Meydanlarda hələ ki, “tufan qoparan” matç görmürük
İsveçrə çempiona çıxışı göstərdi
Səmimi etiraf edək ki, hələlik heç bir komanda Avro-2024 turnirində parlaya bilməyib. Lakin bu qonşu ölkələr son illər kulminasiya nöqtəsinə çatan 120 illik rəqabətlərini bərpa etdikdə, çətin ki, hazırkı formanın o qədər də böyük əhəmiyyəti olsun.
Həqiqətən, Avropa çempionatının qrup mərhələsinin oyunları, bir neçə matç istisna olmaqla, çox darıxdırıcı və maraqsız keçdi. 1/8 final mərhələsinin elə ilk oyunları ilə əsl Avropa çempionatı başladı. Pley-offun ilk – İsveçrə–İtaliya və Almaniya – Danimarka oyunları futbol azarkeşlərinə əsl həyəcan yaşatdı. Bu mərhələnin və bütövlükdə çempionatın sürprizi elə ilk oyunda tarixə düşdü. Avro-2024-ə çempion statusunda gələn italiyanlar bu titulu qorumaq əzmi ilə meydana çıxsalar da, gözlənilən “tamaşa”nı oynaya bilmədilər. Nə qrup mərhələsində, nə də 1/8 finalda. Appeninləri çempion edən baş məşqçi Roberto Mançinini əvəz edən Luçano Spaletti İtaliyaya titul qazandırmış heyəti büsbütün dəyişmişdi. “Yaşlıların” bir çoxu artıq bu Avropa çempionatını evdə oturub televiziya ekranlarından izləyirdilər.
Artıq eks-çempionlar adlandıra biləcəyimiz çempionlar da, İtaliya futbolunun fanatları da “Skuadra adzurra”nı ən yaxşı komandalar sırasına daxil etmişdilər. Zarafat deyil, onlar cəmi 3 il əvvəl qızıl medallara sahib olublar. UEFA-nın əmsalları cədvəlində isə İtaliyanın A seriyasının əks-sədası dünyanı dolaşır. Avrokuboklarda uğurla çıxış edən italyanlar son iki mövsümdə ən çox xal toplayan klublar sırasında yer alırlar. Ümumiyyətlə, belə bir illüziya yaranmışdı ki, İtaliya futbolunda hər şey qaydasındadır.
Ancaq İsveçrə ilə matçın 90 dəqiqəsini izləmək kifayət etdi ki, heç də çox şeyin yaxşıya yaxın olmadığı tam aydın olsun. Bu, həqiqətən, utancverici bir mənzərə idi. Əslində onlar qrup mərhələsində də çox sönük bir oyun nümayiş etdirdilər. Amma Luçano Spalettinin komandası möcüzəvi şəkildə pley-offa yüksəldi. İtalyanlar Xorvatiya ilə görüşün əsas vaxtına əlavə edilmiş səkkizinci dəqiqədə müdafiəçi Kalafiorinin çılğın çıxışı ilə xilas oldular. İsveçrə ilə görüşdə isə onları heç nə xilas etmədi.
İndiki İtaliya millisində oyununa baxılası futbolçu yoxdur. Əlbəttə, Donnarumma istisna olmaqla. Gör iş nə yerə çatıb ki, biz ilk növbədə meydanda top qovan oyunçulardan yox, qapıçıdan danışırıq. Səviyyəyə görə olmasa da, heç olmasa nizam-intizam və taktika ilə İtaliya millisi istədiyinə çatmalı idi. Bunlar həmişə “Skuadra adzurra”nın “kozırlar”ı olub, amma bu dəfə onları da görmədik. Əlbəttə, İsveçrə bu turnirin favoriti deyil, lakin italyanlarla müqayisədə Davidin yanında Qoliafa bənzəyirdilər. Murat Yakının yetirmələri meydanda daha sürətli və daha yaxşı təsir bağışladılar.
Əsl futbol azarkeşi kimi İtaliyanın acizliyi məni də üzdü. Uzun müddət idi ki, belə zəif və biabırçı İtaliya komandası görməmişdik. Sözün əsl mənasında, İtaliya futbolu hazırkı Avropa çempionları üçün biabırçılıqdır. Fanatlar dəlicəsinə deyirlər ki, komandanın turnirə gəlməməsi daha yaxşı olardı. Yığma 2022-ci il Dünya çempionatında iştirak etmədi. Amma heç olmasa onun nüfuzuna elə bir zərər gəlmədi. Necə deyərlər, komanda yox idi - təəssürat da olmadı. İndi “futbol dəlisi” olan ölkədə nələrin baş verdiyini təsəvvür etmək belə mümkün deyil. Sadəcə mediada dərc edilən materiallara nəzər yetirmək kifayətdir ki, İtaliya ictimaiyyətinin gərginlik dərəcəsini görəsən. Spalettini və onun komandasını acı məğlubiyyətdən sonra, sözün əsl mənasında tarimar edirlər. Populyar İtaliya qəzetlərinin başlıqlarına diqqət edin: “Tuttosport”: “İtaliyada fəlakət, İsveçrə hökmranlıq edir”, “La Gazzetta dello Sport”: “İtaliya simasını itirir! İsveçrə oynayır və qələbə qazanır”, “La Repubblica”: “Son dövrlərin ən eybəcər yığma komandası”, “Corriere dello Sport”: “İtaliyanın iflası: onlar passiv və sönük idilər”, “Il Fatto Quotidiano”: “İtaliya yığması Spaletti ilə oyunsuz və ürəksiz idi”.
“La Stampa”: “İsveçrə “Adzurri”ni alçaldır, indi İtaliya da Avropa futbolunda sıradan biridir” sərlövhəsi ilə dərc etdyi məqalədə yazır: “Hətta yüksək səslə elan olunmayan bir fəlakətin xronikası: İtaliya məyusedici ilk hissədən və bir qədər adekvat ikinci hissədən sonra haqlı olaraq Avro-2024-dən kənarda qalır. Nəticə məğlubiyyətdir. Xoş təəssürat yaradan və İtaliyanı alçaldan İsveçrə futbolun müasir simasını bizə göstərdi və milli komandaya sahib olmağın nə demək olduğunu izah etdi”. Beləliklə, 2020-ci il Avropa çempionu İtaliyanın futbol hekayəsi biabırçılıqla başa çatır və onlar titulu “təhvil verib” Almaniyanı tərk edirlər. İsveçrə çempiona Avro-2024-dən çıxışı göstərir.
Tufan və bəxtsiz Andersen
Turnirin ev sahibləri Almaniya millisi pley-offda Danimarka ilə qarşılaşdı. Danimarkalılar təhlükəli rəqibdirlər, lakin onlar 2021-ci ilin iddialı və motivasiyalı komandası ilə müqayisədə, 3 il əvvəlki komandalarının solğun kölgəsi kimi görünürdülər. Kasper Yulmannın komandası ruhuna uyğun olaraq, qrup mərhələsində kvartetdəki bütün qonşuları ilə 3 boz heç-heçə oynayıb ikinci yerdən pley-off mərhələsinə yüksəldilər. Bununla almanları öz doğma torpaqlarında qorxutmaq elə də asan məsələ deyildi. Buna baxmayaraq, maraqlı oyun baxımından matçın ilk yarısında daha çox Danimarka millisinin oyunu diqqət çəkdi. Almanların sürətli hücuma keçdiyi ilk on dəqiqədən sonra oyun sabit tempə düşdü. Sonra isə tufan və yağış səbəbindən tamamilə dayandırıldı..!
Artıq bir neçə gün idi ki, Almaniyada hökm sürən yağışlı hava qarşılaşmanın keçirildiyi Dortmund şəhərinə də çatmışdı. Başlayan tufan gözəl görünürdü – leysan yağış, göyün hər tərəfində çaxan şimşək tamaşaçıları qorxutmadı - amma UEFA belə havada matçların keçirilməsinin əleyhinə olduğu üçün oyun 33-cü dəqiqədə dayandırıldı.
Fasilə təxminən 25 dəqiqə davam etdi. Bəlkə də bu, ekranlarda əyləşənlərin arenada iştirak edənlərə həsəd aparmadığı yeganə an idi. Stadionun sudan zəif qorunduğu tam ortada idi. Bu, heç alman dəqiqliyinə bənzəmirdi. Ona görə damın altına girməyən tamaşaçılar təcili olaraq gizlənmək üçün yer axtarmalı oldular.
Tezliklə yağış səngidi və oyun davam etdi. Düzdür, demək olar ki, yarım saatlıq fasilə bütün tempi aşağı saldı – matçda sürətli oyunu ikinci hissəyə qədər gözləmək lazım gəldi. Belə oyunu, həqiqətən, gözləməyə dəyərdi, çünki fasilədən sonra hər şey daha şən keçdi. 48-ci dəqiqədə cərimə meydançasına yol tapan Dane Andersen hesabı açdı. Lakin VAR-ın 2 dəqiqə çəkən yoxlamasından sonra oyundankənar vəziyyət səbəbindən qol ləğv edildi. 51-ci dəqiqədə isə elə həmin Andersen öz qapısına penalti gətirdi. Haverts sol küncə dəqiq zərbə ilə almanları irəli çıxardı.
Bundan sonra alman maşınını dayandırmaq mümkün olmadı. Havertz və “Qarabağ” klubunun qəniminə çevrilmiş Virtz ən gözəl anları boşa verdilər. Haverts görüşün sonunda qol vursa da, bunu ofsayddan etdi. Amma matçın ən yaxşılarından olan gənc ulduz Musiala şansını əldən vermədi və sürətlə cərimə meydançasına daxil olaraq Kasper Şmeyxeli cəzalandırmağı bacardı və turnirin ən gözəl qollarından birini vurdu.
2:0 və tufan - Almaniyanın bu 1/8 finaldan əldə etdiyi hər şey bundan ibarət oldu. Əslində bu qələbə elə də asan olmadı. Danimarkalıların almanları gərginləşdirmədiyini söyləmək doğru olmazdı. Lakin Nagelsmannın komandası ustalıq və böyük əzmkarlıq nümayiş etdirdi. Beləcə, “Bundestim” Avropa çempionu kubokuna daha bir addım yaxınlaşdı.
Cud Bellinqem möcüzəsi
1/8 final oyunlarının keçirildiyi ikinci gün Avro-2024-ün yeni sensasiyası yaşanmağa çox yaxın oldu. Slovakiya millisi İvan Şransın qolu sayəsində bu sensasiyanı qələbəyə bir neçə saniyə qalmış əldən verdi. Amma bu sensasiyanın baş tutmasına İngiltərənin ulduzu Cud Bellinqemin imkan vermədiyini demək daha doğru olardı.
Əsas vaxta əlavə edilmiş 5-ci dəqiqədə Cud Bellinqem inanılmaz aşırma zərbə ilə slovakları çox pərişan edən qol vurdu. Heç-heçədən sonra əlavə 15 dəqiqəlik iki hissəli vaxt isə elə ilk dəqiqədən “şirlərə” işlədi. “Ekstra taym”ın birinci hissəsinin 51-ci saniyəsində Harri Keynin başla vurduğu zərbə İngiltərəyə dramatik qələbə və 1/4 finala vəsiqə qazandırdı. Görünür, Slovakiya Bellinqemin zərbəsindən sonra hələ özünə gələ bilməmişdi. Slovakların qalan 30 dəqiqədə hesabı dəyişmək və sensasiya yaratmaq üçün etdiyi bütün cəhdləri boşa çıxdı.
Bu matç haqqında elə də çox danışmaq istəməzdik. Çünki mütəxəssislər güman edirdilər ki, İngiltərə Slovakiyanı çox asanlıqla keçəcək. Amma bu, heç də asan olmadı və azarkeşlər çox dramatik bir matç seyr etdilər.
İngiltərənın futbol jurnalisti Co Terri həmyerlilərinin oyununu belə qiymətləndirib: “Əslində, bu qələbə qətiyyən təhlilə gəlmir. Yaxşı oynayan, enerjili və nizam-intizamlı Slovakiyanın yanında İngiltərə solğun görünürdü. İngilislərin 1/4 finala yüksəlməsini Bellinqemin məğlub olmamaq kimi sarsılmaz istəyi ilə izah etmək olar. Nəticədə o, sözün əsl mənasında son anda sözünü dedi və sonra Keyn qələbəyə oxşar münasibət göstərdi.
Avropa çempionatında İsveçrədən sonra sensasiya etməyə 2 dəqiqəyə yaxın vaxtı qalan, lakin bunu bacarmayan Slovakiya millisinin şərhçisi Rastislav Qribik isə komandasının oyununa qiymət verərkən deyib: “Rəqibimiz qarşısında heç bir qorxu yox idi. Əksinə - ilk dəqiqədən son dəqiqəyə kimi mübarizlik və komanda oyunu gördük. Slovakiya İngiltərəni məhz bu cür üstələməyə çalışırdı və buna nail oldu. Şransın turnirdəki üçüncü qolu sayəsində slovakiyalılar, Bellinqemin qəfil hesabı bərabərləşdirdiyi vaxta qədər öz arzularının reallaşacağına əmin idilər. Slovakiya özünə gəlməmişdən Keyn daha bir qol vurdu və bizim tarixdə böyük turnirin ilk 1/4 finala çıxmaq arzumuz sona çatdı. Əlavə vaxtda böyük səy göstərməsinə baxmayaraq, Slovakiya Avropa çempionatından gözləniləndən daha çox şey əldə etdi”.
Beləcə, 1/4 finala vəsiqə alan üçüncü yığma komanda da İngiltərə millisi oldu.
Bu matç tarixə belə düşdü:
• İngiltərə 2 dəfə ardıcıl Avropa çempionatının 1/4 finalına çıxır.
• İngiltərə millisinin oynadığı pley-off oyunlarının 10-dan 7-də əlavə vaxta ehtiyac olub.
• Harri Keyn böyük turnirlərin son 7 pley-off matçlarında 7 qol vurub.
• Slovakiya ilə oyun Keynin İngiltərə yığma komandasında 79-cu matçıdır və bu göstəriciyə görə o, Piter Şiltonun milli rekordunu təkrarlayıb.
• Şrans Avropa çempionatlarında Slovakiya millisinin tarixində ən yaxşı qol vuran futbolçudur.
• Slovakiya bu Avro-2024-də oynadığı bütün 4 oyunun hər birində birinci hissədə qol vurub.
İspaniya Gürcüstanı pley-offa çıxmağa peşman etdi
İyunun 30-da saat 23:00-da İspaniya komandası ilə Avro-2024-ün super sensasiyasına imza atan Gürcüstan millisi qarşılaşdı. Qrup mərhələsində qapısında bircə qol belə görməyən ispanlar artıq 18-ci dəqiqədə Gürcüstana 0:1 hesabı ilə uduzurdular. Amma bu qolu gürcülər yox, elə ispanların özləri qapılarına vurdular.
Köln şəhərinin “Rayn-energi” stadionunda keçən matçdan heç kim sensasiya gözləmədiyindən, ispanların bu sürprizi hamını çaşdırdı. Amma bu çaşqınlıq 39-cu dəqiqəyə qədər davam etdi. Gürcüləri, demək olar ki, topsuz qoyan De-la Fuentenin yetirmələri Mamardaşvilinin qapısına aramsız hücumları ilə əsl futbol tamaşası nümayiş etdirirdilər. Amma gürcü qapıçı qapısını qoruduğu “Valensiya” klubundan yaxşı bələd olduğu ispanlara 39-cu dəqiqəyə qədər sevinmək şansı vermədi və bir neçə əla “seyvlər”lə yadda qaldı.
Gürcülər çox motivasiyalı oynasalar da, texniki cəhətdən və ustalıq baxımından onlardan iki baş yuxarı oynayan İspaniya millisi qarşısında dayanmaqda aciz idilər. İspan hücumçular lazım olan qolu vura bilməyəndə, İngiltərənin “Mançester Siti” klubunda oynayan və öz mövqeyində dünyanın ən yaxşılarından biri sayılan yarımmüdafiəçi Rodri meydana çıxdı. “Furiya roho”nun adlı-sanlı ulduzu güclü zərbə ilə topu Mamardaşvilinin qoruduğu qapının sağ küncünə göndərdi. Gürcü qapıçı bu dəfə aciz qaldı.
1:1 hesablı heç-heçə ilə başa çatan ilk hissədən sonra ispanların futbol şousu başladı. Oyunun 51-ci dəqiqəsində “Barselona” klubunun üzvü 16 yaşlı hücumçu Lamin Yamal qapı önünə əla ötürmə etdi. Fabian Ruiz baş zərbəsi ilə ikinci topu gürcülərin qapısına vurdu.
Villi Sanyolun komandasının ən böyük səhvi, bəlkə də hücum futboluna üstünlük vermələrində idi. Bu, ispanlar üçün əla fürsətlər yaradırdı və belə də oldu. Gürcülər George Mikautadzenin və “Napoli” klubunda top qovan Kvartsaxeliyanın qüvvələri ilə ara-sıra kəskin əks-hücumlar həyata keçirməyə çalışırdılar. Bunlardan birinin nəticəsində 75-ci dəqiqədə gürcülər rəqiblər üçün cinahlarını açdılar. Arxadan əla ötürmə alan Niko Uilyams sürətlə rəqibin cərimə meydançasına daxil oldu və qapıçıya heç bir şans vermədən qapı tirinin altına zərbə endirdi. 3:1. Daha 8 dəqiqədən sonra Dani Olmo topu Mamardaşvilinin qapısına vuraraq matçın yekun nəticəsini müəyyənləşdirdi. İspaniya 1/4 finaldadır.
***
İyulun 1-də Avropa çempionatının 1/8 final oyunları Portuqaliya – Sloveniya və Fransa–Belçika matçları ilə azarkeşlərin diqqətində olub. Belə demək mümkünsə, Portuqaliya pley-offa yaxşı əhval-ruhiyyə ilə çıxmamışdı. Komanda seçmə mərhələdə və Avropa çempionatı finallarında 12 oyunluq qələbə seriyasından sonra Gürcüstana məğlub olub. Amma insafən, portuqaliyalılar hələ Gürcüstanla oyundan əvvəl F qrupunda birinci yeri təmin etdiklərindən son turda bir sıra önəmli futbolçulara istirahət vermişdilər.
Onların rəqibi Sloveniya isə turnirdə ilk dəfə pley-off mərhələsinə yüksəlib. Matyaj Kekin yetirmələri Avro-2024-dakı son dörd matçında heç-heçə edərək, hətta İngiltərə ilə ən son oyunda qapını təmiz saxlaya biliblər. Mart ayında Lyublyanada Portuqaliya ilə yoldaşlıq görüşündə 0:2 hesabı ilə uduzan sloveniyalıların baş məşqçisi Kek hələ görüşdən əvvəl demişdi: “Çox çətin qrupdayıq, amma böyük komandamız var. İndi o böyük komanda meydanda Ronaldo və komandası ilə üz-üzə qalmışdı.
Avtoqol Fransanaya qələbə gətirdi
İyulun 1-də Fransa–Belçika matçı nə qədər gərgin keçsə də aydın görünürdü ki, belçikalılar 1/8-ə autsayder kimi yanaşıblar. Baxmayaraq ki, Fransa qrup mərhələsində təkbaşına yalnız 1 qol vurub - o da penaltidən.
Düsseldorfda baş tutan bu görüşün ilk yarısının statistikasına nəzər salsaq, Didye Deşamın komandasının ümumi üstünlüyü aydın görünər: topa sahib olmada fransızlar 41 faizə qarşı 59 faiz, qapıya zərbələrdə 9-1. Bununla belə, “xoruzlar”ın rəqibi rahat buraxdığını söyləmək əsla düz olmazdı - oyun çox sıx və mürəkkəb oldu.
İkinci hissədə daha çox şanslar olsa da, fransızların üzərindəki lənət davam etdi - top sanki sehrlənmiş kimi hədəfə uçmaqdan imtina edirdi. 85-ci dəqiqəyə kimi Deşamın komandası qapıya 18 zərbə endirdi, lakin cəmi bir zərbə dəqiq oldu. Mbappe, Kante, narahat Tçuameni, hətta mərkəz müdafiəçisi Saliba da əllərindən gələni etməyə çalışdılar. Belçikalılar müdafiəyə otursalar da, iki çox təhlükəli əks-hücum qurdular. Lakin Lukakunun qüvvətli zərbəsini müdafiəçi dəf etdi. Sonda isə De Bruyne topu qapının uzaq küncündən tora qovuşdura bilmədi.
Bundan sonra ən qədim futbol qaydası işə düşdü: Fransa millisində Türamın yerinə meydana çıxan Kolo Muani cərimə meydançasında topu qəbul edərək gövdəsi ilə dövrə vurub zərbə endirdi. Zərbə yöndəmsiz idi, lakin Vertongenə dəyərək istiqamətini dəyişdi və qolkiperin sıçrayışının əks istiqamətindən tora qovuşdu. Bir çox matçlarda olduğu kimi, hər iki komandanın ifa etdiyi dişsiz oyundan sonra fransızlar hesabda irəli çıxdılar. Əlavə vaxtla birlikdə qalan cəmi 8 dəqiqədə Deşamın yetirmələri bütün komanda ilə mərkəz xəttinin özlərinə aid hissəsinə çəkilərək, Belçikaya təhlükəli şans yaratmağa imkan vermədilər. Beləcə Fransa 1/4 finala vəsiqəni təmin edən 5-ci komanda oldu.
Səhifəni hazırladı:
İlqar RÜSTƏMOV
XQ