evdə uğursuzluqla üzləşən "Qarabağ" növbəti mərhələyə adlamaq üçün mütləq səfərdə iki top fərqi ilə qalib gəlməli idi. Qurban Qurbanovun yetirmələri bunu yaxşı başa düşdüklərinə görə də baş hakimin start fiti səslənən kimi hücuma başladılar. İlk dəqiqələrdən nümayiş etdirdikləri əzmkarlıq “Qarabağ” komandasına 7-ci dəqiqədə istəyini reallaşdırmaq yolunda  ilk addımı atmaq üçün fürsət verdi. Rəqib komandanın müdafiəçisi Olivier Verdon mərkəz dairənin yaxınlığında komanda yoldaşından aldığı ötürmədən sonra topu ram etməyə fürsət tapmamış “Qarabağ”ın hücumçusu Juninio  özünü yetirərək topu ələ keçirdi və rəqib qapısına doğru şığıdı. Qapıçı ilə təkbətək qalan Juninio inamla sağ küncə zərbə endirdi – 0:1. Bu, sanki “Qarabağ” klubunun bütün komandasına qələbə üçün mübarizəyə böyük ruh verdi. 

Bundan 5 dəqiqə sonra hakim “Qarabağ”ı cəzalandırıb, ev sahiblərinin xeyrinə cərimə zərbəsi təyin etdi.  Rəqibin ən fəal oyunçularından olan Son standart vəziyyətdən cərimə meydançasının sol küncünə hava ötürməsi etdi. Yakub Piotrovski başla topu qapıçı meydançasının mərkəzinə doğru yönəltdi. Kvadvo Dua başla topu qapıya vura bilmədi. Sağ küncə gedən topu  Kevin Medina başla uzaqlaşdırmağa çalışsa da, buna nail ola bilmədi və rəqib oyunçu yenidən başla topa zərbə endirdi. Top dirəyə dəyib yenidən rəqib oyunçu Duanın qarşısına yüksəldi. Amma bu dəfə ­“Ludoqorets”in oyunçusu istədiyinə nail oldu və topu tora göndərdi – 1:1. 

Bundan 10 dəqiqə sonra "Qarabağ"ın qapısına 11 metrlik cərimə zərbəsi təyin olundu. “Qarabağ”ın qapıçısı Fabian ­Buntiç Ruan Sekonun qapıya zərbə endirməsinə mane olmaq istəyərkən yumruğunu rəqibin üzünə vurdu. Hakim həmin anın təkrarına baxdı və sonda 11 metrlik nöqtəni göstərdi. Dua bu nöqtədən də qapıya inamla zərbə endirdi. Qapıçı Buntiç   Duanın dubl etməsinə və onların hesabda 2:1 irəli çıxmasına mane ola bilmədi.  Amma bu hesab “Qarabağ” futbolçularının əzmini qıra bilmədi. 

Oyunun 44-cü dəqiqəsində Abdulla Zubir sol cinahdan cərimə meydançasına daxil oldu və sonra topu cərimə meydançasının mərkəzinə şığıyan Yassin Benziaya ötürdü. Rəqib oyunçu Duarte “Qarabağ”ın hücumçusunun qarşsını almaq istəyərkən Benziaya qarşı kobud oynadı.  Baş hakim “Ludoqorets”in oyunçusunun Benziaya qarşı bu kobud oyununu VAR-a baxmadan belə 11 metrlik cərimə zərbəsi kimi qiymətləndirərək  bu dəfə  razqradlıların qapısına penalti təyin etdi.  Benzia 11 metrlik nöqtəyə yaxınlaşıb inamla qapı tirinin altından sol küncə zərbə endirdi. Qapıçı zərbənin istiqamətini təxmin etsə də, komandasını xilas edə bilmədi – 2:2. 

Lakin bu birinci hissədə vurulan son qol olmadı. Hakim bu hissəyə 6 dəqiqə əlavə etdi. Əlavə vaxtın bitməsinə 1 dəqiqə qalmış – 45+5-ci dəqiqədə Zubir və Bəhlul Mustafazadə sol cinahda əla oyun nümayiş etdirib, rəqibin cərimə meydançasında qarışıqlıq yaratdılar. Bəhlul rəqibin cərimə meydançasının ön xəttindən cərimə meydançasının mərkəzinə ötürmə etdi, Benzia topu cərimə meydançasının mərkəzinə şığıyan  Patrik Andradeyə ötürdü. Andrade də, öz növbəsində, topu əla ram edərək  onu qapıçının sağ istiqamətindən, dirəyin bir neçə santimetrliyindən tora göndərdi – 2:3. 

“Qarabağ” ikinci hissədə oyunu öz xeyrinə başa vurub növbəti mərhələyə vəsiqəni təmin edə bilərdi. Lakin futbolçularımız son məqamda dəqiq oynayıb real vəziyyətləri qola çevirə bilmədilər. Komandamız bir neçə qol vəziyyəti yarada bildi. Belə ki, ­ ­48-ci dəqiqədə “Qarabağ”ın sağ kənar müdafiəçisi Mateus Silva Andradedən əla ötürmə alıb sağ kənardan qapıçı ilə təkbətək çıxdı. Lakin Silvanın vurduğu topu rəqib müdafiəçi sürüşmə fəndi ilə zərərsizləşdirə bildi.  Bundan sonra 78-ci dəqiqədə meydanın sağ tərəfində cərimə meydançasına daxil olan Zubir rəqib müdafiəçi  Duarteni dolaşdırıb qapının uzaq küncünə zərbə vurdu. Lakin qapı çatı “Ludoqorets”i əsas vaxtda məğlubiyyətdən xilas etdi. İkinci hissəyə əlavə edilmiş vaxtın 90+1-ci dəqiqəsində də Benzia dubla yaxın oldu. Lakin bu dəfə qapıçı “Ludoqorets”i xilas etdi. Bu zərbələrdən hər hansı biri qol olsa, çox yəqin “Ludoqorets” doğma meydanda azarkeşləri qarşısında əlavə vaxtda aldığı böyük hesablı acı məğlubiyyətdən  canını qurtarmış olardı. Amma tale və əzmkar “Qarabağ” komandası ona başqa qismət yazdı. 

Əsas vaxtda iki oyunun nəticəsinə görə ümumi hesab bərabər olduğundan matçın taleyi əlavə vaxtda müəyyənləşməli oldu. 93-cü dəqiqədə – ekstrataymın 3-cü dəqiqəsində sol cinahdan cərimə meydançasına daxil olan Zubir iki rəqibi özünə çəkərək bir qədər geriyə, cərimə meydançasına daxil olan Toral Bayramova ötürmə etdi. Toralın güclü zərbəsindən sonra top qapı tirinin altından tora qovuşdu – 2:4. Qapıçı bu zərbənin qarşısını almaqda aciz idi. 

109-cu dəqiqədə komandamız növbəti qolla oyuna nöqtə qoyub qələbəni təmin etməyə yaxın oldu. Lakin bu dəfə kapitanımız Abdulla Zubirdən cərimə meydançasında əla ötürmə alan oyunun əsas qəhrəmanlarından biri Benzianın güclü zərbəsinin qarşısını rəqib müdafiəçi aldı. Bundan 1 dəqiqə keçməmiş – 110-cu dəqiqədə “Ludoqorets” yenidən “Qarabağa” əks-hücum imkanı verdi. Redon Cica komanda yoldaşlarından əla ötürmə alıb sağ cinahdan rəqibin cərimə meydançasına  şığıdı və qapıçı ilə təkbətək qalıb zərbə endirdi. Məsafə qısa olduğundan qapıçı zərbəni dəf etdi. Lakin top yenidən Cicaya düşdü.  Alban oyunçu bu dəfə rəqibə güzəştə getmədi və sağ küncdən  topu tora göndərdi– qooooolll! 2:5.

Bu hesabdan sonra düşünmək olardı ki, “Qarabağ” istədiyinə nail olduğu üçün müdafiəyə keçib qələbə hesabını qoruyacaq. Lakin belə olmadı. Rəqib nə baş verdiyini dərk etməyə macal tapmamış – oyunun 112-ci dəqiqəsində Nəriman Axundzadə meydanın sağ cinahı ilə  sürətlə cərimə meydançasına daxil oldu və bir neçə rəqibi özünə tərəf çəkərək, qapı xəttinin yaxın küncünə şığıyan komanda yoldaşı Patrik Andradeyə ötürmə etdi. Patrik bu hədiyyəni qola çevirməyə bilməzdi və bir toxunuşla  topu qapı tirinin altına göndərdi. ­QOOOLLL – 2:6. Ekran qarşısında “Qarabağ”ın bu fantastik oynunu seyr edən Azərbaycan azarkeşlərinin çılğın hayqırtılarını təsəvvür etməmək olardımı?! Amma bu da son olmadı. Sanki “Qarabağ” komandası öz baş məşqçisi Qurban Qurbanov və azarkeşləri qarşısında ilk oyundakı “günahlarını” yuyurmuşlar kimi dayanmaq istəmir və qol ardınca qol vurmaq istəyirdilər. Komandada yorğunluğun əlamətləri belə görünmürdü. 

Vaxtın bitməsinə 2 dəqiqə qalmış Julio Romao rəqibin cərimə meydançasından xeyli uzaqdan qapının sol küncünə güclü zərbə endirdi. Qapıçı zərbəni qaytarmaq məcburiyyətində qaldı və bu qurtarışdan sonra top Benzianın qarşısına düşdü. Benzia topu ram etmədən güclü zərbə ilə tora göndərdi – 2:7. Matç elə bu hesabla da başa çatdı. “Qarabağ”  “Ludoqorets”i darmadağın etməklə növbəti mərhələyə vəsiqəni təmin edərək bu mübarizədən üzüağ çıxdı. 

İlqar RÜSTƏMOV 
XQ

 









İdman